Dünən Bakı Dövlət Universitetinin müəllimi (0503726008) Qismət Yunusoğlunun saytımızda “İtirilmiş torpaqlarımız...” - Ermənilərin 16 kq saxta qızıla aldığı QARAGÖLÜMÜZ” (//modern.az/az/news/229459) məqaləsi dərc olunub.
Yazıya cavab olaraq Laçının mərhum başçısı Muradxan Cabbarovun oğlu Fuad Cabbarov redaksiyamıza məktub ünvanlayıb. Məktubda Modern.az saytının əleyhinə də ciddi ittihamlar səsləndirib.
Redaksiya Fuad Cabbarova bildirir ki, müəllifin əlaqə vasitələri həmin yazının sonunda qeyd edilib. Əgər müəlliflə razılaşmırsa, buyursun, etirazını ona bildirsin.
Bütün bunlara rəğmən, Fuad Cabbarovun yazısnı da olduğu kimi dərc edirik. Haqqımızda ittihamlarına baxmayaraq.
Hörmətli modern.az saytının baş redaktoru və məsul əməkdaşları
Bu gün sizin saytda bir məqalə oxudum – Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlunun yazdıgı
“İtirilmiş torpaqlarımız...” - Ermənilərin 16 kq saxta qızıla aldığı QARAGÖLÜMÜZ” (//modern.az/az/news/229459)
Məqalənin mövzusu və məzmunu sizlərə də bəlli olduğundan təkrarlamayacağam. Mənə çox maraqlı gələn və sual doğuran məsələləri diqqətinizə çatdıracam.
Məqalənin müəllifi SSRİ dövründə respublikaların sərhədlərinin dəyişdirilməsi prosedurunu bilməyə və ona görə də “Fatmanisə xala”nın sözlərinə istinad edib “ciddi” bir “elmi” araşdırma sizə göndərə bilər.
Bu onun hüququdur. Amma siz ən azından bəzi şeyləri bilməyə və ya sual verməyə, aydınlaşdırmağa borclusunuz.
Çünki, modern.az kiminsə facebook səhifəsi yox, xəbər saytıdır və dərc etdiklərinə görə məsuliyyət daşımaq məcburiyyətindədir.
SSRİ dövründə respublikaların sərhədlərinin dəyişdirilməsi prosedurunu siz də bilməyə bilərsiz. Amma az-çox məntiqi olan insan bunun bu qədər sadə həll edilməsinin mümkün olmamasını anlamaladır.
Həmin dövrdə respublikanın sərhəddinin dəyişdirilməsi, bir ərazinin digər respublikaya verilməsi nəinki, rayon Kommunist Partiyasının rəhbərinin, respublikanın yüksək vəzifəli dövlət məmurunun heç respublikanın 1 rəhbər şəxsinin belə səlahiyyətində deyildi.
Ən azından bir jurnalist kimi bilirsiniz ki, bu gün müstəqil Azərbaycan Respublikasında hər hansı rayonun, şəhərin, kəndin adının və ya inzibati ərazisinin dəyişdirilməsi yalnız Milli Məclisin səlahiyyətindədir.
Bunu bildiyiniz halda 70-ci illərdə Azərbaycan Respublikasının ərazisinin bir hissəsinin digər respublikaya rayon rəhbəri tərəfindən verilməsinə necə inanıb tirajlayırsınız? Bu məqalədə kimin kimi nə ilə ittiham etdiyini ittihamın ağırlığının fərqindəsiniz? Yoxsa insanların şərəf və layaqətinə toxunmaq, nüfuzuna ləkə salmaq bu qədərmi bəsitdir və cəzası yoxdur?
Çox rəzilcə bu məqalədə üzərinə böhtan atılan şəxs mənim atam 1962-1980-ci illərdə Laçın Rayon Partiya Komitəsinin I katibi, 1980-1988-ci illərdə Zəngilan Rayon Partiya Komitəsinin I katibi işləmiş və Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-2005-ci illərdə Laçın Rayon İcra Hakimiyyətinin Başçısı işləmiş, Laçınlıların və Zəngilanlıların, eləcədə digər həmvətənlərimizin yaxşı tanıdığı və hər zaman hörmətlə xatırladığı Muradxan Mahmud oğlu Cabbarovdur.
Fəaliyyəti haqqında hamı bilir, yenidən nəisə yazmağa lüzum görmürəm. İşlədiyi dövrlərdə dəfələrlə Heydər Əliyev tərəfindən orden və medallarla təltif edilmiş, Sovetlər dövrünü bir kənəra qoysaq müstəqillik dövründə müstəqil ölkəmizin Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı ordeni ilə təltif edilmiş şəxsdir (səhv etmirəmsə bu ordenlə təltif olunmuş ilk mülki şəxsdir).
1969-cu ildən Azərbaycana rəhbərlik etmiş həmin illərdə ölkədəki bütün proseslərin canlı şahidi olmuş və hər bir rəhbər vəzifəli məmuru yaxından tanıyan Ümummilli Liderin müstəqillik dövründə Azərbaycan Bayrağı ordeni ilə təltif etdiyi şəxs və sizin saytdakı cızmaqaradakı şəxs eyni adamdır. Bir az düşünün, necə səhvə yol verdiyinizi, nəyi tirajladığınızı.
Əgər istənilən bir müəllif yazısında “...Qara göl hövzəsində keçən əsrin 70-ci illərində də əməliyyatlar aparılmışdır, bu dəfə düşmənlərimizlə yanaşı, yerli “düşmənlərimizin” iş birliyi sayəsində.” kimi fikir yer alırsa, bu məlumatı dəqiqləşdirmək sizlərin təkcə vəzifə yox, eyni zamanda peşəkar jurnalist borcunuzdu. Bu, artıq hər-hansı mülahizə yox şəxsə yonəlik konkret ağır ittihamdı və mənəvi məsuliyyətlə yanaşı hüquqi nəticə yaradır. Doğrudursa? Doğrudur. Yanlışdısa? Bu artıq böhtandır, şərdir, qəsdən nufuzun ləkələnməsidir, təhqirdir. Bunu yayımlamadan əvvəl siz müəyyən etməlisininiz.
Dəqiqləşdirmədən bu cür yalan və rəzil yazıları dərc etməklə siz də bu bötana, şərə və s. insana şərəf gətirməyən əmələ ortaq olursunuz. Kiminsə bunun üzərindən susaraq keçəcəyini ümidvaram düşünmürsünüz.
Məqalədəki məsələ ilə bağlı bir şey yazmaq, nəisə təkzib və ya sübut etmək fikrində deyiləm. Çünki, yazılanlar boş və saman çopü qədər dayağı olmayan fikirlərdir. Eyni zamanda, bu məsələ barədə çox yazılıb və məlumat yetərincədir.
Sadəcə, xatırlatmaq istərdim ki, müxtəlif adlar altında və bəhanələrlə Azərbaycan Respublikası ərazisinin rəsmi şəkildə SSRİ tərəfində Ermənistana verilməsi halları məlumdur. Bunları araşdıranlar daha yaxşı bilirlər. Məqalədə qeyd olunan ərazinin verilməsi bildiyim qədər 1968-ci ildə (səhv etmirəmsə, bəlkə də 1967) Zaqafqaziya respublikalarının xəritələrinin yenidən tərtibatı və təsdiqi zamanı baş verib.
Yeni xəritədə Qazax rayonu ərazisinin bir hissəsi, Qubadlı rayonunun Çay zəmi adlanan ərazisi, Zəngilan rayonunun Bartaz dağı ərazisinin bir hissəsi və Laçın rayonunun Qaragöl ərazisinin 1/3 hissəsi yeni xəritədə Ermənistan SSR-nin ərazisi kimi göstərilib.
Lakin sonrakı illərdə ermənilər xəritədə olmasına baxmayaraq bu ərazilərdə tam yerləşə bilməyiblər və ərazilər xüsusən də Qaragöl daha çox azərbaycanlılar tərəfindən istifadə edilib. Buna da səbəb həmin illərdə Heydər Əliyevin qətiyyətli mövqeyi, gördüyü işlər və onun tapşırığı ilə yerlərdə atılan addımlar olmuşdur. Bu işlər barədə çox yaza bilərəm, amma ehtiyac görmürəm çünki sərsəri, cılız bir fikrə qarşılıq çox ciddi məsələdən yazmaq döğru olmaz.
Bunları yazmaqda məqsədim Sizləri bu cür məsələlərdə ciddi davranmağa çağırmaq, və yazının gün ərzində silinməsini təmin etməyinizi tələb etməkdir. Haqqında bohtan yazılan insana da məncə ən azından bir üzür borcunuz var. O isə həyatda olmadığından üzürünüzü mən qəbul edə bilərəm.
Son olaraq yazının müəllifi ilə bağlı bir neçə kəlmə. Birinci Aqrar elmlər üzrə fəlsəfə doktorunun yazılarının çoxunun tarixi mövzuda olması, onun tarix sevdası çox maraqlıdı, ölkədə bu qədər peşəkar tarixçilər olduğu halda.
İkinci, müasir dövrdə bu qədər asan və etibarlı, rəsmi və qəbul edilən mənbələr olduğu halda niyə mənbə kimi Seyid Novruz Seyid İbrahim oğlu, nə deyim, alim adamdı yəqin bir şey bilir? (tələbələrinə yazığım gəldi)
Üçüncü, 1992-1997-ci illərdə Dövlət Torpaq Komitəsində şöbə müdiri, 1997-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində böyük məsləhətçi vəzifəsində çalışmış bir şəxsin sərhədlərin dəyişdirilməsi prosedurundan xəbərsiz olması nə qədər məntə sığandır?
Burada iki variant qalır, ya bu insan tam savadsızdır, ya da yazısı qərəzlidir. Bunu isə düşünürəm. Cavab tapmasam məhkəmədən soruşacağam.
Hörmətlə,
Fuad Muradxan oğlu Cabbarov