Modern.az

“İtirilmiş  torpaqlarımız...” - Ermənilərin 16 kq saxta qızıla aldığı QARAGÖLÜMÜZ

“İtirilmiş  torpaqlarımız...” - Ermənilərin 16 kq saxta qızıla aldığı QARAGÖLÜMÜZ

2 Mart 2020, 12:55

1905-1920-ci illər ərzində silahlı hay kilsə və daşnak tör-töküntülərinin Azərbaycan dövləti ərazisində kökənli müsəlman-türk əhalisinə qarşı həyata keçirdikləri soyqırım-qətliam faciələri həm də əzəli yurd yerlərimizin – Qərbi Azərbaycanın, Naxçıvanın  və  Qarabağın torpaqlarına qarşı işğalçılıq siyasətinin bir tərkib hissəsi olmuşdur. Bu hücumların qarşısının alınmasında yerli könüllü özünümüdafiə qüvvələrinin, Azərbaycan Milli Ordusunun, qeyrətli el və xalq qəhrəmanlarının unudulmaz mübarizələri ilə yanaşı, xalqımız üçün  həm də Osmanlı  Türkiyəsinin Qafqaz cəbhəsinə səfərbər etdiyi Musa Qarabəkir paşanın başçılığı ilə IV  Ordusunun və Nuru paşanın rəhbərlik etdiyi  5-ci Qafqaz İslam Ordusunun xilaskar əsgər-zabit heyətinin döyüş tarixi əziz və unudulmazdır. Tarixin bu səhifələrində Zəngəzur və Qarabağ uğrunda gedən mübarizədə Laçın nahiyəsi ərazisində, Qarabağ dağlıq yaylasının şimal-qərb hissəsində 3000 m-dək  yüksəklikdə yerləşən Qara göl (2670 m) ətrafında, Keçəl dağ və İşıqlı dağ ərazilərində düşmənə qarşı uğurla həyata  keçirilən hərbi əməliyyatlar (o əməliyyatlara rəhbərlikdə  görkəmli sərkərdələr, o dövrdə hərbi nazir müavini, general-leytnant  Əliağa Şıxlinski (1865-1943) və general  Nuru paşa (1890-1949)  yaxından iştirak etmişdir) xüsusi yer tutur, o yerlərdə həmin döyüşlərdə  Şəhid olanların ruhu hələ də narahatdır.


Əzəli yurd ocaqlarımızdan olan, mühüm hərbi-strateji əhəmiyyət daşıyan  (bu yararlılıq 1988-1994-cü illərdə xüsusilə aydın göründü) və başının üstündə həmişə qara buludlar toparlanan həmin Qara göl hövzəsində  keçən əsrin 70-ci illərində də əməliyyatlar aparılmışdır, bu dəfə düşmənlərimizlə yanaşı, yerli “düşmənlərimizin” iş birliyi sayəsində. 

O dövrdə Laçın Rayon Partiya Komitəsinin rəhbərliyi (təbii ki, havadarları ilə yanaşı) Sisiyan rayon başçıları ilə gizli əlaqəyə girərək, Laçın rayonunun inzibati-ərazi vahidliyinə (Minkənd kəndi üzrə) daxil olan Qara gölün və ona bitişik yaylaq ərazilərinin  (15-20 min hektara qədər “Eşşək meydan”, “Kilisəli”, Çalbayır” yaylaqları)  haylar tərəfindən istifadəsi, oraya yol çəkilməsi, göldə balıq yetişdirilməsi  (bu ərazilər hayların məskunlaşdığı  Şəki kəndinə, eləcə də Gorus rayonunun kəndlərinə yaxın idi), işıq xətti çəkilməsi, zəngin obsidian (dəvəgözü) yatağından istifadə edilməsi, ot biçininin aparılması...üçün onlara verilmişdir -  16 kq qızılın qarşılığında.

“Faciə” həm də onda olmuşdur ki, ... həmin qızıllar qəlp çıxmışdır.

 

(Yazının hazırlanmasında  həm də Laçın rayonu, Oğuldərə kənd sakini  Seyid Novruz Seyid İbrahim oğlu Seyidməmmədovun  (1953) məlumatından  istifadə edilib)

                                                    
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Telegram
Hadisələri anında izləyin!
Keçid et