Modern.az

2021-ci il dünyada hansı hadisələrlə yadda qaldı? - FOTOLAR

2021-ci il dünyada hansı hadisələrlə yadda qaldı? - FOTOLAR

Aktual

31 Dekabr 2021, 20:10

2021-ci il artıq başa çatmaq üzrədir. Bu il dünyanın əsas diqqəti pandemiya ilə mübarizəyə yönəlsə də, olduqca vacib hadisələr baş verib.

 

Modern.az bu il dünyada baş verən diqqətəlayiq hadisələrdən bəzilərini təqdim edir:

 

Kapitoli işğal edilir

 

Yanvarın 6-da Donald Trampın tərəfdarları ABŞ-da Kapitolinin qarşısında etiraz aksiyası keçirib və daha sonra aksiya silahlı toqquşmaya çevrilib. Etirazçılar binaya basqın edib. Hadisə ilə bağlı açılan cinayət işi çərçivəsində 200-dən artıq şəxsə ittiham irəli sürülüb, 60-dan artıq həbs olunan var.

 

Bayden hakimiyyətə gəlir

 

2020-ci ilin noyabr ayında ABŞ-da keçirilən prezident seçkilərdə Donald Trampa qalib gələn  Demokrat partiyasının namizədi Co Bayden bu ilin yanvar ayının 20-də and içdi. Bayden “Amerika geri qayıtdı” sloqanı ilə vəzifələrinin icrasına başladı.

 

 

Ermənistanda çevilişə cəhd

 

2020-ci ilin 44 günlük müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanda hakimiyyət böhranı yarandı. Kapitulyasiya aktının imzalanmasından sonra Ermənistanda kütləvi aksiyalar başladı və 2021-ci ildə də aksiyalar davam etdi. Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan 40 zabitlə birlikdə bəyanat yayaraq Paşinyan və hökumətinin istefasını tələb etdi. Bundan sonra Paşinyanın tərəfdarları və əleyhdarları aksiyalar keçirdi. Paşinyan hərbçilərin çağırışını çevrilişə cəhd adlandırdı. İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Paşinyan yenidən qalib gəlsə də, keçmiş hakimiyyət nümayəndələri – Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi siyasi qüvvələr də parlamentdə təmsil olunmağa başladılar.

 

 

Konteyner gəmisi Süveyş kanalını bağlayır

 

Martın 23-də “Ever Given” adlı konteyner gəmisi Süveyş kanalında ilişib qaldı və kanal bağlandı. 400-dən çox gəminin hərəkətinə məhdudiyyət yarandı. Analitiklərin məlumatına görə, dünya iqtisadiyyatına gündəlik 9.6 milyard dollardan çox ziyan dəyib.

 

 

Qırğızıstan və Tacikistan arasında toqquşma

 

Aprelin 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki üzvü olan Qırğızıstan və Tacikistan arasında toqquşma yaşanıb. Yerli sakinklərin su mənbələri uğrunda mübahisəsi iki tərəfin hərbçiləri arasında silahlı gərginliyə səbəb olub. Ümumilikdə 50-dən çoxs şəxs həlak olub. Mayın 1-də tərəflər atəşkəs barədə razılığa gəldilər.

 

 

İsrail və Fələstin arasında toqquşma

 

Mayın 10-da İsrail ordusu ilə Fələstinin HƏMAS hərəkatı arasında toqquşma yaşanıb. HƏMAS Qəzza zolağından İsrail istiqamətində kütləvi raket hücumuna başlayıb. Buna cavab olaraq İsrail ordusu HƏMAS mövqelərinə aviazərbələr endirib. Toqquşmalarda mülki şəxslər də daxil olmaqla ümumilikdə 200-dən çox insan həlak olub. Tərəflər mayın 21-də atəşkəs elan etdilər.

 

 

“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdi

 

Bu ilin mayın 1-dən ABŞ və digər xarici qüvvələrin Əfqanıstandan çıxamağa başlaması ilə “Taliban” hərəkatı hakimiyyəti ələ keçirmək üçün hücum başladı. Avqust ayının 15-də taliblər paytaxt Kabil şəhərini ələ keçirdi və ABŞ tərəfindən dəstəklənən Prezident Əşrəf Qani ölkədən qaçmaq məcburiyyətində qaldı.

 

 

Polşa və Belarus sərhədində miqrant böhranı

 

2021-ci ilin yazından başlayaraq İraq və Suriyadan gələn bir neçə min qaçqın Belarus vasitəsilə Polşaya, dolayısı ilə Avropa İttifaqına daxil olmağa çalışdı. Polşa bəzi hallarda güc tətbiq etdi və bəzi miqrantlar müxtəlif səbəblərdən öldü. Avropa İttifaqı böhrana görə Belarus Prezidenti Aleksandr Lukaşenkonu ittiham edir və sanksiyalarla hədələyir.

 

Saakaşvili vətəninə qayıdır

 

Oktyabrın 1-də Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəyə qeyri-qanuni yollarla daxil olub. Ölkənin güc sturukturları onun yerini aşkar edərək həbs edib və ona qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb. Saakaşvili bir müddət aclıq aksiyası keçirib.

 

 

Sosial şəbəkələr çökür

 

Oktyabrın 4-də “Facebook Inc” şirkətinin sosial media platformaları çökdü. “Facebook”, “Instagram”, “WhatsApp” platformaları 7 saatdan artıq işləmədi.

 

 

“Omicron”

 

Yeni növ koronavirusun (COVID-19) bu il ortaya çıxan “Omicron” ştammı təşvişə səbəb olub. ÜST-nin məlumatına görə, yeni variant noyabrın 9-da ilk dəfə Botsvanada aşkar edilib və daha sonra Afrikanın cənubunda bir neçə ölkəyə yayılıb. Son məlumatlara görə, yeni ştamm 100-ə yaxın ölkədə aşkar edilib və bir neçə ölkə buna görə məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıb.

 

 

Merkel dövrü bağlandı

 

18 ildir Almaniyada kansler vəzifəsini tutuan Angela Merkel sentyabrın 26-da keçirilən parlament seçkilərindən sonra vəzifədən gedəcəyini açıqlamışdı. Dekabrın 8-də Almaniya parlamenti Sosial Demokratlar partiyasının üzvü Olaf Şolsu ölkənin kansleri seçdi və Merkel vəzifəsini tərk etdi.

 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı