Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışı ilə məşğul olan "Ştutqart" MMC-nin rəhbəri, eks deputat Nəriman Əliyevlə bağlı qalmaqal davam edir. Belə ki, Nəriman Əliyevin Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında yerləşən obyektinin ərazində yaşıllıq hissənin məhv edilərək yeni binanın tikintisinin aparılması iddia olunur.
Sabiq deputat barəsində qaldırılan iddianı təkzib etsə də, məsələ artıq dövlət qurumlarının nəzarətindədir.
Şirkətin keçmiş əməkdaşı, hazırda isə ekoloji problemlərlə məşğul olan ekoaktivist Abutalıb Ağayev iddia edir ki, N.Əliyev paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi “10 C” ünvanında yerləşən boş ərazini özəlləşdirərək öz adına rəsmiləşdirib: “Orada ümumi sahəsi 1000 kv.m-dən böyük olan iki mərtəbəli anbar və ofis binası inşa edib. 2020-ci ilin aprel ayında isə ərazidə olan boş sahəni hasara almaqla bu hissədə yerləşən 37 ədəd bir neçə illik, böyük ağacları kəsərək ərazini tikinti aparmaq üçün hazır vəziyyətə gətirib”. A.Ağayev məsələnin ciddi şəkildə araşdırılması və nəzarətdə saxlanılması üçün müvafiq dövlət qurumlarına müraciət edib.
ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə sözügedən məsələ ilə bağlı Xidmət əməkdaşları tərəfindən araşdırma aparıldığını bildirib.
Son məlumatlara görə isə, hazırda iş Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılır və cinayət işi başlanılması gözlənilir.
Saytımızın əməkdaşlarının Google Maps sistemində apardıqları araşdırmalardan məlum oldu ki, sabiq deputata məxsus sözügedən ərazidə həqiqətən ağacların kəsilməsi faktı mövcuddur. Konkret olaraq neçə ağacın kəsildiyini saymaq mümkün olmasa da, xəritələr üzərində aydın şəkildə görünür ki, 2020-ci ilin may ayında ərazidə mövcud olan ağaclar artıq 2021-ci ilin iyun ayında yoxdur.
Təbii ki, daha dəqiq araşdırmaların aparılması üçün dövlət təşkilatlarının imkanları daha genişdir.


