Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərivəsində bu gün MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında iştirak edib.
Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
İclasda çıxış edən Milli Məclisin sədri Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulayıb. Çıxışında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında tədbir iştirakçılarına məlumat verən Milli Məclisin sədri qeyd edib ki, 17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın icmaları və ölkələri ortaq məqsəd ətrafında birləşdirmək bacarığının qəbul olunmasını təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışında vurğuladığı kimi, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə Şərqlə Qərbin qovuşduğu yer olub və belə də qalır”.
Spiker deyib ki, iyun ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti 24-cü iclası keçiriləcək. O, eyni zamanda, MDB PA-nın humanitar əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüslərinin əhəmiyyətini qeyd edib.
Çıxışında, həmçinin MDB PA-nın seçkilərlə bağlı monitorinq fəaliyyətinə toxunan Milli Məclisin sədri qurumun bu fəaliyyətinin institusional təminatında MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun rolunu qeyd edib.
Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, MDB PA bu gün də parlamentlər arasında müntəzəm qarşılıqlı fəaliyyətin effektiv platforması rolunu etimadla davam etdirir. Spiker Assambleya çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün gələcəkdə də birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.