Deputat Sahibə Qafarova Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxış edib.
Modern.az-ın məlumatına görə, deputat bildirib ki, media demokratik inkişafın əsas vasitələrindən biridir və cəmiyyətin formalaşmasında mühüm rola malikdir.
“Eyni zamanda, insan ləyaqətinə hörmət, ayrı-seçkiliyə qarşı mübarizə, kişi və qadınlar arasında real bərabər imkanların təmin olunması üçün xüsusi məsuliyyət daşıyır. İrqçilik, ksenofobiya və digər ayrı-seçkilik halları kimi, cinsi ayrıseçkiliyə də mediada yer olmamalıdır. Kütləvi informasiya vasitələri geniş imkanlara malik olub ictimai rəyin, insanların fikirlərinin formalaşmasında güclü təsirə malikdir. Ona görə də, media bu imkanlarından istifadə edib cinsi stereotiplərin aradan qaldırılmasında, qadınların cəmiyyətdə rolunun artırılmasının təşviq olunmasında üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.
S.Qafarova xüsusilə qeyd edib ki, bu məsələ hazırda bütün beynəlxalq təşkilatların da fəaliyyətində çox önəmli yerə sahib olub, dünya ictimaiyyətinin problemə həssas yanaşmasını ifadə edir.
“BMT-nin Dördüncü Ümumdünya Konfransında medianın qadınların əsas hüquq və azadlıqlarını müdafiə və təbliğ etmək, eləcə də onların inkişafına töhfə vermək perspektivindən potensialı vurğulanıb. 2012-ci ilin dekabrında YUNESKO tərəfindən "Media üçün genderə həssas göstəricilər" (GSIM) dərc olunub.
Ümumiyyətlə, gender bərabərliyi bu gün dünyada çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi qəbul edilir. Demokratik cəmiyyətlərdə gender məsələlərinə xüsusi əhəmiyyət verilməsi heç də təsadüfi deyil. Həqiqi demokratiya qadın və kişilərin cəmiyyətdə bərabər hüquqlu iştirakını tələb edir. Demokratiya və gender bərabərliyi bir-birindən asılıdır və qarşılıqlı şəkildə inkişaf edir.
Mən AŞPA üzvü kimi bu məsələyə AŞPA-nın yanaşmasına toxunacağam. Avropa Şurası tərəfindən qəbul olunmuş bir neçə mühüm sənədi xatırlatmaqla məsələnin təşkilatın fəaliyyətində nə dərəcədə əhəmiyyətli olmasını diqqətə çatdırmaq istəyirəm.
Şübhəsiz, Aropa Şurası Parlament Assambleyası kütləvi informasiya vasitələrinin qadınların səlahiyyətlərinin gücləndirilməsində və gender bərabərliyinin təmin olunmasında oynaya biləcəyi mühüm rolun fərqindədir. Buna çox böyük əhəmiyyət verir və uzun illərdir bu məsələ ilə bağlı işləyir. Avropa Şurası 1988-ci ildə Nazirlər Komitəsinin qəbul etdiyi qadın və kişilərin bərabərliyi haqqında Bəyannaməsi və 2009-cu ildə Nazirlər Komitəsinin qəbul etdiyi gender bərabərliyinin reallaşdırılması haqqında Bəyannaməsi ilə son onilliklər ərzində bu məsələlərə böyük diqqət yetirdiyini göstərib.
Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 25 sentyabr 1984-cu il tarixli Nazirlər Komitəsinin üzv dövlətlərə mediada qadınlar və kişilər arasında bərabərliyə dair (84) 17 saylı tövsiyəsində də medianın gender məsələlərinin həllində mühüm rolu vurğulanır.
Həmçinin media rəhbərliyində və idarəetmə qurumlarında qadınların bərabər nisbətdə təmsil olunmasına stimul verilməsi vurğulanır. Media vasitəsilə yayımlanan söhbət və müzakirələrdə qadınların daha çox iştirakının ruhlandırılması, mediada dövlət orqanları tərəfindən mailiyələşdirilən reklam kampaniyalarında qadınların ləyaqətinin qorunmasının və onların müsbət imicinin sərgilənməsinin, eləcə də qadınlar və kişilər arasında münasibətlərinin tərəfdaşlığa əsaslanan faktiki reallığının heç bir cinsi stereotiplərə əsaslanmadan əks olunmasının vacibliyi qeyd olunur. Məhsul və ya xidmətlərə diqqəti cəlb etmək məqsədilə qadın və kişi bədənlərindən istifadə olunmasının qadağan edilməsinin təmin edilməsi kimi tövsiyələr media-gender məsələlərinin həlli probleminin uğurlu həllini nəzərdə tutur.
Bundan başqa Avropa Şurası Parlament Assambleyasının 2002-ci ildə qəbul etdiyi 1555 saylı tövsiyyə mediada qadınların imici məsələsinə həsr olunub.
2007 -ci ilde "Reklamda qadınların imici" adlı 1799 (2007) saylı tövsiyə və "Reklamda qadınların imici haqqında" 1557(2007) qətnamədə quruma üzv olan ölkələrdə bəhs olunan problemin həlli səviyyəsi, mediada, o cümlədən, media reklamlarında qadın və kişilərin imicinin necə əks olunduğuna dair mühüm məlumatlar əksini tapıb. Sənədlərdə reklamçıların imicləri təqdim edərkən ayrı-seçkiliyə yol verməməyə və qadınlarla kişilərin ləyaqətinə hörmət etməyə çağırış ifadə olunur”.
S.Qafarova xatırladıb ki, 2013-cü ilin iyul ayında Avropa Şurası Nazirlər Komitəsi gender bərabərliyi üzrə tövsiyə sənədi qəbul edib.
“Sənəddə deyilir ki, gender bərabərliyi insan hüquqlarının tam həyata keçirilməsi üçün əvəzolunmaz şərtdir. Avropa İnsan Hüquqları Konvensiyası (ETS No. 5) və onun protokolları ilə verilən hüquqların istifadəsi cinsi mənsubiyyət də daxil olmaqla, heç bir ayrıseçkiliyə yol verilmədən qorunmalıdır. Bu tələb qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadənin heç bir ayrıseçkiliyə yol verilmədən həyata keçirilməsinə zəmanət verən Konvensiyanın (ETS No. 177) 12 saylı Protokolu ilə dəstəklənir. Nazirlər Komitəsinin tövsiyəsində də qeyd olunduğu kimi, qadın və kişilərin bərabər hüquq və imkanlar əsasında qiymətləndirilməsi demokratik idarəetmə, düzgün qərar qəbul etmə üçün zəruri şərtdir. Gender bərabərliyi media da daxil olmaqla ictimai həyatın bütün sahələrində qadın və kişilərin bərabər nüfuza, səlahiyyət və məsuliyyətə, iştirak hüququna malik olması deməkdir. Media gender bərabərliyi istiqamətində struktur dəyişikliyinə həm təkan verə, həm də ona mane ola bilər. Təəssüf ki, tədqiqatlardan da aydın göründüyü kimi, media sahibkarlığında, informasiya istehsalında və jurnalistikada, redaksiyalarda və rəhbər vəzifələrdə qadınlar kifayət qədər təmsil olunmur. Bu qadınların həm kəmiyyət, həm də keyfiyyət baxımından kütləvi informasiya vasitələrinin məzmununda az görünməsində, kütləvi informasiya vasitələrində nadir hallarda qadınların ekspert qismində çıxış etməsində, qadınların fikir və rəylərinin daha az ifadə olunmasında bariz görünür.
Bütün sadalanan bu sənədlərin hər birinin məqsədi ondan ibarətdir ki, demokratik cəmiyyətlərin ən mühüm prinsiplərindən biri olan gender bərabərliyi, kişi və qadınlar arasında real bərabərliyin təmin olunmasında, cinsi istirmarsı düşüncənin qarşısının alınmasında, gender əsaslı diskriminasiya və zorakılığın qarşısının alınmasında bütü ictimai institutların, o cümlədən, medianın imkanları səfərbər olunmalı, praktik addımlar atılmalıdır. Çünki gender bərabərliyi media da daxil olmaqla ictimai həyatın bütün sahələrində qadın və kişilərin bərabər nüfuza, səlahiyyət və məsuliyyətə, iştirak hüququna malik olması deməkdir. Gender bərabərliyinin əldə edilməsi həm də sosial ədalətin əldə edilməsi, demokratik inkişafın ardıcıllığının təmin olunması, həmçinin, ictimai münasibətlərin düzgün əsaslarda qurulması deməkdir.
Yeri gəlmişkən, xatırladım ki, 2010-cu ilin mayında Azərbaycanda Avropa Şurası gender məsələləri üzrə məsul nazirlərin konfransı keçirilib və burada stereotiplərlə mübarizə sahəsində təhsilin və kütləvi informasiya vasitələrinin rolu müzakirə edilib.
Doğrudur, təhlillər göstərir ki, Avropa mətbuatı bu istiqamətdə irəliləyiş əldə edib. Ancaq dəyişikliklər çox yavaş şəkildə baş verir və vəziyyət hələ arzuolunan səviyyədən uzaqdır. Ona görə də bu sahədə daha çox işlər görülməlidir.
Biz Azərbaycan təcrübəsində gender bərabərliyinin, qadınlar üçün real imkanların təmin olunmasının cəmiyyətin inkişaf dinamikasının sürətləndirilməsində nə qədər təsirli olduğunu aydın şəkildə müşahidə edirik. Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Azərbaycanda qadınların hüquqlarının genişləndirilməsi, cəmiyyətdə fəallığının artırılması məsələlərinə daim yüksək diqqət və qayğı göstərilir. Bununla bağlı möhkəm hüquqi baza ilə yanaşı, ciddi siyasi iradə mövcuddur. Mən qürur hissi keçirirəm ki, bu gün hətta bir sıra qabaqcıl ölkələrdə belə qadınlar üçün real imkanların həyata keçirilməsində problemlər olduğu halda Azərbaycan qadınları hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyəti elan olunarkən azadlıq əldə edib.
Hazırda ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını da təmin edir. Qadınların siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada və digər bütün sahələrdə iştirakı nəzərə çarpacaq dərəcədə artıb. Bu istiqamətdə mən Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının işini xüsusi ilə vurğulamaq istəyirəm”.