Modern.az

Münhen görüşündə diqqətçəkən detal - Kremlə hansı mesaj göndərildi...

Münhen görüşündə diqqətçəkən detal - Kremlə hansı mesaj göndərildi...

Aktual

19 Fevral 2023, 14:05

Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra yerli telekanallara açıqlama verən Prezident İlham Əliyev danışıqların yaxşı keçdiyini, Ermənistanın mövqeyində tərəqqi olduğunu bildirib.

 

"Yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil", - dövlət başçısı üçtərəfli görüşü dəyərləndirib.

 

Görüşdən sonra müzakirə olunan əsas məsələlərdən biri Vaşinqtonun vasitəçiliyi ilə bağlıdır. İddia olunur ki, Blinkenin təşəbbüsü ilə Münhendə baş tutan görüş ABŞ-ın Cənubi Qafqaz regionunu Rusiyanın nəzarətindən uzaqlaşdırmaq istəyindən irəli gəlir. 

 

 

Mövzunu Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, hər iki ölkə - Azərbaycan və Ermənistan Qərbin vasitəçiliyinə müsbət yanaşır.

 

O fikirlərini belə əsaslandırıb: "Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi son anda bəlli oldu. Blinkenin komandası görüşü son ana qədər gizli saxlamağa çalışıb. Bu anlaşılandır. Moskva Vaşinqtonun vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır və Azərbaycanla Ermənistan arasında özündən başqa ayrı vasitəçini qəbul etmək istəmir. Buna baxmayaraq, Brüssel və Vaşinqton vasitəçilik təşəbbüslərindən əl çəkmir və bununla Kremlə mesaj göndərirlər ki, Cənubi Qafqaz Rusiyanın arxa baxçası deyil, Qərbin də bu bölgədə maraqları var. Əsas odur ki, İlham Əliyev və Nikol Paşinyan Qərbin vasitəçiliyinə müsbət yanaşırlar. Münhendəki danışıqlarda real nəticə əldə olunmasa da, Brüsellə Vaşinqtonun moderatorluğunu davam etdirməsi Cənubi Qafqaz üçün faydalıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı