Azərbaycanın əsas və əbədi problemlərindən olan işsizlik problemi son vaxtlar cinsi kontekstdə özünəməxsus şəkildə həllini tapmaqdadır. Şübhə edənlər paytaxt küçələrində bir-iki saat hərlənsələr, yanıldıqlarını anlaya bilərlər. Bütün küçələrə, binaların divarlarına, qapı-pəncərələrə, avtobusların şüşələrinə və metro vaqonlarına yapışdırılan saysız-hesabsız iş elanlarında vətəndaşlar “yüksək” əməkhaqqı müqabilində işə dəvət olunurlar. Adamın lap ürəyi açılır. Ki, ölkəmiz günü-gündən necə sürətlə inkişaf edir, hamıya iş yeri tapılır. Di gəl, bu elanlara bir balaca diqqət edəndə adamı təəccüb götürür. Elanların əsas maraqlı məqamı işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur: “Qız tələb olunur!”. Amma bunlar misterə deyiləsi söhbətlər deyil. Nədən danışırdıq, hara gəlib çıxdıq... Deməli, hamı qız axtarır, oğlanları heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə əsas şərt olaraq qoyulduğunu soruşsam da, bu suala düz-əməlli cavab ala bilməmişəm. Bəzi xidmət obyektlərini yenə başa düşmək olar, şorgöz müştəriləri daha yaxşı xidmətlə cəlb etmək istəyirlər. (Amma onu da deyim ki, mağaza və ofislərdə manekenə və ya androidə oxşayan ədəbaz qızlar bir kişi müştəri kimi qətiyyən mənim xoşuma gəlmir. Bunlar ədabazlıqlarından adamı heç heyvan yerinə də qoymurlar).
Təbii ki, qız-gəlinlərin hər cür işdə çalışması yaxşı haldır, amma elə işlər var ki, orada kişilər qadınlardan daha effektli iş görə bilərlər. Amma sən gəl bunu firma-şirkət sahiblərinə başa sal. Onlara desən ki, bütün dünyada işçiləri faydalı iş əmsalına- yəni qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə və nəhayət şirkətə daha çox xeyir verdiyinə görə götürürlər, sənə gülər ki, a bala sən hələ uşaqsan, belə şeylərdən başın çıxmaz. Bir çox elanlarda və işə qəbul zamanı aparılan söhbətlərdə təkcə cinsi tələblər yox, həm də digər anormal şərtlər qoyulur. Yaş, gözəllik və ailə durumu kimi şərtlər bu qəbildəndir. Bütün bu elanları nəzərdən keçirərək tələb olunan kriteriyaları ümumiləşdirməyə cəhd etsək, onda təxminən belə bir nəticə alınar- “Şirkətə (adı əksər hallarda qeyd olunmur-müəllif) ali və ya orta təhsilli, 17-25 yaşlı qızlar tələb olunur. Ölçüləri- 90-60-90, saçları sarı, gözləri mavi və ya yaşıl, boyu 160-180 sm, çəkisi 55-60 kq. Evli olmasa və xarici dil bilsə yaxşı olar. Xaricdə işlə təmin olunması mümkündür. Maraqlananlar filan nömrəyə (adətən mobil nömrə olur) zəng edə bilərlər”. Vəssalam.
Bu tələblərə tam cavab verən qızlar yüksək əməkhaqqı ilə, qismən cavab verənlər isə orta əməkhaqqı ilə iş tapa bilər. Digərləri hətta, “Oksford”un magistraturasını bitirmiş olsalar belə, narahat etməsinlər. Amma işə götürənlərin bir tələb yadlarından çıxıb ki, bu da sağlamlıq haqqında arayışdır. Bir sözlə, bütün bunlardan konkret bir nəticə çıxarmaq olar- bu adamlara işçi, mütəxəssis yox, qız lazımdır.
Bu tendensiya bəzi “mətbuat orqanlarında” da müşahidə olunur. Məsələn, adı özlərindən başqa heç kimə məlum olmayan, ildə 1-2 dəfə 100 tirajla nəşr olunan “reket” qəzetlərin “moşşennik” rəhbərləri qeyd olunan tələblərə cavab verən qızları jurnalist vəsiqəsi ilə təmin edirlər və salırlar ölkənin canına. Rayonların birində idarə rəisi işləyən tanışımın sözlərinə görə, gün ərzində ən azı 5-10 bu cür “jurnalist” qapını döyür və pul dilənir. Pulun istənilmə formaları isə çox müxtəlifdir. Bəziləri həyasızlıqla, bəziləri şantajla, bəziləri naz-qəmzə ilə, bəziləri də xahiş-minnətlə 5-10 manat qopara bilir. Onların əlində tutduqları gurultulu adı olan qəzetin ilk səhifəsində isə dövlət xadimlərinin iri şəkilləri olur.
Bir sıra firma və şirkətlər isə bu cür qızları “arşınmalçı” vəzifəsinə qəbul edir və satılmayan malları əllərinə verərək küçələrə salır. Qapı-qapı düşüb bu malları (adətən bunlar kosmetika, paltar və parça, kiçik ev əşyaları olur) xalqa sırıyan cavan qızların qazancları özlərindən asılıdır. Onlara deyirlər ki, nə qədər çox mal satsan, o qədər də çox qazana bilərsən. Məsələn, 10 manatlıq malı 15 manata satsan 10%-i, yəni manat yarımı sənə çatır. Gündə 50 ədəd mal sat, 75 manat qazan. Bu isə bir il ərzində bir sərvət deməkdir. Bu qədər malı isə təbii ki, sırımaq mümkün deyil. Çünki Azərbaycanda o qədər hərif yoxdur. Firmalar isə işçiləri şirnikləndirmək üçün qəliz texnologiyalar tətbiq edir, hətta bəzi hallarda onlardan daha çox fərqlənən bir-ikisini xarici ölkələrə “treninqlər”ə göndərir. Beləliklə, bu cür qeyri-qanuni işlə məşğul olanlar işlətdikləri əməkdaşlarla əmək müqaviləsi bağlamır və onların hüquqlarını kobud şəkildə pozurlar.
Bundan başqa, belə fəaliyyətlə məşğul olan firmalar külli miqdarda vəsaiti vergidən yayındırmaqla, əslində, dövlət büdcəsindən oğurluq edirlər. Alıcılar isə, sonradan xarab və keyfiyyətsiz çıxan malları zibilliyə atmağa məcbur olurlar. Beləliklə, istehlakçı hüquqları da pozulmuş olur. Təəccüblüdür ki, ortada bu qədər qanun pozuntusu faktları olduğu halda, buna qarşı müvafiq orqanlar tərəfindən heç bir tədbir görülmür. Qadın alveri məsələsinə gəlincə isə, onu demək olar ki, bu, daha geniş söhbətin mövzusudur və bu haqda mətbuatda kifayət qədər yazılar dərc edilib. Amma qeyd olunan sahədə durumu yaxşılaşdıracaq tədbirlər görülməyib. Son vaxtlar bir neçə nəfərin cinayət faktı ilə həbs edilməsinə baxmayaraq “qadın mafiyası” öz işindədir. Qaldı ki, iş elanlarının “qız” tələbinə, bu haqda düşünməyə dəyər. Çünki bu tendensiya bir az da davam etsə, Azərbaycanda kişilərə iş tapmaq ciddi problemə çevriləcək.
Elçin Bayramlı