Modern.az

“Məni oxşarlarımla qarışıq salırlar” - “Metropoliten”in mətbuat katibi ilə MÜSAHİBƏ

“Məni oxşarlarımla qarışıq salırlar” - “Metropoliten”in mətbuat katibi ilə MÜSAHİBƏ

Müsahibə

4 Noyabr 2023, 13:51

Bəxtiyar Məmmədov: “Tənqidə açığam və nəticə çıxarmağı bacarıram”

“Mətbuat katibi mediada hamıya eyni gözlə baxmalıdır”
 

Modern.az saytı mətbuat katiblərilə silsilə müsahibələrə davam edir.

Budəfəki həmsöhbətimiz "Bakı Metropoliteni"nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovdur.

Onunla müsahibəni təqdim edirik:


- Bəxtiyar müəllim, Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmisiniz. İxtisasınızı nəzərə alsaq, belə deyə bilərik ki, rus dili müəllimi işləyə bilərdiniz, amma işləmədiniz. Müəllimliyə həvəsiniz olmadı?
 

- Müəllimlik müqəddəs peşədir. Bu peşəni həmişə belə bilmişəm və sevmişəm. Bu gün də müəllimlərim mənim üçün fətholunmaz zirvədədirlər. Sadəcə olaraq, həmin dövrdə mənim üçün priotitetlər fərqli idi. İstənilən məktəbdə işləyə bilərdim. Eyni zamanda, bir neçə istiqamət üzrə pedaqoji və ya elmi işimi qura bilərdim, yaxud oxuduğum məktəbdə də çalışmağım mümkün idi. Həmin dövrə qədər artıq media ilə belə demək mümkünsə, ünsiyyətdəydim, ilk təcrübələrim də var idi. Dost-tanışla bir yerdə kitabların korrektə və redaktəsində də iştirak edirdim. Bəzi xüsusi materialların araşdırma, təhlil işində də olmuşdum. Yəni media istiqamətinə bir balaca meyilli idim. Bu da nəticə etibarilə 1997-ci ildə, yəni universiteti bitirəndən iki il sonra bir elan əsasında məni mətbuata gətirdi.
 

- Mətbuata idman müxbiri kimi gəlmisiniz. Necə oldu ki, yazmağa idman sahəsindən başladınız?
 

- Mən Ağdaşda dünyaya gəlmişəm. Uşaqlığım Bakı-Ağdaş marşrutu üzrə keçib. Rayondakı küçəmizin yolları kəsişdirən tini vardı. Hər gün axşam saat 6-dan sonra kişilər ora yığışardı. Sovet dövründə məcburi və hərənin özünün istədiyi qəzetə, jurnala abunəliyi olurdu. Qəzeti poçtalyon motosikletlə gətirərdi. Onun səsi uzaqdan da eşidilirdi. Uşaqlar səsi eşidən kimi, həm poçtalyonla görüşmək, həm də kimə nə qəzet verildiyindən xəbərdar olmaq, yaxud kimə məktub, kimə teleqram gəlməsindən xəbər tutmaq üçün küçəyə qaçırdı. Dediyim tində toplaşan kişilərin hərəsi bir peşənin sahibi idi: biri peşə məktəbinin müəllimi, o biri rəngsaz idi, iki-üçü avtomobil təmir edən ustalar idi. Bir sözlə, sadə, ziyalı, fəhlə sinfinə aid qarışıq insanları olan məhəlləmiz var idi. Demək olar hər gün futbol, voleybol oynayardılar. Amma əvvəlcə qəzetlərin müzakirəsi başlanardı. Elə müzakirələr gedirdi ki, 4-5 yaşında uşaq olmağıma baxmayaraq, ilhamlanırdım, o hərfləri mən də başa düşmək istəyirdim. Mənə maraqlı gəlirdi ki, niyə həmişə “Neftçi”dən söhbət açırdılar... Özü də eyni oyuna baxıb, hərəsi az qala qızmar mübahisə həddində bir-birinə etiraz edər, epizodları təsvir edər, bəzən bunu topla təsvir edə-edə nələrisə sübut etməyə çalışardılar. Biri söyürdü, biri tərifləyirdi. Bax, o mühit məndə oxumaq eşqi oyatdı. Məktəbə gedən uşaqlara deyirdim ki, "oxumağı mənə də öyrədin". Bax, belə məktəbə gedənə qədər hərfləri də, oxumağı da öyrəndim. Bəzən rusca da oxumağa çalışırdım. Çünki küçəmizin kişiləri deyirdilər ki, rusca daha yaxşı yazırlar.

İdmana həvəs o küçədə yarandı. Hə, onu da deyim ki, zəhmətkeşlərin tez-tez rayonlararası yarışları olurdu. Məsələn, Şəki ilə Ağdaş voleybolçularının müxtəlif regional turnirlərdə “qırğını” gedirdi. Oyuna baxmağa gələnlərin sayı indiki futbol üzrə ölkə çempionatının bir turuna toplaşan azarkeşlərin cəmindən də çox olurdu. Bir sözlə, məndə uşaqlıqdan idmana meyillik olub. Həm də indi başa düşürəm ki, Sovet uşağının daha nəyə meyilliyi ola bilərdi ki?! İdman mənim həyatımın ayrılmaz tərkib hissəsi idi. Fanatik azarkeş idim. Küçəmizdəki söhbətlər həm də məni universal idmansevər etdi. Olimpiada, futbol və digər bütün yarışlarla bağlı qeydlər apardığım xüsusi dəftərlərim vardı. Yəni həyat özü sanki məni idman jurnalistikasına itələyirdi. 
 

- İdman sahəsindən metropoliten sahəsinə keçidiniz necə baş vermişdi?
 

- Mən metroda 2009-cu ildən çalışmağa başlamışam. Həmin vaxt “Metro” qəzeti çıxırdı. Qəzetin redaktoru Əli Fərəcovun tövsiyəsi ilə işə götürüldüm. Bir il müxbir, daha sonra redaktorun müavini oldum. 2014-cü ildən, yəni "Bakı Metropoliteni" QSC yaranandan sonra Mətbuat xidmətinin statusu və gördüyü işlərin həcmi artdı. Bu səbəbdən 2016-cı ildə Mətbuat xidmətində rəis müavini oldum. 2018-ci ildə Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz yolunu başqa istiqamətdə davam etdirmək istədi. Bildiyim qədərilə rəhbərlik daxildən kiminsə namizədliyini müəyyən etmək istəyib. Belə olduqda haqqımda müsbət rəylərin əksəriyyət təşkil etməsi, yekunda və ən əsası, QSC sədri Zaur Hüseynovun son sözü ilə sınaq müddətinə şöbə rəisi təyin olundum.
 



- 2018-ci ildən "Bakı Metropoliteni"ndə mətbuat katibi vəzifəsində çalışırsınız. Bu vəzifədə işləmək çətin deyil ki?



- Metroya gəlməyim məni idman kimi zəngin sahədən, tamamilə başqa mühitə, sanki yeni bir ümmana atdı. Uşaqlığım da idman aşiqləri mühitində keçib deyə, o sahə mənim üçün əzbər idi. İdmanın istər analitik, istərsə də xəbər tərəfində mənə qaranlıq heç nə yox idi. Lakin mənim istehsalat təcrübəm orta məktəbdəki, əmək kabinetinin dəzgahları, yaxud son siniflərdə ictimai faydalı istehsal əməyi adlı dərsin zavod sınaqları ilə qurtarırdı. Birdən-birə gəlib demək olar ki, ölkə iqtisadiyyatının, sənayesinin bütün sahələrinin olduğu bir yerə düşdüm. Amma içində araşdırma meyilliyi olan hər kəs bu mürəkkəb və şaxəli sahədə mütləq uğur qazana bilər.

2009-cu ildə metro sahəsinə gələndə, bu ümmanda ya üzməli, ya da da boğulub tərk etməli oldğumu çox tez anladım. Uşqalığım elə keçib ki, “insan üçün fəth olunmayacaq zirvə yoxdur” həqiqətinə hər addımda inanmışam. Həyat prinsipim belədir: insandan güclü heç nə yoxdur, onun aşıb keçməyəcəyi məqsəd, hədəf də ola bilməz. Bu, mənə haradasa uşaqlıqdan tərbiyə olunmuş, yeridilmiş bir xüsusiyyətdir.

Bir nümunə deyim, metropolitendə Elbrus Muradov adında baş mühəndis vardı. O, Azərbaycan dəmir yolları sahəsində gəlib-getmiş ən böyük mütəxəssislərdən biri idi. Çox nadir adamlardan biriydi ki, metronun istənilən mürəkkəb sahəsinə onunla rahat gedirdim. Çünki verdiyim sualların adekvat cavabını alır, ya da "bu sualın cavabını bir yerdə araşdırarıq" cavabını eşidirdim. Təsəvvür edirsinizmi, metro o qədər mürəkkəb bir sahədir ki, ölkə dəmiryolunda bu sahədə hər bir şeyi bilən insan belə metropolitendə hər gün bir dərs, qazanc olduğunu deyərdi. Elə o vaxtdan anladım ki, metronun cümləsi olmur, burada “bitmiş bir fikri ifadə edən” yoxdur. Deməli, ölənə qədər hər şeyi öyrənmək uğrunda çarpışmalısan və mən də "mən bu sahəni bilirəm" deyə bilməyəcəm. Amma bu ifadə üçün mübarizəmi aparıram. Xarakterim, həyat fəlsəfəm belədir.


- Bütün mətbuat katiblərinin işini birmənalı qiymətləndirmək mümkün deyil. Siz jurnalistlərə xəbəri hansı qaydada hazırlayıb verirsiniz?


- Metronun mürəkkəbliyinin ən mühüm cəhəti bilirsiniz nədir: bir-birinin bənzəri olsa belə, iki hadisənin eynilik təşkil etməməsi. Metroda bir-birini təkrarlayan iki hadisə yoxdur ki, onun vahid xəbər, ya məlumat formulu olsun. Baş vermiş nasazlıq, yaxud hər hansı hadisənin səbəbində, kökündə tamamilə fərqli xüsusiyyətlər durur. Onun bütün xüsusiyyətlərini həmin dəqiqədə öyrənməlisən. Məsələn, qatarda nasazlıq varsa, məlumatı dispetçerdən alıram, daha sonra baş müfəttişdən ilkin səbəbləri soruşuram, ardınca vaqon təsərrüfatı, qatar maşinistlərinin rəhbəri və mütəxəssislərindən hələ də “ilkin” status olan rəyləri alıram. Bəzən təkrar dəqiqləşdirmə də aparıram. Nəhayət, sədr müavini, baş mühəndislə fikir mübadiləsi və ya razılaşdırma mərhələsi gəlir. Ən nəhayət, sədrə məruzə edərək, onunla yekun qərarı elan edirəm. İndi təsəvvür edin ki, informasiyanın müasir sürəti reallıqlarında bütün bunları mütləq ən qısa vaxtda etməlisən ki, problemlər yaşamayasan.
Ən əvvəl, işimə, metroya sevgi, rəhbərindən fəhləsinə qədər kollektivin münasibəti, etimadı çətinlikləri mənə doğmalaşdırır, əridir.
 



- Ümumiyyətlə, mətbuat katibi hansı keyfiyyətlərə malik olmalı, işlərini necə qurmalıdır ki, jurnalistlər ondan narazı qalmasın?

 

- Ümumiyyətlə, mənim rəhbərlik etdiyim sahə sadəcə, mətbuat katibliyi deyil, eyni zamanda, ictimaiyyətlə əlaqələrdir. Mətbuat onun bir qolu, istiqamətidir. Media ilə əlaqələrdə mənim bəxtim həm də onda gətirib ki, özüm də fəal jurnalistikada olmuşam. Bu səbəbdən də gələn sualların istiqamətini, mahiyyətini, daşıdığı yükü, ən əsası, operativlik həddini qiymətləndirilməkdə problem yaranmır. Media nümayəndələrinin narazı qalmaması üçün fikrimcə, mətbuat katibi mediada tam obyektiv olmalı, hamıya eyni gözlə baxmalıdır. Operativlik və obyektivlik bu işdə mühümdür. Ümuminin kütləviliyini, sorğu və digər məlumatların fərdiliyini ünvanına çatdırmalısan. İşimə media qiymət verməlidir, özümə, işimə qiymət vermək kimi qayğım yoxdur və heç vaxt da olmayıb.

İşimin ən mürəkkəb tərəfi metropolitenin strateji obyekt olmasından qaynaqlanan detallardır. Burada olan məlumatların iki başı ola bilər. Lakin mən onu birmənalı təqdim etməliyəm. Həm də mürəkkəb texniki sahəni, detalları ictimaiyyətə aydın başa düşülən tərzdə verməliyəm. Çünki media və ictimaiyyət metronu bilmək məcburiyyətində deyil, amma mən məlumatı onların, belə desək, həzm edəcəyi dildə, tərzdə vermək məcburiyyətindəyəm. Burada haradasa mediadakı iş təcrübəm sözünü deyir. Açıq deyim, bəzən elə etməlisən ki, suala cavab sual yaratmasın, bəzən elə etməlisən ki, sual yaratsın. Bilirsiniz niyə, çünki bu gün medianın ən böyük problemi ixtisaslaşmanın olmamasıdır. Deməli, zaman dəyişdiyindən format da dəyişir: günün reallığı budur ki, media nümayəndəsi hansısa bir sahəni bilmək məcburiyyətində deyil. Amma mən ona hər şeyi səbr və təmkinlə izah etmək, başa salmaq məcburiyyətindəyəm. Çünki o mənim sözümün ictimai carçısıdır və geniş auditoriyaya təqdimatçısıdır. Hərçənd jurnalist sahəni bilməyəndə, ondan bir addım öndə olursan. Mən isə bərabər söhbəti xoşlayıram, heç vaxt da kəsərli sualdan çəkinmirəm. Bu səbəbdən ixtisaslaşmış jurnalist həmkarım qarşıma çıxanda, məni dalana dirəməyə çalışanda, həzz alıram.
 

- Necə düşünürsünüz, jurnalistlər sizdən razıdır?
 

- Heç vaxt bu suala cavab vermərəm. Elə məsələlər var ki, mənim üçün tabudur: nə rəy verir, nə də fikir bildirirəm. Xahiş edirəm bunu media nümayəndələrindən soruşun. Mən fəaliyyətimdə hər hansı çatışmazlıqla, nöqsanla, yaxud gördüyüm işin daha səmərəli ola biləcəyi ilə bağlı fikirlərə tam açığam. Haqlı-haqsız, obyektiv-subyektiv, qərəzli-qərəzsiz tənqidə də tam açığam və düşünürəm ki, tənqiddən nəticə çıxarmağı bacarıram. Ona görə həmkarlar arasında bunu etsəniz, minnətdar olaram.

Yeri gəlmişkən, çatışmazlıqlarımı əsasən, bilirəm. Bunu da məktəbdə özünütərbiyə sisteminin bir parası kimi mənə yeridiblər. Əslində, bəzən dövrün tələbinə uymağa çalışmıram, tam əksinə, mənasız olduğunu bilsəm belə, dövrə-dövrana da üsyan edə bilərəm. Məsələn kiçik bir nümunə, sosial mediada fəal deyiləm, hərçənd metro reytinq davasında ən öndə gedənlərdən olmağıma imkan verir. Bir qədər mühafizəkar da olduğumdan, hətta informasiyaların paylaşımında belə medianın məndən üstün olmasına çalışıram. Məsələn, istənilən metro xəbərini əvvəlcə mediaya verirəm. Bilirsiniz, birincisi, həmkarlarımın çalışdığı qurumda metro xəbərinin sahibi kimi dəyərli olmasını bununla təmin edirəm, yəni həmkarımın öz redaksiyasında statusu mənə daha vacibdir. İkincisi, onların aid olduğu media orqanının auditoriyası istənilən halda genişdir və məlumat hədəfinə daha tez çatacaq. Bir sözlə, müəssisənin maraqları da informasiyanı daha tez sizə - mediaya verməli olduğumu diktə edir.
 



- Bakı metropoliteni növbəti stansiyanı “Semaşko” xəstəxanası tərəfdə açmağı planlaşdırır. Amma bu xəbər yayılanda ictimaiyyət narazılıq etdi ki, yeni stansiya insanların daha gur axın etdiyi yerdə açılmalıdır. Məsələn, Bayılda, Xırdalanda, Zabrat istiqamətində... Belə olarsa, Bakının mərkəzində nəqliyyat yükü və tıxaclar da azalar...

- Onu deyim ki, bu məsələlərin hər biri ilə razıyam. Ümumiyyətlə, bu gün metropolitenin konsepsiyasında "ictimaiyyət həmişə haqlıdır" prinsipi daha vacib sayılır. Fikir verirsinizsə, biz sərnişinlərlə bağlı baş verən məqamlarda belə ittiham etməyə, bunu bayraq etməyə çalışmırıq. Belə məlumatları mümkün qədər daha yumşaq çatdırırıq. Demirəm, düz, ya səhvdir. Lakin bunun da öz əsaslı səbəbləri var.

Sualınızın iki istiqamətdə cavabı var. Birincini deyim. Nə üçün metro şəhər kənarına çıxa bilmir və yaxud aqlomerasiya prinsipləri inkişaf etmir. Axı, Bakının mərkəzinin problem həll edilmədən, mərkəzin kənara yolu şaxələnmədən qaldırılan məsələlərə çatmaq da mümkün deyil. Təsəvvür edin ki, bütün Abşeron səhər saatlarında Bakının elə də böyük olmayan mərkəzinə tələsir. Axşam isə əksinə, gedir. Metropolitenin 27 stansiyası var, lakin ifrat yüklənmişləri cəmi 6 stansiyadır: “Koroğlu”, “28 May”, “20 Yanvar”, “Elmlər Akdemiası”, son illərdə “Gənclik” və “Nərimanov”. Sanki bütün şəhər bu 6 stansiyada cəmləşib. Demək, şəhərin problemləri yerin altından çox üstündədir. Pandemiya dövrünün avtomobilləşmə sürətini də əlavə edərək, tıxacların daha erkən başlayıb gec bitməsinin yaratdığı mənfi köklü psixoloji ab-havanı da bura əlavə edin. Çox səbəb sadalaya bilərəm. Bu şəraitdə ən vacib məsələ şəhərin sıx tikililər olan mərkəzini metro ilə şəhər kənarlarına calamaq daha vacib məsələdir. Şəxsi fikrimcə, çox vacib olan xətlərin ayrılması ilə yanaşı, dairəvi deyil radial xətlərin çəkilməsinə çox ehtiyac var. Buna əminəm də. Lakin 2011-ci ildə təsdiq olunmuş, araşdırması 2008-2009-cu illərdə aparılmış konseptual inkişaf sxeminin də bu gün üçün şəhərin əsas axın istiqamətlərinə uyğunluğu qüvvədə qalır. Bu plan şəhərin mərkəzində hər 700-1000 metrə bir stansiya deməkdir. Yəni belə bir şəbəkəni qurmağa hələ də imkan var. Bir sözlə, metronun şəhər kənarına, periferiyaya uzadılması deyil, hər birimizin hərəkət rahatlığıdır. Yəni A nöqtəsindən Z nəqtəsinə dolama deyil, ən qısa yol olmalıdır. Bu isə tək metro deyil, hərəkətin nizamlı, inteqrasiyalı təşkilindən asılıdır. Bizdə son illərə qədər hər bir nəqliyyat növü, kobud desək, öz ağlı, öz başı ilə inkişaf edirdi. Artıq şəhərin baş planından tutmuş, sahənin spesik institutlarına qədər əvvəlcə birgə, inteqrasiya olunmuş, qarşılıqlı müzakirəyə meyilli bir mühit formalaşıb. Başqa sözlə, ağız deyəni,qulaq eşitməyə başlayıb. Bu varsa, inanram ki, mərhələ ilə hər şey düzələcək.

Sualınızın ikinci tərəfinə gəlim. Sərnişini o qədər də çox olmayacaq “B-04”ü indi niyə tikirik... Razıyam, bu gün texnologiyalar, metodologiya hətta bir stansiyanı inşasını təxirə salaraq, növbətisinə keçməyə də imkan verir. Lakin bu hələlik Bakı üçün keçərli deyil. Hər qarışın öz əhəmiyyəti var. Bənövşəyi xətti "Avtovağzal"dan başlamaqla şəhər mərkəzinə doğru tikməyə başlamışıq. Üstəlik, o şəhərin bir istiqamətdən ən tıxaclı yolunu mərkəzdən keçməklə, şəhərin sıx yaşayış məkanı olan əks qütbdə olan hissəsinə birbaşa calayır. Onun effektivlyi də 5-ci stansiyadan başlanmalıdır. Elə texniki təchizatında da əsas sistemlərin qurulması yalnız 5 stansiya olduqdan sonra mümkündür. O vaxta qədər effekti qəti hiss etməyəcəksiniz. Çox demirəm, cəmi 3 stansiyanın da - XİN arxasında, Hökumət evinin yanında və “Xətai”yə keçid stansiyalarının mövcudluğunu təsəvvür edin. İndi Sumqayıt, Xırdalan, Masazır, Bakı-Şamaxı yolundan gələnlərin cəmi 10 faizinin bu xətdən istifadə etməyə başladığını düşünün. Görürsünüz, söhbət cəmi 3 stansiyadan gedir.
 

- Yeri gəlmişkən, bəzi tənqidçilər deyirlər ki, “Xocəsən” stansiyasının yeri düzgün seçilməyib. Çünki ordan istifadə edən sərnişin sayı çox azdır…
 

"Xocəsən"ə gəldikdə, əvvəlcədən planlaşdırılan stansiya deyil. Heç konseptual sxemdə də yoxdur. Orada depo mütləq tikilməli idi. Metro prinsiplərinə görə ya hər xəttdə, ya da hər 20 km-dən bir depo olmalıdır. Metronun həyatı, nəfəsi, ürəyi depolara bağlıdır. Lakin depo tikilirsə və tələbat varsa, niyə də oradakı insanlara bu şərait yaradılmasın? Onun sərnişini yoxdur deyənlərə isə sözüm var: Bakı-Şamaxı yolu boyunca kənd, qəsəbə və yaşayış massivlərinin və burada yaşayanların sayına, buradakı müəssisələrə baxın və fikir söyləyin. Əməlli-başlı hab nöqtəsidir. Yeri gəlmişkən, nəqliyyat və yol qovşaqlarında yalnız metro stansiyaları hab rolunu daha yaxşı oynayır.

"Bu gün və ya sabah, ya bir ilə metronun bütün sıxlıq problemi aradan qaldırılacaq?" sualına cavab verən tapa bilməzsiniz. Metronun mövcud texniki imkanları şəraitində bu, mümkün deyil. "Qordi düyünü" isə “28 May” stansiyasıdır. Ya xətləri ayırmaq, ya radial xətlərə üstünlük vermək lazımdır. Lakin ilk növbədə hansının daha səmərəli, qənaətcil olmasına baxmaq lazımdır.


- Mütəxəssislər deyirlər ki, Bakıda tıxacları azaltmağın yeganə çarəsi şəhərətrafı ərazilərə metro xətlərinin çəkilməsidir. Amma bilirik ki, metro tikintisi həm çətin, həm də baha başa gələn prosesdir. Niyə şəhərətrafı ərazilərə yerüstü metro xətti çəkilmir? Axı xaricdə də belə praktika var.
 

- Suala qismən əvvəldə cavab verdim. Məsələ metronun yerüstü, yeraltı olmasından, yaxud onun şəhər kənarına çəkilməsində deyil. İnsanların ictimai nəqliyyata əlçatanlığı, yəni əlinin altında olması, infrastruktur rahatlığı interqasiyasının əlverişli olması vacibdir. Hablar qovşaq rolunu oynamaqla əraziləri bir-birinə makimum yaxınlaşdırmalıdır. Təsəvvür edin ki, bu gün "Avtovağzal"ı bir keçid stansiyası tikib, daha sonra Xırdalana uzatdıq. Oradan gələn sərnişin sıxlığını yerin üstündə azaldacağıqmı? Yoxsa metronun problemlərinə daha birini də əlavə edib ifrat yüklənmiş şəbəkə yaradacağıq... Mən bu yolla hansısa məsələnin həll ediləcəyinə dair bir planı iddia edən ekspert belə tanımıram. Aqlomerasiya yanaşması, yalnız şəhərin nəqliyyat tələbatından sonra tətbiq oluna bilər.

Yerüstü metrostansiyalar da ola bilər, tramvaylar da, dəmiryolu da, ayrıca zolaqlı avtobus da, metrobus da və s. Biz hansısa şəhərin modelini Bakıya köçürüb yapışdırmamalıyıq, biz öz mütəxəssislərimizin, ekspertlərimizin sözü və təcrübəsi ilə əcnəbi nümunələri bir araya gətirib Bakının coğrafi, relyef və s., habelə imkanlarımızı, hətta sərnişin, piyada psixologiyasına qədər hər məsələni nəzərə alıb öz xəritəmizi cızmalıyıq. Əlbəttə, əgər mütəxəssilərimizin sözü bir-birinin boğazından keçsə... Amma bu gün real işlər var, hələ dərinləşəcək də. Bunu demək olar ki, get-gedə intensivləşən dərinləşən görürəm. Sadəcə, nüanslara, detallara keçilməsinə yaxınlaşmalıdır.
 



- Bir müddət əvvəl Metropolitendə qadın maşinistlə bağlı qalmaqal baş verdi və o işdən çıxarıldı. Həmin  hadisədən sonra metroda qadınların maşinist vəzifəsinə götürülməsi davam etdiriləcək, yoxsa bu praktika özünü doğrultmadı?

- Əksinə, birinci qadının maşinist kimi qazandığı uğurlar bu istiqamətdə işləri daha da genişləndirməyə imkan verdi. Bu gün "Bakı Metropoliteni"ndə qadın maşinist var və əminəm davamı olacaq. Artıq yeni kursdada bir iddialı, ən əsası, qoçaq və həvəsli xanım da var. Qadınların bu sahədə uğur qazanması mümkün yox, mütləq həqiqətdir. Sadəcə bir problem var: metropolitendə güzəşt - qadın və ya kişi fərqi yoxdur. Hər maşinist arxasınca 1600 ailə başçısı, yaxud ailə üzvünü daşıyır. Məsuliyyətin erkəyi, dişisi olmur. Maşinistlik şərəfli olduğu qədər də çətindir. Yüzlərlə təlimatı, minlərlə qaydası, prosesi var. Müəyyən mənada iş rejimi maneə sayıla bilər. Lakin sənayeləşmə dövrü qadınların bu çətinlikləri dəf etməsini əsrlərdir sübut edib. Metropoliten maşinistləri işə özü gətirir. Səhər tezdən 4-də evdən çıxmaq qadın üçün çətin görünə bilər. Lakin bu gün hansı işin özünün ağırlığı yoxdur ki?! Əlbəttə, razıyam, bizdə mental olaraq, xanımın ailə ehtiiyacları və qayğıları çox ola bilər. Lakin bunun həlli də artıq sübut olunub. Güzəşt isə metroda olmayacaq. O ki qaldı sualınıza, xanım işdən çıxarılmayıb, maşinistlikdən kənarlaşdırılıb və belə halda digər maşinistlər kimi ona da başqa iş təklif olundu, amma bunu qəbul etmədi. Yeni xanım maşinistin də yanındayıq, mənəvi dəstək olacağıq. Sadəcə, o da qatarı idarə etmək baxımından kişilərdən geri qalmır.
 

- “Bakı Metropoliteni” işçilərinin maaşı yaxın vaxtlarda qaldırıla bilərmi? Məsələn, gələn ilin əvvəlində...
 

- Ümumən bu il “Bakı Metropoliteni” işçilərinin əməkhaqqı bütün ölkədə olduğu kimi 15 faiz artdı. Təbii ki, normativlər, sənədləşmə və s. məsələlərlə bağlı bir qədər zaman alan prosesə çevrildi. Yeri gəlmişkən, dövlət qurumlarında olduğu kimi, bizdə də maaşlar keçən il 20 faiz artırılmışdı. Başqa sözlə, digər qurumlar necə, biz də elə. Metropoliten işçisinin əməyi xüsusiləşdirilmir və qiymətləndirməsi də qanunvericilik, norma və normativlər çərçivəsində aparılır. Amma istənilən halda əmək haqqı baxımından metropoliten daha çox fədakarlıq, qurbanlar, fərdiyyətçilikdən uzaqlıq, həm də cəsarət və əminlik tələb edən sahədir. Bura düşən adam ona bağlanırsa, sözün yaxşı mənasında bir də yerin altından çıxmaq istəmir. Fədəkarlığın olmasa, metroda işləməyəcəksən, ya öyrənib qaçacaqsan, ya rifah deyib yoxa çıxacaqsan, ya da obrazlı desək, yerin altının cazibə qüvvəsi özü səni ayıracaq.


- Mətbuat sahəsində sizin iki oxşarınız var. Hətta deyirlər o qədər oxşayırsınız ki, tanımayanlar sizi qarışıq da sala bilərlər? Oxşarlarınızın jurnalistlər Etibar Cəbrayıloğlu və Əli Əhmədov olduğu bildirilir? Bu bənzətmə ilə razısınız?
 

- Bir də “Səyyah”, yanılmıramsa, Səbuhi Yusifli. Məni onlarla qarışıq salırlar da. Hətta məni görəndə onlardan biri də hesab edirlər. Deyirlər ki, “siz mətbuatda filan yerdə işləmisinizmi?”. Etibar-Bəxtiyar həmqafiyə sözlərdir. Mənə “Etibar” deyə müraciət edənlər də olur indiyə kimi. Metroya təzə işə qəbul olunanda, məni “Etibar” deyə çağıranlar da tez-tez olurdu. Bundan narazı deyiləm. Əksinə, türklər demiş, “ne mutlu bana”. Məmnunam ki, bir-birimizə bənzəyirik. Ruh, mənəviyyata bağlılıq və haradasa xasiyyətlə də, məncə, çox yaxınıq. Yəqin mənim kimi, onlara da mane olmur, əksinə, daha çox kömək edir.
 



- Bizim bilmədyimiz hansısa bacarığınız, ya da hobbiniz var?

 

- Hobbilərim çoxdur. Mətbuat xitmətinin rəis müavini təyin olunana qədər hobbilərim, məşğuliyyətlərim daha çox idi. Hər axşam azacıq kitab oxumağı sevirəm. Təəssüflər olsun ki, dedektiv və son vaxtlar bədii qiraət deyil, elmi-publisistik janrlara meyilliyim artıb. Özü də sahə fərqi olmadan. Məsələn, pandemiya zamanı yeni bir istiqamət də yarandı mənim üçün. Son illərdə ən çox oxuduqlarım sanitariya-gigeyna ilə bağlı elmi-praktiki araşdırmaların da dərinliyini görməyə başladım. Bu qədər zəngin, maraqlı və ağır texniki sahə olacağını düşünməmişdim. Özüm üçün kəşflərim, “Amerikalarım” da var.

Ümumən, ilk baxışdan bəyəndiklərimi daha çox, dönə-dönə oxumağı da sevirəm. Hər gecəm mütailə ilə bitməlidir. Vaxtilə qapıçılarla (uşaqlıqda qapıda dayanmağı xoşladığım üçün), sonra hücumçularla və nəhayət digərləri ilə bağlı albomlar düzəldirdim. Oyun sxemləri, modellər qurmaqla bağlı hobbilərim də vardı. Olimpiadalar dəftərə yazılırdı. İdman peşəyə çevriləndən sonra, ən pis tərəfi o oldu ki, indi də bir idman yarışını azarkeş kimi izləyə bilmirəm. Elə tutaq ki, “Qarabağ”ın son oyunları... Vurulan qola, qələbəyə azarkeş kimi siz baxıb sevindiyiniz halda, mən həmin an qabağımda qələm-dəftər sxemlər cızıram, oyun strukturun çəkib baxıram, zəif yerləri axtarıram. Artıq mən hər kəsin ləzzətini ala bilmirəm. Çünki oyuna peşəkar jurnalist, ya araşdırmaçı kimi baxıram. Yaxşı musiqini də çox dinləyə bilmirəm, düşündürür və düşüncələr yorur məni.
Vaxtilə marka yığmaq da sevimli hobbim idi. O vaxtlar saqqızlardan, qənnadı məmulatlarından xüsusi etiketlər çıxırdı, onları yığmağı da çox xoşlayırdım. Bir ara numizmatika ilə də məşğul olmuşam. İndi daimi olaraq, xüsusi hobbilərim yoxdur. Vaxt qalmır. Xoşum gəlməyən, lap elə zəhləm gedən işi isə dəqiq bilirəm: gündəlik avtomobil sürmək.
 

- Xanımınız hansı sahədə çalışır? Metropolitenlə əlaqəsi var?
 

- Həyat yoldaşımla elə metroda tanış olmuşuq. Mən əvvəl "Metro" qəzetinin redaksiyasındaydım. O da məndən bir müddət sonra ora işə düzəldi. Həyat elə gətirdi ki, anlaşdıq və ailə qurduq. Bu gün də o, metroda, amma başqa sahədə - elektrik təchizatı sahəsində inzibati işlərdə çalışır.
 



- Deyəsən bir övladınız var. Harda təhsil alır, onu gələcəkdə hansı sahədə görmək istəyirsiniz?

 

- Oğlum hələ ali təhsil almır. Onun özünə və cəmiyyətə faydalı olacaq istənilən sahədə çalışmasının mənim üçün heç bir problemi yoxdur. Mən ali təhsil almışam, filan mövqeni tutmuşam deyə, o da bu yolu getməlidir deyə bir şey yoxdur. Həyatını müəyyən edəcək nə iş varsa, mənə qəbuldur. Necə deyərlər, pinəçidən tutmuş, ayaqqabı biznesmeninə qədər, adi işdən ən yüksək mərtəbələrə, elmi dərəcələrə qədər yolu haradırsa, dəstək olacağam. Bizim ailədə hərənin öz yolu, öz peşəsi olub, oxumaq, ya oxumamaqda sərbəst olmuşuq, seçimi də özümüz etmişik. Doğrudur, uşaqlıqda qardaşımı tar, ondan kiçik bacımı kamança sinfinə qoyublar. Zorun, israrın bir faydasını görməyib sərbəst buraxıblar. Mən belə böyümüşəmsə, övladım da belə olacaq. Mənim vəzifəmə nə düşürsə, hamısını etməyə çalışacağam.
 

- Deyirlər şər deməsən xeyir gəlməz, metropolitendən işdən kənarlaşsanız, fəaliyyətinizi hansı sahədə davam etdirərdiniz?
 

- Mənim üçün doğma olan, xasiyyətimə tuş gələn bütün sahələrdə çalışa bilərəm. Hətta yeni sahələrə də meyilli ola bilərəm. Hər gecə mütaliəmin yarım saatı bir-birinə uyğun gəlməyən sahələrdən nəsə oxumaqdır. Yarım, ya bir saatı da qarşıma internetdə çıxan ilk təsadüfi və ya qəfil məlumatla bağlı sahələr üzrə elmi-praktiki ədəbiyyata da həsr edirəm və sonrakı günlər bir az da geniş araşdırıram.

Özümü mətbuatda da bitmiş və doymuş saymıram. Vaxtilə təsviri sənətlə, mədəniyyət və ədəbi redaktə ilə bağlı işlərim yarımçıq qalıb. 20-yə yaxın kitabı başlamışam, yenə yarımçıq qalıb. Bəziləri hələ əsaslı araşdırma tələb edir, bəzilərini sadəcə tamamlamaq lazımdır. Onları bitirib-bitirməyəcəyimdən əmin deyiləm. Kitab yazmaq məqsədim, ya hədəfim deyil və olmayıb da. Məqsədim faydalı işlərlə məşğul olmaqdır. Sadəcə olaraq, vaxt olduqca yazıram, qeydlər aparıram, nəsə cızıram. Biri isə mənim elə bil həyat hekayəmdir.

1987-ci ildə başıma gələn bir hadisə ilə bağlı 1992-ci ildən qeydlərimi aparmışam və məqalə yazmağa başlamışam. O məqaləni bitirmək istəmişəm həmişə. Deməli, orta məktəbdə oxuduğum illərdə qatara, yaxud avtobusa minib, sadəcə, əvvəldən müəyyən etdiyim yola çıxırdım. Nümunəvi şagird və övlad sayılaraq, mənə qeyd-şərtsiz etibar olunsa da, yeganə yalanı bu məqsədim üçün istifadə edirdim. Guya məktəbdən düşərgəyə, ya pioner toplantısına yollayıblar adı ilə hər dəfə bir istiqamətdə rayonlarımızı gəzirdim. Nümunəvi şagird olduğuma görə heç kəs də şübhələnmirdi. Azərbaycanı beləcə uşaqlıqda qarış-qarış gəzmişəm. O vaxt Naxçıvandan başqa hər yerdə olmuşdum.

1987-ci ildə o məlun hadisələrin ta başladığı vaxtlarda qatarla səhər tezdən Bərdəyə çatdım, oradan Ağdama gedib mərkəzini gəzdim. Haradansa Şuşa sözünü eşitdim və elə bu vaxt məşhur “alabaş avtobus”un Xankəndiyə getdiyini görüb, bilmirəm niyəsə ona mindim. Sanki Qarabağı mən elə o avtobusun pəncərəsindən,  günün alatoranlığa düşməyə başladığı çağının nurunda görüb sevdim. Yuxularımda da sonralar o mənzərəni çox gördüm. Hava qaralmışdı ki, Xankəndiyə çatdım və ayaqqabımın dabanı qopdu. Bir pinəçi tapdım, ovaxtkı partiya komitəsi binasının yaxınlığında. Erməni idi. Oturmuşdum və “piyanar” deyə-deyə söhbət edirdi. Birdən başqa bir erməni də gəldi və pinəçiyə öz dillərində nəsə dedi. Tərs-tərs mənə baxıb, nəsə söylədi. O erməni pinəçiyə deyirmiş ki, "bu türk küçüyünü boş ver, mənim işimi gör". Pinəçi də ona deyib ki, "bu pioner qonaqdır, yola düşməlidir, gözləyirlər, ayaqqabısını tikməliyəm, Şuşaya gedəcək". Hələ o vaxtdan gələcək olayların qığılcımı varmış. Pinəçi erməni məndən "nələr olacaq bilmirsən, ay pioneer?" soruşdu. O deyinən erməni qəzəbinə, üz cizgilərinə, bədheybət səsinə və varvar cismani təəssüratına görə xatirimdə hansısa əsərin mənfi obrazı kimi qalıb. Amma sonrakı illərin hadisələri o erməni ilə söhbətimi necə canlandırdısa, 21 il əvvəl başlayıb hələ də bitirmədiyim qeydlərimi tamamlamaq arzu olub. Sadəcə, illərlə elə düşünmüşəm ki, bir gün Ağdamdan çıxıb o yolu gedəndə həmin yazını tamamlayacağam. Hərçənd bilirəm ki, o təbiət mənzərələrini, o tablonu bir daha yaşaya bilməyəcəyəm. Torpaqalarımız azad olunub, suverenliyimizin nidası qoyulub, indi başqa hiss-həyəcan içindəyəm.

Hə, bir də istəyirəm ki, Xankəndidə möhtəşəm Olimpiya stadionu tikilsin və orada universal, çoxnövlü olimpiya miqyaslı yarışlar keçirilsin və mən də oradan reportaj hazırlayım.




 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada