Regionlarda ilkin tibbi yardım xidmətinin vəziyyəti və bu sahədə mövcud problemlər yenidən gündəmə gəlib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hesab edir ki, ilkin tibbi yardımın gücləndirilməsi olmadan əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq mümkün deyil.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, ilkin tibbi yardımın təşkili və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı Səhiyyə komitəsində dəfələrlə geniş müzakirələr aparılıb. Onun sözlərinə görə, bu prosesə Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də digər aidiyyəti qurumlar cəlb olunub.
Əhliman Əmiraslanov qeyd edib ki, böyük şəhərlərdə bu sahədə müəyyən irəliləyiş əldə olunsa da, regionlarda, xüsusilə kənd yerlərində vəziyyət hələ də qənaətbəxş deyil.
"Doğrudan da, bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır. Böyük şəhərlərdə bu sahədə xeyli işlər görülüb, müəyyən irəliləyiş var. Amma regionlarda, xüsusilə kənd yerlərində ilkin tibbi yardım göstərə biləcək tibb məntəqələrinin vəziyyəti ürəkaçan deyil", – deyə komitə sədri vurğulayıb.
O xatırladıb ki, bu istiqamətdə vaxtilə Bərdə rayonunda pilot layihəyə başlanılıb və görülən ilkin işlər müsbət qiymətləndirilsə də, sonradan proses gözlənilən sürətlə davam etməyib.
Komitə sədri bildirib ki, məsələ ilə bağlı TƏBİB-in yeni rəhbərliyi ilə də müzakirələr aparılıb və rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə model tipli ilkin tibbi yardım məntəqələrinin yaradılmasının sürətləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
"Mən əminəm ki, bu istiqamətdə həm TƏBİB, həm İcbari Tibbi Sığorta ciddi və təsirli tədbirlər görəcək. Çünki ilkin tibbi yardımın səviyyəsini yüksəltməsək, ümumilikdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldiyindən danışa bilmərik", – deyə Əhliman Əmiraslanov bildirib.
Onun sözlərinə görə, rayon mərkəzlərindən uzaq kəndlərdə yaşayan insanların vaxtında tibbi yardım ala bilməməsi bəzən ağır nəticələrə səbəb olur.
"Elə kəndlərimiz var ki, rayon mərkəzindən xeyli uzaqdır, yollar da yaxşı vəziyyətdə deyil. Xəstələri rayon mərkəzinə çatdırmaq üçün xeyli vaxt tələb olunur və nəticədə vaxtında yardım göstərilməsi mümkün olmur. Bu istiqamətdə görülən işləri daha da sürətləndirməliyik", – deyə komitə sədri əlavə edib.