Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti “Avronest” Parlament Assambleyasının təsis iclasında iştirak etmək üçün mayın 2-dən 3-dək Belçikada səfərdə olacaq. Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidməti xəbər verib.
Nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxildirlər.
Brüssel şəhərində keçiriləcək toplantıya Avropa Parlamentinin prezidenti Yerzi Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın parlament nümayəndə heyətləri qatılacaq.
İclasda “Avronest” PA-nın komitə və qurumları, struktur bölmələri yaradılacaq, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə ediləcək.
Modern.az