Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl edilməsi ilə bağlı aparılan yoxlamada Sumqayıt şəhərində yerləşən Karvan Ticarət Mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ünvanında yerləşən “Karvan İK” MMC-yə məxsus Karvan Ticarət Mərkəzindəki satış sahələri fərdi sahibkarlıqla məşğul olan vətəndaşlara icarəyə verilir. Aparılmış müşahidələr göstərib ki, bu icarədarlar əhaliyə qiymətli metallar və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatlarının satışını həyata keçirirlər. Bu fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduğunu nəzərə alaraq Xidmət tərəfindən Ticarət Mərkəzinin rəhbərliyinə xüsusi razılıq (lisenziya) olmayan fərdi sahibkarlarla icarə müqaviləsi bağlamamağa və onlara satış yerləri ayırmamağa dair xəbərdarlıq məktubları göndərilib. Karvan Ticarət Mərkəzinin rəhbərliyi isə bu xəbərdarlıqlara məhəl qoymayıb, bununla da, ayrı-ayrı fərdi sahibkarların qanunsuz fəaliyyətinə şərait yaradıb. Eyni zamanda qeyd edilənlərlə əlaqədar xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən fərdi sahibkarlar barədə vergi orqanlarına müraciətlər edilib. Aparılmış yoxlama zamanı Karvan Ticarət Mərkəzində fəaliyyət göstərən 29 fərdi sahibkardan Samid Nüsrət oğlu Rzayev, Zöhrə Oruc qızı Allahverdiyeva, Rəfail Firuz oğlu Əliyev, Azad Namid oğlu Əlibalayev və Tərlan Seyidxan oğlu Yusubovun xüsusi razılıq (lisenziya) aldıqları, qalan 24 nəfərin isə qanunsuz fəaliyyət göstərdikləri aşkar edilib.