Modern.az

“Beşgünlük dünyadır, beşi də qara”

7 İyul 2021, 12:28

Elçin Alıoğlu

Bu şairin bir misrasını hər birimiz əzbər bilirik: "Beşgünlük dünyadır, beşi də qara".

İfadənin müəllifini bilmirik, atalar sözü, deyim sayırıq, amma...

"Həyat xof yaradır və insanlar sanki röyada olduğu təki qorxunun belində uçurlar. Ayılın, açın gözlərinizi, aldanmış uşaqlar! Ötənlərin yalançılaına kor-koranə inanırsınız"...

Yetərincə sinirli və qətiyyətli ifadələrdir, deyilmi?

"Kimdir sizin şairləriniz? Zülmət kölələri, söyüş və tərif arayan ac canavarlar"...

Bunu isə o, şairlər barədə demişdi.

O, Şərqin bəlkə də ən qeyri-adi, mistik, sevildiyi qədər də nifrət edilən şairi - Əbul Əla Əhməd ibn Abdulla ət Tənuhi.

Dünyanın Əbul Əla əl Məarri kimi tanıdığı düha.

Şair, filosof, dilçi, "zühdiyyə" poetikasının banisi və klassiki: metrika, leksikorafiya, qrammatika və s. sahəsində 34 kitabın müəllifi.

Ərəb poetikasının janrı olan zühdiyyə qısa lirik-fəlsəfi əsərlərdən ibarətdir.

Bu janrın əsasını yaşamın faniliyi, həyatın məna vəzninin yüngüllüyü, taleyin bimərvalığı, ümidlərin ilğımlığı, mənəvi kamilliyə çağırış, paklıq və saflığın tərənnümüdür.

Əbu əl Ətahiyyə, Əbu Nüvvas, Əbu Təmmam, Ömər Xəyyam - az olmayıb zühdiyyə ustaları.

Suriyanın Hələb şəhərinin yaxınlığındakı Məar ən Numanda doğulmuş Əbül 4 yaşı olanda suçiçəyi keçirmişdi və sonucda, kor qalmışdı.

5 yaşında oxuyub-yazmağı öyrənən Əbül 11 yaşında şairliyə başlayır.

Hələb, Trablus, Antioxiya, Bağdad və Dəməşqdə mədrəsələrdə oxumuş Əbül İslamla bahəm, xristianlığa da kamil şəkildə bələd idi. Məsələn, 15 yaşı olanda Əbül Suriyanın Latkiyə şəhərindəki kilsədə xristian keşişlərlə müzakirələrə qoşulmuş, həmin dini disputdan qalib çıxmışdı.

İlk şeirləri mədşiyyə janrında olan Əbül əslində özünə müəllim saydığı Əl Mütənəbbini təqlid edirdi.

Onun ilk şeir toplusu olan "Sənt əl zənd"də ("Çaxmağın qığılcımı") əsərlərin tam əksəriyyəti məhz mədhiyyələrdir.

Fəqət, sonradan şair bu janra nifrət etdi. Həddən ziyadə qürurlu, məğrur və hətta dikbaş olan Əbül Əla saraylardan gələn dəvətləri dalbadal rədd edir, kimsəni tərifləmək istəmirdi.

Üstəlik, o, başqa şairlərdən fərqli olaraq, pulla şeir yazmaq və ya şeirlərini pula satmaq niyyətində deyildi.

1010-cu ildə, ilyarım Bağdadda qalandan sonra Əbül Əla anasının ağır xəstələndiyini eşidən kimi, doğma şəhərə qayıtmağa qərar verir.

Lakin o, çatmır: Əbül evin qapısını döyəndə anası artıq beş gün idi ki, vəfat etmişdi.

Anasının ölümü, illah da onun vəfatına özünü çatdıra bilməsi Əbül Əlanın, öz təbirincə desəm, "dünyasının damını çökdürür".

Həmin gündən etibarən şair guşənişin, abid və zahid həyatı yaşayır.

"İnsanlardan heç nə almam, təbiətdən heç nə oğurlamam" söyləyən Əbül Əla həyatının sonunadək ət yeməyəcəkdi.

Qaraqabaq, əsəbi, 84 illik ömrünün 80 ilini kor, 71 ilini kor və kar yaşamış Əl Məarri…

Evini tərk etmir, heç bir şəhərə üz tutmur.

Çox sadə, hətta ifrat yoxsul həyat sürən şair "yumurta qabığından qurtulmuş cücə kimiyəm" söylərdi.

Hər gün oruc tutardı, ətlə bahəm, süd, bal və yumurta yeməzdi.

Həftədə iki dəfə küçədə oturar, fəlsəfədən, əşardan, ərəb dilinin incəliklərindən danışardı və bu "mühazirə"lərə minlərlə insan yığışardı.

Şəhər valisinin ona ayırdıığ aylıq, kiçik məbləğdə "təqaüd"ü də olduğu kimi xidmətçisi və dostuna, ona qulluq edən Əhməd əl Təbara verərdi.

Məarda şair şəksiz, sözsüz və sonsuz hörmət, nüfuz və sayğı yiyəsi idi.

Şəhər sakinlərinin sevgisi o qədər böyükdü ki, səcdəyə çatırdı.

Məarda hər ev, hər ailə aylıq "Əbul Əla" ödənişi edirdi. Üstəlik, şəhərə şairi görmək üçün gələnlər də pul verirdilər. Bu pullar yığılırdı, bir dəvə yükü qızıl edirdi, şairin evinə göndərilirdi.


O isə ömrünün sonunadək həmin pullardan bir dirhəm də götürmədi, qızılları necə gətirilmişdilərsə, elə də geri qaytardı.

Məarda olmuş səyyahlardan biri yazır: "Bu şəhərdə Əbu əla əl Məarri adlı şair yaşayır. Kar və kor olsa da, şəhəri əslində idarə edən odur. Həddən ziyadə varlı insan ola bilərdi, çoxlu qulluqçuları və kölələri olardı, amma istəmir. Evdən eşiyə yalnz həftədə iki dəfə, insanlara dərs və elm vermək üçün çıxır, şeirləri də söyləyir.

Gündə yarım kömbə arpa çörəyi, bir ovuc düyü və bir xurma, bəzən də meyvə və tərəvəz yeyir, vəssəlam. Evinin qapıları həmişə açıqdır. Şəhərin valisi, qalabəyi, bütün məmurlar onun yanına məsləhətlə məşvərətə, göstəriş almaq üçün gedirlər. Kimsəyə yox demir.

Həmişə oruc tutur, gecədən xeyli keçmişədək dua edir. Heç bir dünyəvi əməllə məşğul olmur".

Ruh etibarilə əl Məarri əsl mizantrop idi. O, bəşər övladını "sahibin necə gəldi xərclədiyi xırda pul" sayırdı.

"İnsanlar heç doğulmasa, Kainat heç olmasa yaxşı idi. Çünki bəşər övladının narahat, qaçdı-qovdulu həyatı sanki yuxusuzluq, ölüm isə gözlənilən istirahət və yuxudur", - Əl Məarri deyirdi.

Buna rəğmən, şair buyurub: "Hər şeyə rəğmən insan zəif olmamalı, istəkləri və arzuları aləmində yaşamamalıdır. Əsl insan iradəli və qətiyyətli olmalı, şüurla müdriklik ehkamlarına qulluq etməli, bədbinliklə hisslərə qapılıb ağlamamalıdır. Bəyə ətrafdakıların ona aşiq olmasında gözəl qadın suçludur? Suç o gözəl qadına baxandadır. Həyat isə qəzəbli əsgərin gözü təki səmada sayrışan ulduzlardan ibarət deyil".

Geyimi də köhnə parçadan əmmamə, kobud toxunmuş və ucuz parçadan əbayə, kətan köynək və ən ucuz dəridən tikilmiş nəleyinlərdi.

"Lüzum ma lə yəlzam" və "Risalət əl Ğurfan" kimi möhtəşəm fəlsəfi traktatların müəllifi olan Əbul Əlanın şeriyyatı çox sərt, qaraqabaq, Allahdan başqa hökm sahibi tanımayan, mala-mülkə nifrət edən, hökmdarlardan əsla çəkinməyən, din xadimlərini adi insanlar hesab edən, fani dünyaya etinasızlığında nikahı belə, gərəksiz sayan insanın yazdığıdır.

Məhz "Risalət əl Ğurfan" əsrlər sonra dahi Dante Aligyerinin "İlahi komediya" ("La Divina Commedia") poemasının faktiki olaraq əsasını təşkil edəcəkdi.

Aligyeri ərəb dühanı "mənim müəllimi" adlandıracaqdı.

Filosof Bertran Rassel də Əbül Əlanı "müəllim" hesab edirdi.

"Risalət əl Ğurfan"da ərəb aləmində cahiliyyə dövründəki şairlərin "o dünya"dakı yaşamlarından və söhbətlərindən, guya Allahın bağışladığı "zındıq"lardan, təriqətçilərdən və asilərdən bəhs olunur.

Əbul Əla əl Məarrinin əsərləri arasında marağımı çəkən digəri "Əl fusul və əl ğəyat" olmuşdu.

Bu əsərində şair ədalətsizliyə, yalana, saxtakarlığa, bisavadlığa, yaltaqlığa dözülməz olduğunu israrla və qətiyyətlə vurğulayır.

O, "güclü ruh fani vücuddan kənarda asudədir" deyib həmin əsərində.

Tale və zaman nisbətindən bəhs edən Əl Məarrinin fikrincə, bu anlamları dərk etmək mümkün deyil, çünki Kainatdakı hər nəsnəni idarə edirlər. Belə fatalizminə, qəzavü-qədər inamına rəğmən Məarri insanın azad seçim hüququnun olduğunu, yəni hər əməlinə görə məsuliyyət daşıdığı bəyan edir.

İslamın, xüsusilə də Şəriətin qaydalarına və ehkamlarına tam riayətdən boyun qaçıran şair "bundan vacib olanı Şərə xidmət etməməkdir: yetimin göz yaşını tökən gündə min namaz qıla, mənasızdır. Şüurdan savayı imam yoxdur, ola bilməz" yazıb.

Məarri üçün şüur etiqaddan, bilik inancdan daha üstün yerdə idi.

Monoteist olsa da, mövcud səmavi dinlərə inanmayan, axirətin olduğuna şübhə edən, bütün dinləri "ötənlərdəkilərin uydurduğu, yalnız tez inanan kütləni idarə edənlərə sərf edən məcmuat" adlandıran şairə təbii ki, sevgi ilə bahəm, nifrət də səngimirdi.

... 1057-ci il, qızmar yay günü.

84 yaşlı Əbu Əla əl Məarri yatağında can verir. Xırıldayır. Otaqda durub ağlayan şagirdlərnə nuru öləziməyə başlayan nəzərlərlə baxaraq sağ əlini qaldırmaq, onları yanına çağırmaq istəyir.

Əl heydən düşüb, qalxmır ki.

Şagirdlər yaxınlaşırlar.

"Gedirəm. Başım bədənimdədir, ağlım da başımda. Amma bu başı bədəndən ayıracaqlar. Sonralar, çox sonralar", - söləyən Əbul Əla gözlərini əbədi yumur.

2013-cü il, qızmar yay günü.

Məar ən Numan şəhəri. Bir dəstə İŞİD terrorçusu Məarrinin abidəsini əhatəyə alıblar.

Pırtlaşıq saqqallı, darbalaq "mühacir" polad trosu heykəlin boynuna bağlayandan sonra yük maşının sükanı arxasında oturmuş "mücahid"ə bağırır:

- Dart! Qoparaq bu kafirin başını!

... Vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm.

Var olun.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi