Modern.az

Xalq artistindən məmurlara SƏRT TƏNQİD: “Əxlaqımızı korlayırlar”

Xalq artistindən məmurlara SƏRT TƏNQİD: “Əxlaqımızı korlayırlar”

Ölkə

29 Oktyabr 2022, 13:28

Azərbaycanda film çəkilişlərinə ayrılan vəsaitin mənimsənilməsi faktı müəyyən edilib. Hesablama Palatasının açıqladığı rəsmi məlumata əsasən, dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün büdcədən ayrılan vəsaitlərin istifadəsində nöqsanlar aşkarlanıb. (Ətraflı BURADAN oxuya bilərsiniz) 

 

Dövlət vəsaitinin mənimsənilməsi və kino sahəsinin mövcud vəziyyəti barədə Modern.az-a danışan Xalq artisti, kinorejissor Şeyx Əbdül (Əbdül Mahmudov) şikayətlərini dilə gətirib. 

 

O bildirib ki, Azərbaycanda bəzi məmurlar tərəfindən həm kino, həm də iqtisadiyyat sahəsində təhlükəli monopoliya yaradılıb.

 

“Bütün sahələri əllərinə keçirib, iflic ediblər. Bu gün qiymət artımı, qanunlara əməl edilməməsi, ümumi sosial gərginlik yaradan vəziyyət müşahidə olunur. Bunu edənlər 5-10 nəfər kimliyi bəlli olan dövlət məmurlarıdır. O məmurlar da bu torpaqda böyüyüblər. Əgər onların vətən sevgisi yoxdursa, bu, bir cinayət, əgər bizdən deyillərsə, ikinci cinayətdir. Bizdən deyillərsə, bu ölkədə niyə yaşayırlar?”.

 

Azərbaycan filmlərinin mövcud vəziyyətindən narazı olduğunu deyən Xalq artisti hər il dövlət büdcəsindən kinonun inkişafı üçün təxminən 6 milyon manat vəsaitin ayrıldığını xatırladıb:

 

“Bunları deməkdən, danışmaqdan yorulmuşam. Maliyyə Nazirliyi kino üçün ayrılan pullara nəzarət etməlidir. Hamı adını qoyur ki, biznesmenəm, amma çoxu oğru və quldurdur. Azərbaycanda bir biznes var, o da vəzifədir".

 

Kinorejissor Mədəniyyət Nazirliyinin fəaliyyətindən də şikayətlənib: "Bu gün kino sahəsində çalışan gənclər sözün əsl mənasında fədai və fanatikdirlər. Çünki bu qədər müsibət içində kinoya olan mədəniyyəti üstün tutub qaçıb getmirlər”.

 

Xalq artisti hesab edir ki, büdcədən ayrılan vəsaitlə tarixi mövzuda filmlər çəkilməlidir:

 

“Əsas mövzu tariximiz haqqında olmalıdır. Müharibə və tarixi ideologiya haqqında mövzular əsas götürülməlidir. Monopolist məmurlar mənimsədikləri pullarla mənasız, mahiyətsiz, əxlaqsızlığı təbliğ edən verilişlərə sponsorluq edirlər. Bunlar bizim qazancımızdan istifadə edib əxlaqımızı, mənəviyatımızı korlayırlar. Belə insanlar cinayətkardır. Əvvəllər Nəzarət Komitələri var idi, indi də yaradılsın, çünki bu gün ciddi nəzarətə ehtiyac var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi