Əslində atamın çap olunmamış bir şeyi qalmamışdı. Özü də deyirdi ki, “mən öləndən sonra sənə ağırlıq düşməyəcək. Nə var, hamısını kitablara salmışam”. Arxivi də az idi. Vaxtında özü bir çox əlyazmasını təhvil vermişdi. Lakin bəzi çap olunmayan əlyazmalar fikrimi cəlb etdi. Onları ictimaiyyətin nəzərinə təqdim etməyi qərara aldım, təkcə Xalq şairi Nəriman Həsənzadəylə 30 sentyabr 1988-ci ildə yazışmasından başqa. Məqamı gələndə bunu da çap etdirəcəyəm. Əsl sənətkarların necə kövrək olduğuna Sizin də şahidlik etməyiniz üçün...
HACIBƏYİMƏ
Müasir dövrdə telefonla mesaj yazmaq artıq dəbə dönüb. Hansı cavanı görürsən küçədə, avtobusda, parkda, hətta maşın sürə-sürə mesaj yazır. Hətta yazdığına musiqi parçaları, şəkil də qoşur. Məktubun romantikliyini bir az da artırır. Texnikanın inkişaf etdiyi bir dövrdə, mürəkkəb və kağıza artıq ehtiyac qalmayan 21-ci əsrdə atamın 24 sentyabr 1948-ci ildə Yardımlıda müəllim işləyərkən sevgilisinə, yəni anama yazdığı şeir-məktub çoxlarında təəccüb doğursa da, yaşlı nəsildə nostalji hislərini bir daha oyadacaq. Hər sətrin əvvəlindəki hərflərin düzülüşü isə onun kimə ünvanlandığını bildirir.
H əyat şirindirsə ömür gödəkdir
A rzular tez solan zərif çiçəkdir.
C anım qəriblikdə çürüyür, ay qız!
I şıq verən mənə bir sənsən yalnız.
B əlkə məzarımı burda qazdılar…
Ə linlə nə olar, onda hər bahar
Y ığ əlvan çiçəklər, tər bənövşələr,
İ ncə əllərinlə qəbrim üstə sər
M ən yazdım bu şeri sizə yadigar.
Ə zizim, var olsun eşqi duyanlar
QARDAŞOĞLU İRŞADA
Dastanlarımızda tez-tez bu deyimə rast gəlirik: “Dillə desəm dilim yanar, qoy sazla deyim”. Şairlərdə isə bədahətən deyilən bir anlayış var. Şair Qabildə də bu çox güclü idi. Məsələn, mənə, ya qohumlardan kiməsə əsgərliyə yazdığı məktublarda, yaxud da kitablara avtoqraflarında buna tez-tez rast gəlirik. Əlyazmalar içində əsgər məktublarından ikisinə rast gəldim. 1983-cü ildə qardaşı oğlu əsgər İrşada yazdığından:
İç borş, ye langet,
Xətadan yan get!
İdmançı-soldat
Mətin addım at!
Sağ, düz, sol!
İntizamlı ol!
Əsgəri xidmət
Hünər, cəsarət,
Borcdur Vətənə,
Şərəfdir sənə!
Papirosu at,
Yeginən salat
Çəkmə anaşa,
Yeginən kaşa.
Komandirə çest
Nə desə, de: - Yest!
Yaxşı nişan al!
Yaxşı ad-san al!
Qol-qanadlı ol,
Ehtiyatlı ol!
Dörd olsun gözün
Ağ olsun üzün.
İçki içmə ha..!
Nə deyim daha
Ey Hekliberri, (İrşada belə ad qoymuşdu)
Qaldığın yeri
Görərik yazda.
Dözüm var bizdə
Ay İrşad balam
Salam – ehtiram
Qabil əmidən
Salamat ol sən!
ƏSGƏR MAHİRƏ
Əsgərlikdə olarkən xalam Raisəyə (general-mayor Abbasəli Novruzovun həyat yoldaşı) məktub yazmışam, özü də şeirlə, (yadımda deyil) o da cavab yazmayıb. Mən də bundan dilxor olmuşam. Evə şikayət etmişəm. Əvəzində Pitsundadan qayıdan atamın bu şeir-məktubu meydana gəlib.
Qayıdıb gəlmişəm
Şükür allaha,
Sənə evimizdən
Salam, Mahirim!
Şeirlə məktublar
Yazırsan daha
Şair oğlusan də
Balam, Mahirim!
Bəli Raisədən
Gileyin haqdır
Qoyub gözlərini
Yolda haçaqdır.
Bu tənbəllikdirmi,
Yoxsa ki, inad?!
Vallah, xalalıqdan
Edərdim azad
Olsaydı bu sayaq
Xalam, Mahirim!
Yoxdur bu dünyada
Abbasəlidən –
Bizim bu polkovnik
Bir qoşuna tən.
O da gileylənib
Deyir ki, hərdən.
Danlaya-danlaya
Deyir ki, ay qız,
Nə çətin şeydi ki,
Əl boyda kağız –
Üçcə söz:
1 Necəsən
2 Salam,
3 Mahirim!
Xalanın ürəyi
Kövrək bənövşə
İstəmiş, istəyir
Səni həmişə.
İstəyi çevrilsin
Göydə quşlara
Baxdıqca sabahkı
Əsgər Anara…
Desin ki, gileyin –
Güzarın haqdır…
Az qala bulud tək
Dolam, Mahirim!
Dönüb o tərəfə
Əsən yellərə
Sərhəd tellərində
Sənə şirincə,
Kövrəkcə bir layla
Çalam, Mahirim!
Avqustun 12-si atamın ad günüdür. Hər il avqust ayı başlayanda zarafatla deyirdi ki, Azərbaycanda Qabil günləri başlayır. Bu ənənəni davam etdirə bilməsək də (onsuz ləzzəti yoxdur) qəzet səhifələrində və televiziya ekranlarında məqalə, veriliş və xatırlatmalarla təsəlli tapırıq. Qohumları və dostları ilə qəbrini ziyarət edirik. Dayım Fikrət demişkən:
On ikisi avqustdan
Qabil günləri başlar.
Unutmazlar bunu heç
Qohum, dostlar, yoldaşlar.
On ikisi avqustdan
Qabil günləri başlar
İnan yada da düşmür
Ömür, günlər və yaşlar,
Ayılmayır heç başlar.