XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında Həkəri çayının sağ sahilində XVII -XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olub, burada yaşayıb və Qaradağlı kəndinin yaxınlığında hazırki Güləbird kəndinin ərazisində dəfn olunub.
Aşığın qəbrinin baş daşına onun xəyali şəkli də həkk olunub. Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut ediblər. Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapıb.