Modern.az

Azərbaycanın dəstəyini heç vaxt unuda bilmərik - Gürcü jurnalistlə MÜSAHİBƏ

Azərbaycanın dəstəyini heç vaxt unuda bilmərik - Gürcü jurnalistlə MÜSAHİBƏ

Müsahibə

28 Avqust 2023, 19:36

Biz sülh içində yaşamalıyıq, amma Rusiya var...

 

Bu gün həmin ərazilərdə yalnız ermənilər yaşayır...

 

Böyük Britaniyanın “Daily Mail”,” Daily Star” və “Avrupa News Agency” platformalarının təmsilçisi Alpaslan Duven, Albaniyanın "infowebmedia" rəqəmsal platformasının əməkdaşı Anisa Bahiti və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının rəhbəri Avtandil Otinaşvili Azərbaycanda səfərdədir. Parlament Jurnalistlər Birliyinin (PJB) dəvəti ilə ölkəmizə gələn xarici jurnalistlər dünən Qərbi Azərbaycan İcmasında, bu gün isə Medianın İnkişafı Agentliyində (MEDİA) olublar. Səfər zamanı bir sıra aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

 

Gürcüstanın nüfuzlu "News Day Georgia" İnformasiya Agentliyinin təmsilçisi, tanınmış jurnalist Avtandil Otinaşvili Modern.az-a müsahibəsində Azərbaycana səfərin əhəmiyyəti, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ məsələsi və digər önəmli məqamlara toxunub.

 

Müsahibənin tam mətnini təqdim edirik:

 

- Bildiyimiz kimi, bu yaxınlarda sizin Qərbi Azərbaycan İcmasında görüşünüz olub. Görüş necə keçdi? Ümumiyyətlə, Gürcüstan ictimaiyyətinin Qərbi Azərbaycanla bağlı mövqeyi necədir? İstərdik, söhbətimizə bu mövzu ilə başlayaq...

 

- Bəli, dünən Qərbi Azərbaycan İcmasında görüşümüz oldu. Biz icmanın sədri Əziz Ələkbərli ilə görüşdük. O, icma ilə bağlı bizi məlumatlandırdı. Qurumun fəaliyyət istiqaməti və məşğul olduğu işlərlə bağlı informasiya verdi. Çox maraqlı oldu, bizə tarixdən danışdı. Azərbaycanlılar Ermənistan ərazisindən deportasiya olunub. Bu gün həmin ərazilərdə yalnız ermənilər yaşayır. Suallar oldu. Cənab sədr bizə izah etdi ki,  əcdadları Qərbi Azərbaycanda yaşayan insanlar ora qayıtmağı tələb edirlər. Bununla bağlı onlar beynəlxalq ictimaiyyətə müraciət edirlər. Oraya qayıdacaq azərbaycanlılar Ermənistan vətəndaşı kimi yaşaya bilərlər. Mən dəqiqləşdirmək üçün bir daha soruşdum. O təsdiqlədi və əlavə etdi ki, bunun üçün mütləq azərbaycanlıların bütün hüquqları qorunmalı və təmin olunmalıdır. Burada beynəlxalq təşkilatların - BMT, ATƏT və digər qurumların hamılıqla tanıdığı hüquqlardan söhbət gedir. Zəmanət verilməlidir ki, bu insanlar orada təhlükəsiz şəraitdə yaşaya biləcəklər. Mən düşünürəm ki, bu, çox yaxşı addımdır. Soruşuldu ki, Ermənistan dövlətinin məsələyə yanaşması necədir? İcmanın sədri bildirdi ki, onlar Ermənistan tərəfinə müraciət ediblər, lakin qarşı tərəf danışıqlardan, bu istiqamətdə hər hansı fəaliyyətdən çəkinir. İcma beynəlxalq təşkilatlara rəsmi müraciətlər ünvanlayıb ki, onlara bu işdə köməklik göstərsinlər.

 

- Məlumdur ki, Gürcüstanda Cavaxetiya adlanan bölgədə kompakt erməni icması yaşayır. Bu icma ilə Gürcüstan dövlətinin münasibətləri necədir? Hər hansı təhlükə mövcuddurmu?

 

- Bu yaxınlarda Samsxe-Cavaxetiya bölgəsində oldum. Orada ermənicə və qismən rusca danışırlar, hətta artıq rusca da danışmırlar. Gürcü dilini isə az qala bilən heç kim yoxdur. Bura ermənilərin yaşadığı Gürcüstan ərazisidir. Onlar bizim vətəndaşlarımızdır. Məktəblərdə gürcü dilini o qədər də yaxşı keçmirlər. Sabah necə ola biləcəyini söyləmək çətindir... Onu deyim ki, bizim də qaçqınlarımız var. Abxaziya və Cənubi Osetiyadan. Azərbaycanla oxşar problemlərimizdir. Abxaziya və Cənubi Osetiyanı demək olar, heç kim tanımır.

 

 

- Gürcüstan da Azərbaycan kimi separatizmdən əziyyət çəkib. Abxaziya və Cənubi Osetiya konfliktlərini buna nümunə olaraq göstərə bilərik. Təəssüf ki, separatizmin kökünü kəsmək hələ ki mümkün olmayıb...

 

- Mən özüm Tbilisidənəm. Hərdən Suxumi və Tsixinvalda olurdum. 90-cı illərdə orada separatizm başladı. Vladislav Ardzinbanın vaxtında. Rusiya tərəfinin köməyi ilə baş vermişdi. Onlar prosesdə aktiv şəkildə iştirak etmişdilər, Ardzinbaya zəmanət vermişdilər və Gürcüstana qarşı baş qaldırmışdılar. Bu konflikt təbii ki, bir günə başlamayıb. Yavaş-yavaş böyüyüb. Şevardnazdenin vaxtında dəmir yolu ilə bağlı məsələdən sonra münaqişə alovlandı. Toqquşmalar oldu. Ruslar separatçılara böyük həcmdə kömək göstərirdilər. Silah verirdilər və s. Bu gün gürcülər və abxazlar arasında münasibətlər o qədər də pis deyil. İnsanlar deyir ki, biz birlikdə yaşamalıyıq. Sülh içində yaşamalıyıq. Amma siyasət var, Rusiya var. Bu ərazini əlində saxlayır. Öz bölmələrini, hərbi bazalarını və digər obyektlərini yerləşdirib.

 

- Bəs Cənubi Osetiyada?

 

- Cənubi Osetiyada da eyni vəziyyətdir. Oxşar situasiya hökm sürür. Hər iki konflikt Rusiya tərəfindən qızışdırılıb. Sadəcə Abxaziyada Cənubi Osetiya ilə müqayisədə əhali çoxdur. Bir də Abxaziya dənizin sahilində yerləşdiyi üçün daha böyük strateji əhəmiyyətə malikdir. Cənubi Osetiyada tunel var, Rusiyaya birbaşa bu tunel vasitəsilə getmək mümkündür. Orada da oxşar vəziyyətdir, yavaş-yavaş konflikt böyüdü və son anda onlar gürcü əhalisinə qarşı silah qaldırdılar. Rusiyanın köməyi ilə ərazini tutdular.

 

- Regionların reinteqrasiyası ilə bağlı Gürcüstan dövlətinin hansı plan və konsepsiyaları var? Varsa, onlar sırasında Azərbaycanın Qarabağdakı erməni vətəndaşlarının reinteqrasiyasına töhfə ola biləcək hansısa məqamlar ola bilərmi?

 

- Bu mərhələdə bizim ortaq şeylərimiz çox deyil. Bilirsiniz, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Hətta Medvedev bu yaxınlarda yenə təkrarladı ki, bu bölgələri Rusiyaya birləşdirməliyik. Krım kimi. Bayaq dediyim kimi, insanlar arasında əlaqə var, amma orada siyasət də var və Gürcüstana meyl edən kəsimə deyirlər ki, "hə, siz gürcüləri istəyirsiniz? Onlar gəlib hamımızı qıracaqlar". Belə bir şey yoxdur, niyə olsun ki? Biz başa düşürük ki, onlar yaşamalıdır, biz yaşamalıyıq və birgə yaşamalıyıq. Bunu təklif edirik. Heç kim orada kimisə qırmağa hazırlaşmır. İndi artıq XXI əsrdir, 30 il keçib, nəsillər dəyişib. Abxaziyadan Zuqdidiyə, Tbilisiyə, Kutaisiyə gələnlər var, əməliyyat olunanlar var. Lazım olanda onlar bizə gəlirlər və pulsuz, dövlət hesabına əməliyyat olunurlar. Oxumağa gələnlərə də aiddir, dövlət xərcləri öz üzərinə götürür. Reinteqrasiyaya çalışırıq. Amma onu deyim ki, bu proses elə də aktiv şəkildə getmir. Çünki orada çoxunun Rusiya vətəndaşlığı var. Son vaxtlar ruslar orada dominantlıq edirlər. Evlər, torpaq sahələri alırlar. Abxazlar deyirlər ki, biz müstəqilik. Ruslar isə deyirlər ki, sakit oturun, biz olmasaq, gürcülər gələr. Başa düşürsünüz də, onlar oynayırlar. Qısası, ruslar orada hər şeyi idarə edirlər. Prosesə mane olurlar.

 

 

- Biz bilirik ki, Acarıstanla bağlı müəyyən problemlər yaranmışdı. Necə oldu ki, Gürcüstan Acarıstanda məsələnin uğurlu həllinə nail ola bildi, amma Abxaziya və Cənubi Osetiya ilə bağlı bu mümkün olmadı?

 

 - Acarıstan muxtariyyətinə dövlət genişmiqyaslı layihələr təqdim etmişdi, onları cəlb etmişdi. Bilirsiniz, digər yerlərdə bu, müharibəyə qədər ola bilərdi. Xatirimdədir, Şevardnadzenin dönəmində biz bir qrup jurnalist Suxumiyə getmişdik. BMT-nin xətti ilə. Orada bizi Ardzinbanın mətbuat katibi qəbul etmişdi. Sonra onlar bizə gəlmişdilər. Biz yenə də belə şeyləri təklif edirik, amma Abxaziya buna getmir. Onlar deyirlər ki, biz müstəqil dövlətik və muxtariyyətlə bağlı danışıqlara ehtiyacımız yoxdur. Acarıstanda kiçik mübahisə olmuşdu. Aslan Abaşidze ilə Mixail Saakaşvilinin hakimiyyətə gəldiyi ilk dönəmdə anlaşılmazlıq olmuşdu. O, Moskvaya qaçdı. Onun üçün xüsusi təyyarə gəldi və minib getdi. Orada da oxşar ssenari ola bilərdi, ruslar buna çalışırdı. Rusiyanın hərbi bazası vardı. Acarıstanda bu ssenarinin qarşısını Türkiyə aldı. Ruslar nəsə eləmək istəsəydilər, Türkiyə məsələyə qarışacaqdı. Türkiyə buna razılıq verməzdi. Bilirsiniz, 2008-ci ilin avqustundakı müharibə zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Medvedevə dedi ki, Acarıstana toxunmayın. Türkiyə ilə sərhəddə yerləşdiyi üçün Rusiya Acarıstanda istədiyini edə bilmədi. Bir də acarlarda abxaz və osetinlərdə olduğu kimi "biz acarıq, ayrı yaşamalıyıq" yanaşması yoxdur. Məsələn, mən abxaz və osetin dillərini başa düşmürəm. Amma acar dili gürcü dilinə yaxın olduğu üçün onları yaxşı başa düşürəm.

 

- Sizcə, Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlıq modeli Cənubi Qafqaza nələr qazandıra bilər? Bu mövzu ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

 

- Türkiyə Cənubi Qafqazda ən əsas rol oynayan ölkədir. Bizim böyük tərəfdaşımızdır. İstər siyasi səviyyədə, istər ticarətlə bağlı yaxşı əlaqələrimiz var. Birincisi, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Türkiyə həmişə bəyan edir ki, Qarabağ Azərbaycandır, Abxaziya və Cənubi Osetiya Gürcüstandır. Bu, çox vacibdir. Türkiyə çox güclü və möhkəm oyunçudur, NATO-nun üzvüdür. Türkiyə və Azərbaycan sizdə deyildiyi kimi, "bir millət, iki dövlət"dir. Onlar sizi dəstəkləyir, bizim də arxamızda dururlar. Azərbaycan da Gürcüstanı hər zaman dəstəkləyib. Soruşulanda mən deyirəm ki, 90-cı illəri heç vaxt unuda bilmərəm. Sovet İttifaqı dağılanda, biz işıqsız, qazsız, kerosinsiz qalanda Azərbaycan bunları bizə verdi. Təmənnasız kömət etdi. Bunlar hələ də xatırlanır. Mən xatırladığım kimi, mənim yaşıdlarım, nəsildaşlarım da xatırlayır. Azərbaycana minnətdarıq. Bu dostluq davam etməlidir. Əlaqələrimiz, ticarətimiz davam edir. Məsələn, Gürcüstanda SOCAR fəaliyyət göstərir, Türkiyə bankları çalışır. Bundan başqa, Gürcüstanda azərbaycanlılar yaşayır, Azərbaycanda gürcülər yaşayır. Gürcüstan azərbaycanlılarının gənc nəsli artıq gürcü dilini öyrənir, cəmiyyətə inteqrasiya edir. Universitetlərə qəbul olunurlar, ali təhsil alırlar. Mən düşünürəm ki, biz də hər şey yaxşı alınacaq, əla olacaq. Dostluğumuz bizə nəhəng resurslar bəxş edir. Ticarət, təhsil və digər sahələrdə əlaqələri daha da genişləndirmək lazımdır. Biz Azərbaycanda, siz Gürcüstanda, hamımız Türkiyədə və s.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok