Modern.az

Müharibənin üçüncü ayı: Ölənlər artır, atəşkəsdən isə xəbər yoxdur...

Müharibənin üçüncü ayı: Ölənlər artır, atəşkəsdən isə xəbər yoxdur...

Analitika

7 Yanvar 2024, 09:10

İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibə 3-cü ayını tamamlayır.

 

Modern.az-ın məlumatına görə, son günlər bir neçə Qərb rəsmiləri Yaxın Şərqə səfər edərək Qəzzadakı vəziyyəti müzakirə edib.

 

ABŞ Dövlət Katibi Antoni Blinkenin ilk dayanacağı Türkiyə idi. O, burada həmkarı Hakan Fidanla görüşüb. Gündəlikdə Ukrayna, İsveçin NATO-ya üzvlüyü, F-16 qırıcılarının Türkiyəyə verilməsi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları olsa da, əsas mövzu Qəzzadakı vəziyyət olub. Blinken Türkiyədən sonra Yunanıstana, ardınca İordaniyaya yollanıb. Oradan isə İsrail, Fələstin, BƏƏ, Səudiyyə Ərəbistanı və Livana gedəcək.

 

Blinken İstanbulda İsrailin Qəzzada hərbi əməliyyatlarını sərt tənqid edən prezident Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb. Əksər NATO müttəfiqlərindən fərqli olaraq HƏMAS-ı terror təşkilatı kimi təsnif etməyən Türkiyə vasitəçilik etməyi təklif edib.

 

Dövlət Katibi bildirib ki, o, növbəti bir neçə günü müttəfiqləri və tərəfdaşları ilə mülki insanları qorumaq və humanitar yardımı maksimum dərəcədə artırmaq üçün öz təsirlərindən necə istifadə edə biləcəklərini müzakirə edəcək.

 

Avropa İttifaqının baş diplomatı Cozep Borel isə Yaxın Şərq turnesinə Livana səfərlə başlayıb. O, Fələstin Muxtariyyətinə və İsrailə də gedəcək. Almaniyanın xarici işlər naziri Annanela Berbok da tezliklə İsrail, Fələstin, Livan və Misirdə olacaq.

 

Diplomatların səfərinin əsas məqsədi münaqişənin yayılması riskinin qarşısını almaqdır. Blinken toqquşmanın başlamasından sonra bölgəyə dördüncü səfəri zamanı İordaniyaya getməzdən əvvəl jurnalistlərə deyib: “Biz bu münaqişənin yayılmasının qarşısını almağa çox diqqət yetirmişik”. Borrell Beyrutda Livanın Qəzza münaqişəsinə sürüklənməsi riskindən narahat olduğunu bildirib.

 

Qərb diplomatlarının səfərləri fonunda İsrail və Livandakı Hizbullah arasında toqquşma şiddətlənib. Dünən səhər saatlarında Hizbullah İsrailin Meron hərbi bazasına müxtəlif tipli 62 raketlə hücum etdiyini açıqlayıb. İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları isə Livanın cənubundakı Hizbullah bazalarına hücum edib. Əməliyyat Səidə və Nəbatiya şəhərləri arasındakı Kautariya əs-Sayyad və əl-Şərqiyyə bölgələrində həyata keçirilib.

 

Yəməndəki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə yaratdığı təhlükə davam edir. Qiyamçılar İsrailin Qəzzada fələstinliləri bombalamağı dayandırana qədər Qırmızı dəniz gəmiçiliyinə hücumlarını davam etdirməkdə qərarlı görünür.

 

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Hagarinin sözlərinə görə, İsrail qüvvələri Qəzzanın şimalında HƏMAS qruplaşmasının “hərbi çərçivəsini” dağıdıb və bu ərazidə 8 minə yaxın yaraqlını məhv edib: “İndi diqqətimizi Qəzza zolağının mərkəzində və cənubunda HƏMAS-ı dağıtmağa yönəltmişik. Döyüşlər 2024-cü ildə də davam edəcək. Biz müharibənin məqsədlərinə çatmaq, şimalda və cənubda HƏMAS-ı darmadağın etmək üçün plana uyğun fəaliyyət göstəririk".

 

Fələstin səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin hücumu nəticəsində Qəzza zolağında 22 722 fələstinli həlak olub. Fələstin səhiyyə nazirliyi itkilər arasında neçəsinin döyüşçü olduğunu açıqlamayıb. HƏMAS-ın nəzarəti altında olan nazirlik qeyd edib ki, Qəzzada ölənlərin 70%-i qadınlar və 18 yaşdan kiçik insanlardır. Şənbə günü Xan Yunis şəhəri və onun yaxınlığında döyüşlər davam edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi