Modern.az

Rusiyasız sülh planı: Ukraynadakı müharibə nə vaxt dayanacaq?

Rusiyasız sülh planı: Ukraynadakı müharibə nə vaxt dayanacaq?

15 Yanvar 2024, 09:16

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu Rusiya-Ukrayna müharibəsinin həlli yollarının müzakirəsi ilə başlayıb. Yanvarın 16-da Ukrayna prezidenti Volodimir Zelenskinin də forumda iştirak edəcəyi və sessiyalarda çıxış edəcəyi gözlənilir.

 

Sessiyalardan əvvəl Zelenskinin təklif etdiyi “sülh formulası” üzrə 80-dən çox dövlətin milli təhlükəsizlik müşavirlərinin 4-cü görüşü baş tutub. İsveçrənin xarici işlər naziri İqnazio Kassis qeyd edir ki, bu cür müzakirələrin əsas vəzifəsi Rusiya ilə dialoqa hazırlaşmaqdır, onsuz “sülh olmayacaq”. 

 

Moskva və Kiyevin danışıqlar masası arxasına nə vaxt əyləşəcəyi məlum deyil, lakin Qərb düşünür ki, müharibənin dayandırılması ssenarilərinin müzakirəsində nə qədər çox ölkə iştirak etsə, bir o qədər daha yaxşı və tez nəticə əldə etmək olar.

 

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak İsveçrənin “Neue Zurcher Zeitung” qəzeti üçün dərc etdiyi köşə yazısında qeyd edir ki, əsas diqqət “Rusiya qoşunlarının tamamilə çıxarılması tələbinə, müharibənin dayandırılması, ədalətin bərqərar olması, qanunsuz zorakılıq hərəkətlərinə münasibət, müharibənin qızışmasının qarşısının alınması və dayandırılması şərtlərinə yönəlib.

 

Davosda, eləcə də 2023-cü ildə keçirilmiş əvvəlki üç görüşün - Kopenhagen, Səudiyyə Ərəbistanı və Maltada keçirilən görüşün məqsədi bir tərəfdən Qərbin və Ukrayna, digər tərəfdən isə Qlobal Cənub ölkələrin mövqelərini yaxınlaşdırmaq olub. Lakin Qərb mətbuatı qeyd edir ki, əvvəlki görüşlər o qədər də uğur gətirməyib. Lakin burada Ukraynanın əsas uğuru müzakirələrdə iştirak edən dövlətlərin sayının artmasıdır. Müqayisə üçün qeyd edək ki, Kopenhagendə keçirilən ilk görüşdə cəmi 14 iştirakçı toplaşıb. Avqustda Ciddədə 40-dan çox dövlət, oktyabrda isə 66 ölkə Maltada görüşüb.

 

Yermak qeyd edir ki, Avropanın 39 ölkəsindən gələn iştirakçılarla yanaşı, Asiyadan 18, Afrikadan 12, Cənubi Amerikadan 6, Şimali Amerikadan 3 və Okeaniyadan 2 nümayəndə “sülh formulu”nu müzakirə etmək üçün Davosa gəlib. Qərb rəsmilərindən biri Rusiya-Ukrayna münaqişəsinin həllində “əsas rol oynaya biləcək” Çinin görüşdə olmamasını böyük məyusluq adlandırıb. 

 

Görüşün həmsədrləri olan Ukrayna və İsveçrə mümkün qədər çox ölkəni “sülh formuluna” alternativin olmadığına inandırmağın zəruriliyini bəyan edirlər. Lakin Andrry Yermak daha çox Ukraynanın qələbəsi, İqnazio Kassis isə “bu müharibəni bitirmək üçün hər şeyi etmək” zərurəti haqqında danışıb.

 

Ukrayna prezidentinin aparat rəhbərinin sözlərinə görə, “sadə atəşkəs Rusiyanın təcavüzünün sonu olmayacaq” və “ruslar sülh istəmir”. “Seçim sadədir: ya uduzub yox olacağıq, ya da qalib gəlib davam edəcəyik”, - o belə deyir.

 

Kassis dəfələrlə təkrar edib ki, Ukraynanın planı sülh üçün əsasdır və bu, Ukrayna xalqı üçün son dərəcə zəruridir, lakin Rusiyanı prosesə cəlb etmədən münaqişəyə son qoymaq mümkün olmayacaq. İqnazio Kassis Yermakla bu mövzuda razılaşır ki, Rusiya güzəştə getməyə hazır deyil. O, Moskvanın nə vaxtsa belə bir istəyi ola biləcəyinə ümid etdiyini bildirib. "Biz gərək buna hazır olaq", - o qeyd edib.

 

Nazirin sözlərinə görə, milli təhlükəsizlik müşavirləri səviyyəsində məsləhətləşmələrin məqsədi təkcə “sülh formulunu” müzakirə etmək deyil, həm də Rusiyanı danışıqlara cəlb etmək mexanizmlərini hazırlamaqdır.

 

“Bu və ya digər şəkildə biz Rusiyanı prosesə cəlb etmək üçün bir yol tapmalıyıq. Rusiyanı öz sözünü deməyə imkan vermədən sülh olmayacaq”, - deyə Kassis bildirib.

 

Onun fikrincə, Hindistan, Braziliya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və Rusiya Federasiyası ilə sıx əlaqə saxlayan digər ölkələrin nümayəndələrinin Davosda bu cür görüşlərdə iştirak etməsi çox vacibdir. İsveçrəli siyasətçi qeyd edib ki, Moskvanı prosesə cəlb etmək “çətin olacaq, lakin alternativ yoxdur, Rusiya da danışıqların bir hissəsi olmalıdır”. 

 

Bu yerdə jurnalistlər ona Moskvanın “Zelenski düsturu”nun müzakirəsində iştirak etməyə razılıq verəcəyinə inanmağın çox sadəlövhlük olub-olmaması ilə bağlı sual ünvanlayıb. İqnazio Kassis poetik şəkildə “qapının nə vaxtsa açılacağına” ümidini ifadə edib və əlavə edib ki, "gözlənilməməlidir, lakin buna hazırlaşmaq lazımdır "

 

Başqa sözlə, isveçrəli siyasətçi sülh formulunun müzakirəsinin Rusiya ilə danışıqlara başlamazdan əvvəl yüzlərlə ölkə üçün hansısa ümumi fikrə gəlmək imkanı olduğunu açıqlayıb.

 

Lakin Moskvada isveçrəli siyasətçinin sözləri o qədər də həvəs oyatmayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Zelenskinin planı" deyə bir şeyin olmadığını iddia edib. "Bu, başqa bir səhnədir, məqsədi sülh prosesi pərdəsi altında mümkün qədər çox ölkəni cəzb etmək, anti-Rusiya konsolidasiya görüntüsü yaratmaqdır", - o, belə deyib.

 

Bu arada İsveçrə XİN rəhbəri qeyd edib ki, Davosda keçirilən dördüncü görüş bu səviyyədə sonuncu ola bilər. Lakin o, bu müzakirələri nəyin əvəz edəcəyini dəqiqləşdirməyib. Kassis “sülh konfransı”nın (görünür, dövlət başçıları səviyyəsində) Rusiyasız keçirilməsinin mümkünlüyünü istisna edib.

 

Bu arada Zelenski də sülh formulunu barədə danışmaq üçün Davosa gələcək. Onun Davosda çıxışı yanvarın 16-na planlaşdırılıb. Qərb mətbuatının yazdığına görə, Ukrayna liderinin Qərb müttəfiqləri nəinki açıq çıxış, həm də 2024-cü il üçün hərbi strategiya ilə bağlı təfərrüatları ABŞ rəsmilərinə deyə biləcəyini gözləyirlər.

 

Görünür, döyüş əməliyyatları zamanı Ukraynanın hansı strategiyanı izləyəcəyini başa düşmədən Vaşinqton gələcək dəstək üçün konkret parametrləri qeyd etməyə hazır deyil. ABŞ Konqresində Ukraynaya hərbi yardım perspektivlərini əllərində saxlayan respublikaçılar Kiyevdən “qələbə planı” tələb edirlər. 

 

"Bloomberg" yazır ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin yaxın aylarda irəliləyiş əldə edəcəyini çətin hesab edirlər və buna görə də hazırkı mövqeləri saxlamaq planını görmək istəyirlər, bundan sonra yeni əks-hücum əməliyyatına keçid mümkündür.

 

Yerli gəlmişkən, Ukraynanın sülh formulu üzrə müzakirələrdə Rusiyanın rəhbərlik etdiyi hərbi və siyasi ittifaqlarda təmsil olunan Ermənistan da iştirak edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi