Modern.az

Qondarmabaşı "lider"lər kim olub... - Koçaryanı da onların aqibəti gözləyir

Qondarmabaşı

Analitika

17 Yanvar 2024, 17:58

Məlum olduğu kimi, ötən ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərində 1 sutkadan da az müddətdə darmadağın edilən Qarabağdakı keçmiş qondarma rejimin 28 sentyabr 2023-cü ildə bu ilin 1 yanvar tarixinə özünü buraxdığı elan olunmuşdu. Uzun illər Azərbaycanda separatizm yuvasına çevrilən bu terrorçu quruma "mövcudluğu dövründə" 5 nəfər başçılıq edib. Bunlar Robert Koçaryan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Aruyutyan və Samvel Şahramanyandır.

 

Qondarmabaşı "lider"lərdən birincisinin - Xocalı soyqırımın törədilməsində şəxsən iştirak edən Robert Koçaryanın sonradan "möhtəşəm" siyasi karyerasını Qarabağda yox, Ermənistanda davam etdirdiyi və 1998-2008-ci illərdə bu ölkənin prezidenti olduğu bilinən faktdır. Onun mənasız həyat və fəaliyyəti haqqında mətbuat səhifələrində, eləcə də rəsmi mənbələrdə kifayət qədər məlumat dərc olunub. Hazırda isə ya ədalət mühakiməsinin, ya da ölümün pəncələrini üstündə hiss etmək üçün oksigen israfına davam etdiyi sirr deyil.

 

Lakin törətdiyi cinayətlərin layiqli cəzasını çəkmək üçün Azərbaycanda - təcridxanada gözləyən Qukasyan-Saakyan-Arutyunyan üçlüyünün "görkəmli" bioqrafiyasına nəzər yetirmək, qondarmabaşıların kim olduğunu bilmək maraqlı ola bilər. Bəlkə yaxınlarda başlayacaq məhkəmə proseslərində dəqiqləşdirməli olacaqları anket məlumatlarını unudublar...

 

 

Arayik Arutyunyan 1973-cü il dekabrın 14-də Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1990-cı ildə fizika-riyaziyyat məktəbini bitirib və həmin il İrəvan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Sonradan Xankəndidə yerləşən ali təhsul müəssisəsində iqtisadiyyat fakültəsini bitirib. 90-cı illərdən Azərbaycana qarşı işğalçılıq və separatizm dalğasına qoşulan gələcək qondarmabaşı 1992-ci ildə oyuncaq "özünümüdafiə qüvvələri" sıralarına qoşulub böyüyüb boya-başa çatdığı ölkəyə qarşı silah qaldırıb.

 

Arutyunyan 1995-1997-ci illərdə qondarma qurumun "İqtisadiyyat və Maliyyə Nazirliyi"ndə "nazirin köməkçisi" vəzifəsində çalışıb. 1997-1999-cu illərdə “Armagrobank”ın Əsgəran filialının müdiri, 1999-2004-cü illərdə “Armaqrobank”ın Xankəndi filialının müdiri vəzifələrində çalışıb. Sonradan oyuncaq "parlament"in deputatı, Azat Hayrenik (“Azad Vətən”) partiyasının sədri, fraksiya rəhbəri olub.

 

2007-ci il sentyabrın 14-də Bako Saakyanın təklifi ilə "parlament" tərəfindən yekdilliklə "baş nazir" seçilib. 2010-cu ildə onun rəhbərlik etdiyi siyasi qüvvə "parlament seçkiləri"ndə qalib gələrək 33 mandatdan 14-nü qazanıb. 25 sentyabr 2017-ci ildən 2018-ci il iyunun 6-dək qondarma "dövlət naziri" olub. 2020-ci ildə qondarmabaşı olmaq arzusuna çatan Arayik Arutyunyan xunta rejiminin "prezident"i seçilir. Məhz onun qondarmabaşı olduğu dövrdə 44 günlük müharibə baş verib və Azərbaycan ərazilərini işğaldan azad edib.

 

Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsindən sonra Moskvaya daha "şirin" görsənmək üçün Ukrayna ərazisində yaradılmış "prezidenti" olduğu "dövlət" kimi qondarma olan "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" separatçı rejimlərinin tanınmasını dəstəkləyib. 31 avqust 2023-cü ildə o, sentyabrın 1-də tutduğu "vəzifə"dən istefa vermək niyyətində olduğunu bildirib və bunu edib. Oktyabrın üçündə Azərbaycan dövləti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Hazırda təcridxanada məhkəməsinin başlanacağı vaxtı gözləyən Arayik Arutyunyana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri ilə ittiham irəli sürülüb.

 

 

Arayik Arutyundan əvvəlki qondarmabaşı Bako Saakyan isə 1960-cı il avqustun 30-da Xankəndi şəhərində anadan olub. 1977-ci ildə həmin şəhərdəki 1 saylı orta məktəbi bitirib. 1978-1980-ci illərdə hərbi xidməti başa vurduqdan sonra 9 saylı Xankəndidəki İstehsalat Mexanikləşdirilmiş Zavodunda mexanik, 1982-ci ildə həmin şəhərdəki Tikinti Materialları Zavoduna fəhlə işləyib. 1983-1987-ci illərdə bərpaçı usta, 1987-1990-cı illərdə rayon təchizat idarəsində tədarükçü olub. O, 1988-ci ildən separatçı dalğanın fəallarından biri kimi tanınıb.

 

1990-cı ildə Saakyan qondarma "özünümüdafiə qüvvələri" sıralarına qoşulub. 1992-1993-cü illərdə bu sahədə maddi-texniki təchizatdan cavabdeh olub. 1993-1995-ci illərdə - Maddi-texniki təchizat üzrə "qərargah rəisi", 1995-1996-cı illərdə "Müdafiə Ordusu komandanının xarici əlaqələr üzrə müavini" olub. 1997-1999-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi olub. 1999-2001-ci illərdə oyuncaq qurumun "daxili işlər naziri", 2001-2007-ci illərdə "milli təhlükəsizlik naziri" kimi Azərbaycana qarşı fəaliyyət göstərib.

 

2007-ci ildə qondarmabaşı olmaq xəyalları reallığa çevrilən Saakyan da 2020-ci ilə kimi özünü "prezident" hiss edib. 2023-cü il oktyabrın 3-də Arayik Arutyunyanla birlikdə o da saxlanılaraq Bakıya gətirilib. O da törətdiyi cinayətlərin bədəlini ödəmək üçün gözləməkdədir.

 

 

Koçaryandan sonra, Saakyandan əvvəl qondarmabaşı olan Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olub. 1974-cü ildə buradakı 8 nömrəli orta məktəbi bitirib. 1979-cu ildə isə İrəvan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1980-ci ildə Qarabağda ermənicə çıxan “Sovetakan Ğarabaği” (“Sovet Qarabağı”) qəzetinin redaksiyasında əvvəlcə müxbir işləyən Qukasyan 1981-ci ildə baş redaktorun müavini olub.

 

1988-ci ildən separatizm dalğasının fəal iştirakçısı olub. Ekstremist fəaliyyətinə görə hələ SSRİ-nin mövcud olduğu 1990-cı ildə bir ay müddətinə həbs edilib. Daha sonra isə ev dustaqlığına məhkum edilib. 1992-ci ilin sentyabrında Qukasyan qondarma qurumun "Dövlət Müdafiə Komitəsi sədrinin siyasi məsələlər üzrə müşaviri" təyin edilib.

 

1993-cü ilin iyulunda oyuncaq "Xarici İşlər Nazirliyi" yaradılıb və Qukasyan ilk "XİN başçısı" olub. 1993-cü ildə Qukasyan separatçı rejimin "Təhlükəsizlik Şurasının üzvü" kimi Azərbaycana qarşı fəaliyyət göstərməyə davam edib. 1997-ci ilin sentyabrında qondarmaşılığa çatıb "prezident" olan Qukasyana 2000-ci il martın 22-də sui-qəsd edilib. Nəticədə o yaralanıb və 2001-ci ildə qondarma qurumun "keçmiş müdafiə naziri" Samvel Babayan sui-qəsdin təşkilatçısı və sifarişçisi kimi əmlakı müsadirə olunmaqla 14 il müddətinə həbs olunub.

 

2023-cü il oktyabrın 3-də o da "həmkar"ları kimi saxlanılaraq Bakıya gətirilib. Ədalətin zəfər çalması üçün Robert Koçaryanın, Serj Sarkisyanın da mühakimə olunması və törətdikləri ağır cinayətlərə görə cavab verməsi vacibdir. Qondarma qurumun buraxılması ilə bağlı İrəvandan fərqli açıqlamalar verən Şahramanyanın da...

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi