Modern.az

Müharibələr və təbii fəlakətlər - Dünyada nələr baş verir...

Müharibələr və təbii fəlakətlər - Dünyada nələr baş verir...

Analitika

22 Yanvar 2024, 17:40

Müharibə və fəlakətlərin tarixi bəşər tarixi ilə paralel inkişaf edir. İnsanlar daş dövründə, ibtidai icma quruluşunda, tayfa ittifaqları şəklində yaşadığı dövrdən ehtiyaclarını ödəyəcək resurslar uğrunda savaşıblar. Əvvəl heyvanlarla, təbiətin özü ilə, sonra isə bir-birləri ilə... Qida və daldalanacaq məkan üçün başlayan döyüşlər sonradan feodal hakimlərinin iqtisadi maraqları (vergi yığmaq), cəngavərlərin prestiji üçün aparılan müharibələrə çevrildi. Müasir dövrdə isə savaşların motivi əsasən geopolitikdir.

 

XX əsrdə dünya 2 böyük müharibə baş verdikdən sonra bəşəriyyət dəhşətli nəticələrindən qaçmaq üçün buna son qoymağa meylləndi. sonra savaşlara münasibət tədricən dəyişməyə başladı. İnsan həyatının qiymətsizliyi dərk olunduğu üçün sülhü prioritet elan edən beynəlxalq təşkilatlar formalaşdırıldı. Mübahisələrin dinc yollarla həll edilməsinə can atıldı.

 

 

Qaçılmaz olduqda və zərurətə çevrildikdə müharibələrin necə aparılacağı, hansı qayda-qanunlara əsaslanacağı, az qala adam öldürməyin "humanizmə söykənəcəyi" də təsbit olundu və "əxlaqlı müharibələr" üçün beynəlxalq hüquqda ayrıca sahə də yaranmış oldu.

 

Təəssüf ki, müasir dünyada müharibələr heç nəzəri baxımdan da "əxlaqlı" aparılmır. Dinc sakinlərin ölümü normaya çevrilib. Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələrinə hər gün daha biri əlavə olunur. Son günlər İran-Pakistan müharibəsinin astanasında olan dünya hələ sadalanmayan, diqqətdən kənarda qalan, unudulan, hər an alovlanmaq riski daşıyan neçə yatmış münaqişə nöqtələrinə, müharibə ocaqlarına ev sahibliyi edir.

 

 

Artıq yuxarıda qeyd edildiyi kimi, əksər hallarda bütün bunların motivi geopolitik xarakter daşıyır. Böyük güclərin, dünyaya hökmranlıq etmək istəyən siyasi mərkəzlərin merkantil maraqları, iqtisadi, hərbi və geopolitik ambisiyaları ucbatından savaşlar səngimək bilmir. Soyuq müharibə dövründə ikiqütblü dünyadan SSRİ-nin dağıkması ilə təkqütblü dünyaya keçid edən siyasi mənzərədə yenidən qütb olmaq istəyən qlobal aktorların mübarizəsi insanların həyatı bahasına davam edir.

 

Bütün Avrasiya məkanına nəzarətə iddia edən Rusiya ilə ABŞ-ın, hələlik daha çox iqtisadi ekspansiya xətti tutan Çinlə Qərbin toqquşması "bufer zonada" - əslində dünyanın geri qalanında faciəvi nəticələr doğurmaqdadır. Bundan başqa, Hindistan, Braziliya, Fransa, İran və digər regional güc mərkəzlərinin də nisbətən daha lokal miqyaslarda ambisiyalarını realizə etmək yanğısı əlavə problemlərə səbəb olur.

 

 

Dünyanın rahat nəfəs alması üçün bu geopolitik mübarizə dayanmalı, əsas məqsəd insanların - dünya əhalisinin dinc, birgə, rifahlı və yüksək həyat keyfiyyəti standartlarında yaşaması olmalıdır. Rəqabətdə geri qalmamaq üçün hərbi istiqamətə xərclənən kosmik rəqəmlərlə bütün humanitar problemləri həll etmək, iqtisadi böhranların kökünü qazmaq, aclıq və yoxsulluğu ləğv etmək mümkündür.

 

Üstəlik, nəzərə almaq lazımdır ki, hazırda bəşəriyyətin qarşılaşdığı tək problem, həlli ilk baxışdan yuxarıda göstərildiyi kimi olduqca bəsit görünən məsələ müharibələr və geopolitik mübarizə deyil. Daha böyük və həlli daha ağır və çətin olan problem təbii fəlakətlərdir. Geopolitik amilin də böyük rol oynadığı iqtisadi artımı təmin etmək üçün resursların vəhşicəsinə istismarı, flora və faunanın məhvi, atmosferin çirkləndirilməsi və digər ekoloji problemlər zəlzələ, vulkan, sel və daşqınlar, qasırğa, fırtına və digər dağıdıcı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasını mürəkkəbləşdirməkdədir...

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi