Modern.az

Gürcüstanda nə baş verir... - İvanişvili geri qayıdır?

Gürcüstanda nə baş verir... - İvanişvili geri qayıdır?

Analitika

30 Yanvar 2024, 17:52

Ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verdi. Qərarın komanda tərəfindən verildiyini deyən siyasətçinin hakim "Gürcü Arzusu" Partiyasının sədrliyinə keçməsi, hazırkı sədr İrakli Kobaxidzenin isə hökumətə başçılıq etməsi ilə bağlı partiyadaxili razılaşma olduğu qeyd olunur. Qaribaşvili açıqlamasında qərarı silahdaşları üçün də idarəçilikdə şans yaranması ilə izah etsə də, proseslərin partiya qurucusu və fəxri sədr, oliqarx Bidzina İvanişvilinin dirijor çubuğu ilə getdiyi sirr deyil.

 

Yada salaq ki, ötən ilin sonlarıda aktiv siyasətə qayıtdığını elan edən və partiya rəhbərliyində mühüm post tutmağa başlayan oliqarx hələ Saakaşvili prezident ikən onun partiyasını parlament seçkilərində məğlub edərək qısa müddət baş nazir postunu tutduqdan sonra siyasi həyatdan çəkildiyi müddətdə də pərdə arxasından hakim partiyanı idarə edib, "boz kardinal" kimi həlledici məqamlarda mövqeyi təsirli olub.

 

Biznesini uzun illər Rusiyada qurmuş, sərvətini bu ölkədə qazanan İvanişvili Qərb mətbuatında tez-tez "Rusiya mənşəli gürcü oliqarx" adlandırılır. Sözsüz ki, burada mənşə dedikdə, İvanişvilinin yox, oliqarxlığının mənşəyindən söhbət gedir. Bununla belə, "Gürcü Arzusu" hakimiyyətə gəldikdən sonra da Saakaşvilinin dövründə inkişaf edən qərbyönümlü xarici siyasət kursunu dəyişdirə bilmədi. Zaman-zaman buna meyl göstərilsə və Rusiyaya yönəlik reveranslar edilsə də, ictimai rəy, cəmiyyətin təpkisi iqtidarı bundan çəkindirib.

 

 

Bu baxımdan eyni partiyanı təmsil edən Qaribaşvilinin Kobaxidze ilə əvəzlənməsinin Gürcüstanın rəsmi siyasi kursunda əsaslı və köklü dəyişikliklər yaratması gözlənilən deyil. Siyasəti müəyyən edən baş personanın - İvanişvilinin dəyişmədiyi nəzərə alınarsa, ümumiyyətlə, hər hansı dəyişikliyin baş verib-verməməsi şübhəlidir. Qənaət bundan ibarətdir ki, hökumətdə kadr dəyişikliyi partiyadaxili məsələlərdən qaynaqlanır.

 

Güman etmək olar ki, İvanişvili hazırkı mərhələdə Kobaxidzeni Qaribaşvilidən daha etibarlı və yaxın şəxs hesab edir. Bu gümanı möhkəmləndirən bir başqa məqam isə yayılan ilkin məlumatlarda Qaribaşvilinin baş nazirlikdən istefadan sonra hakim partiyanın sədrliyinə namizəd olacağını, lakin bu postu İvanişvilinin oğlunun tutacağını əks etdirən detalların olması idi.

 

Görünür, sonradan bunun siyasi və imic riskləri doğuracağı nəzərə alınaraq, oğul İvanişvilinin partiya sədrliyinə gətirilməsi məqbul variant hesab edilməyib. Gürcüstana geopolitik səbəblərdən Avropa İttifaqına namizəd ölkə statusu verilsə də, Aİ rəsmiləri də Tbilisinin demokratiya məsələləri də daxil olmaqla, bir sıra problemlərinin olduğunu etiraf edirlər. Hakim partiya bunu qəbul etməsə də, namizədlik üçün əvvəlki mərhələdə irəli sürülən şərtlərin yerinə yetirilmədiyi məlumdur.

 

 

Sadəcə Rusiya perspektivinin tamamilə sıfırlanması üçün Aİ-yə namizəd edilən Gürcüstanda təkcə sabiq prezident, əsas opponent, siyasi ambisiyaları olan Mixail Saakaşvilinin həbsdə saxlanılması faktı insan hüquqları ilə bağlı problemdən xəbər verir.

 

Təsadüfi deyil ki, analitiklər sağ-mühafizəkar təmayüllü Gürcüstan hakimiyyətinin "orbanizasiya"sından danışaraq Avropa İttifaqına üzv ola-ola Rusiyayönümlü siyasət yürüdən və ciddi demokratik problemləri olan Macarıstan baş naziri Viktor Orbanın hakimiyyətinə bənzədirlər.

 

 

İstənilən halda Gürcüstanla münasibətlər Azərbaycan xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil etməkdədir. Tarix göstərir ki, hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq Azərbaycan-Gürcüstan münasibətləri üst-üstə düşən və qarşılıqlı faydaya əsaslanan maraqlara söykənir. Bu əsaslar iki ölkəni bir-biri ilə xoş münasibətlərdə olmağı üçün motivasiya edir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok