Modern.az

Cavabsız qalmayan düşmən təxribatı: Məsuliyyət Ermənistanın üzərindədir!

Cavabsız qalmayan düşmən təxribatı: Məsuliyyət Ermənistanın üzərindədir!

Analitika

13 Fevral 2024, 11:40

Ermənistan Azərbaycanla şərti sərhəddə iki təxribat törədib. Ötən gün saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Dünən gecə saatlarında həm də Tovuz atəşə tutulub.

 

Ordumuz Ermənistanın Zəngilan istiqamətində təxribatına cavab olaraq "qisas əməliyyatı" keçirib. Əməliyyat nəticəsində qarşı tərəfin döyüş postu darmadağın edilib. Ermənistan bir neçə hərbçisinin öldüyünü və yaralandığını açıqlayıb.
 

Rəsmi Bakı Ermənistan ordusunun təxribatını sülh prosesinə zərbə kimi qiymətləndirib.

 

Bəs Ermənistan niyə təxribata əl atdı? Bu təxribatın arxasında hansı motivlər dayanır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Ermənistanın atəşkəsi pozmasının əsas səbəblərini belə izah edib:

 

“Ermənistan Müdafiə Nazirliyi də atəşkəsin dolayı yolla onlar tərəfdən pozulmasını təsdiq edir. Guya verilən əmrə zidd olaraq atəş açan hərbçiləri hadisədə iştirakları sübuta yetirilsə, mütləq cəza gözləyir. Bu, özü sübutdur ki, onlar həqiqətən də, təxribata yol verib. İstər Zəngilan, istərsə də Tovuz istiqamətində törədilən təxribat göstərir ki, atəşkəs faktiki olaraq SSRİ zamanı sərhəd olan regionda baş verib. Məhz buna görə də hadisə dövlət sərhədinin pozulması kimi dəyərləndirilməlidir. Bunun da səbəbi var. Son zamanlar Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Qaluzinin erməniləri Qarabağa qaytarıb, onların təhlükəsizliyini  təmin edə biləcəkləri ilə bağlı açıqlamaları, eyni zamanda bu ölkənin Azərbaycandakı səfirinin Qarabağ münaqişəsi artıq bitib deməsi əsas faktorlardır. Bütün bu açıqlamaların təsiri var. Ermənistandakı istər müxalif, istər iqtidar qüvvələri nəyin bahasına olur-olsun Rusiyanın regionda rolunun azalmasını istəyirlər. Bunu təbii ki, Qərb də istəyir və dəstəkləyir”.

Deputat təxribatların sülh müqaviləsinin gecikməsinə təsir etdiyini söyləyib:

 

“Doğrudan da, atəşkəs pozulursa, onda vaxtilə gətirilən və viziual kəşfiyyatçı kimi fəaliyyət göstərən istər Fransanın, istər digər Qərb dövlətlərinin nümayəndələri niyə susur? Birmənalı olaraq bu, düşünülmüş məsələdir. Əsas məqsəd sülh müqaviləsinin imzalanmasının gecikməsinə, status-kvo-nun olduğu kimi qalmasına nail olmaqdır. Son zamanlar Ermənistanın Baş naziri və xarici işlər nazirinin verdiyi absurd bəyanatlar da  bu və ya digər şəkildə sülh müqaviləsinin imzalanmasını gecikdirmək istədiklərini göstərir.Rusiya da, Qərb də burada vasitəçi olmaq istəyir. Eyni zamanda Azərbaycanın yürütdüyü müstəqil xarici və daxili siyasət Ermənistanı və onun havadarlarını qane etmir.

 

Fevral ayının 24-ü Rusiya ilə Ukrayna arasındakı müharibənin ildönümüdür. Qərb maraqlıdır ki, regionda stabillik pozulsun və Rusiyanı günahlandırsınlar. Bütün baş verən proseslərdə əsas məqam Rusiyanı regiondan uzaqlaşdırmağa, eyni zamanda onun təsirini azaltmağa, Azərbaycanın müstəqil siyasətinə mane olmağa istiqamətlənib. Buna da nail olmaq üçün Ermənistandan vasitə kimi istifadə edirlər".

 

Deputat qarşı tərəfə adekvat cavab veriləcəyini vurğulayıb:

 

" Azərbaycan adekvat cavab verəcək. Bizim suverenliyimizə, ərazi bütövlüyümüzə istənilən təhdidin qarşısı artıqlaması ilə alınacaq. Buna görə də Qərb, Rusiya və digər dövlətlər də suverenliyimizin, ərazi bürtövlüyümüzün çox mühüm olduğunu anlamalıdır. Bu baxımdan sülh müqaviləsinə mane olmaq mümkün deyil".

 

Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, düşmən təxribatları heç vaxt cavabsız qalmır:

 

"Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyat ilə cavab verdi. Ermənistan siyasi hərbi rəhbərliyi tam əmin olmalıdır ki,  bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Bunu Ali Bas Komandan dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Ermənistan Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq. Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi dar aşağı ediləcək, zərurət yaranarsa həmin mövqelərdə Azərbaycan əsgəri və dövlət Bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb".

Hərbi ekspert onu da vurğulayıb ki, baş verən hadisələrə görə Aİ missiyası da məsuliyyət daşıyır:

 

"Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının missiyasının üzərinə düşür.

 

Baş verən təxribatlara Aİ missiyası  reaksiya vermək , təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir.  Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə biləcəklər. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrılı-acılı nəticələr əldə edəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok