Modern.az

Sülh üçün Berlinə getmək lazım deyil - Sabiq XİN başçısı ilə MÜSAHİBƏ

Sülh üçün Berlinə getmək lazım deyil - Sabiq XİN başçısı ilə MÜSAHİBƏ

Müsahibə

29 Fevral 2024, 14:48

Ötən gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlində danışıqlar başlayıb. Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli və almaniyalı həmkarları Annalena Berboku iştirakı ilə üçtərəfli formatda görüşlər keçirib.

 

28-29 fevral tarixlərində keçirilən görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar aparılır.  Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

 

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.

 

Modern.az XİN başçılarının görüşü, Berlinin vasitəçiliyi və bundan sonra görüşün olub-olmayacağı ilə bağlı məsələlər ətrafında sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla həmsöhbət olub.

 

Müsahibəni təqdim edirik:

 

-Azərbaycan və Ermənistan XİN başçıları Berlin görüşünün birinci günü artıq yekunlaşıb. Maraqlıdır Berlinin vasitəçiliyi Azərbaycan üçün nə vəd edir?

 

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşündə vasitəçilik yoxdur. Sadəcə olaraq XİN başçılarının görüşünə imkan yaradırlar. Vasitəçilik fərqli bir anlayışdır. Mən bildiyimə görə sadəcə açılışda Almaniya XİN başçısı gəlib, nazirləri salamlayıb və məkanı tərk edib. Daha sonra nümayəndə heyətləri təkbətək qalıb danışıqları davam etdirib. Görüşdə əsas müzakirə olunan məsələ sülh sazişidir. Sənəd böyük deyil. Cənab Prezident demişkən sənəd cəmi 5-6 səhifədir. Həmin sənəddə də konkret hansısa məsələlərin həll olunması nəzərdə tutulmur. Sənədin əsasını 2021-ci ildə Azərbaycanın irəli sürdüyü 5 prinsip təşkil edir. Bu da saziş kimi yox, daha çox bəyanat kimi olacaq. 5 prinsip və onlara əməl olunması kimi məsələlər barəsində mətn qəbul olunacaq. Konkret mövzular, məsələn delimitasiya və demarkasiya, kommunikasiyaların bərpa olunması kimi məsələlər sonrakı danışıqlarda öz həllini tapacaq.

- Bu gün Berlin görüşü başa çatacaq. Görüşdən Azərbaycan hansısa nəticələr əldə edib, irəliləyişlər qət edəcək?

 

- Ermənistan çalışır ki, prinsip yox, konkret məqamları ora daxil etsin. Onlara sərf edən sərhədlərin xəttini təsbit etməkdir. Qarşı tərəfin istəyi 1975-ci ilin və hansısa Sovet ordusunun baş qərargahının xəritələri ətrafında razılaşmaqdır. Amma Azərbaycanın bu məsələdə mövqeyi fərqlidir. Müxtəlif bölgələrə aid fərqli xəritələrin istifadəsi nəzərdə tutulur. Bu o deməkdir ki, sərhədin əsas xətti məsələsinə geniş şəkildə baxılacaq. Ola bilsin ki, məsələ sovet dövrünü əhatə etsin. Bolşevik Rusiyası bizi Ermənistandan daha tez işğal edib. Azərbaycan apreldə işğal edildiyi halda, Ermənistan dekabrda işğal olunub. İşğal olunarkən bizim aramızda sərhəd vardı. Həmin bolşevik ordusu hansısa sərhəddə durmuşdu. Azərbaycan bu mövqeyi təklif edəcək. İşğal olunan dövrü əsas götürəcək. Çünki SSRİ-nin dağıldığı1991-ci ildə Ermənistan mövcud sərhədlərdən imtina edib, qəbul etməyib. Avtomatik olaraq müzakirələrdə sovet dövrünün müxtəlif xəritələrindən istifadə oluna bilər.

 

- XİN başçılarının bundan sonra da Avropada, yaxud Vaşinqtonda görüşlərinin olması gözlənilirmi?

 

- Bu danışıqların, görüşlərin elə də əhəmiyyəti yoxdur. Müxtəlif sənədlərin versiyasının 6-cı, yaxud 7-ci mübadiləsi baş verir. İnternet vasitəsilə sənədlər göndərilir. Demək olar ki, danışıqlar onsuz da gedir. İnternetlə göndərilən sənədin layihəsi ilə birbaşa danışıqların fərqi elə də böyük deyil.  Bu o demək deyil ki, nazirlər səviyyəsində görüşdə kimsə nəyisə dəyişə bilər. Bu daha çox siyasi hadisə kimi qiymətləndirilə bilər. Sərhəddə erməni tərəfindən təxribatlar olub. Bu siyasi görüşlər qarşıdurma əhval ruhiyyəsinə son qoymaq və qarşılıqlı etimad mühitini yaratmaq üçün atılan addımlardır. Lakin mətn razılaşdırmaq üçüb hesab edirəm ki, Berlinə getmək lazım deyil. Elə prezident, yaxud XİN ofisindən təkliflər göndərilə bilər. Bu baxımdan proses davam edir. Bəzi qüvvələr istəyirlər ki, Azərbaycan-Ermənistan mövzusu beynəlxalq gündəmdə qalsın. Biz bunun tərəfdarı deyilik. Əgər istəyirlərsə, bir-iki dəfə Berlinə gedə bilərik. Əslinə qalsa, heç xaricə getməyə ehtiyac yoxdur. Sərhəddəki  görüşlərdə də həmin nəticələr əldə oluna bilər. Bu daha çox Rusiya ilə Qərb arasında olan oyundur. Rəqabət aparırlar ki, kimin vasitəçiliyi olacaq. Amma Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bizə vasitəçilik lazım deyil. Ona görə də belə görüşlərin davamının olub-olmaması elə də əhəmiyyətli deyil ki, biz ona  həddindən artıq önəm verək.

 

1328097

- Bəs bu il sülh sazişinin imzalanmasını gözləyə bilərik?

 

- Sülh sazişinin hansısa məsələni həll etməyəcəyini başa düşməliyik. Qarşımızda sərhədlərin müəyyən olunması, kommunikasiyaların bərpası, humanitar məsələlər, təzminat məsələsi, insanlıq əleyhinə cinayət törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb olunması kimi məsələlərin həlli var. Berlin yer dəyişikliyidir. Oradan böyük gözləntilərin işartıları yoxdur. Saziş isə bəyanat şəkilində olan bir sənəddir ki, biz bu prinsiplərə əməl edəcəyik. Əslinə qalsa, Azərbaycanının irəli sürdüyü prinsiplər beynəlxalq hüququn tələbləridir. İstənilən ölkə ona riayət edir. Ermənistan vaxtilə bunu pozub və bizə qarşı hərbi təcavüz edir. İndi əsas məsələ onların ərazi iddialarından əl çəkməyə razılıq verməsidir. Sülh sənədinin əsası budur. Bundan başqa vacib nüans mən görmürəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir