Modern.az

Görüş üçün növbəti şəhər: Bayramov-Mirzoyan neçə dəfə və harada görüşüblər...

Görüş üçün növbəti şəhər: Bayramov-Mirzoyan neçə dəfə və harada görüşüblər...

Ölkə

28 Fevral 2024, 10:38

Azərbaycan və Ermənistan xarici işlər nazirləri 28-29 fevral tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində görüşəcək. Məlumatı Ermənistan tərəfi yayıb. Rəsmi Bakıdan hələlik görüşlə bağlı heç bir açıqlama verilməyib.

 

Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü barədə razılıq Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar zamanı əldə edilib. Sözügedən görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dəfələrlə görüş keçirilib və bu görüşlər dünyanın müxtəlif şəhərlərində baş tutub. Ancaq Berlin Ceyhun Bayramov və Mirzoyanın görüşü üçün yeni şəhərdir.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Bayramov-Mirzoyan görüşlərini araşdırıb.

 

İlk görüş

 

Ararat Mirzoyan 2021-ci ilin avqust ayında Ermənistanın xarici işlər naziri təyin edilib. Onun azərbaycanlı həmkarı Ceyhun Bayramovla ilk görüşü elə həmin ilin oktyabr ayına təsadüf edir. 14 oktyabr 2021-ci ildə Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü və vasitəçiliyi ilə Ceyhun Bayramovun Mirzoyanla görüşü baş tutub.

 

Görüşdə Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

 

Bayramov və Mirzoyan Parisdə üçtərəfli görüşdə iştirak edir

 

İkinci Qarabağ Müharibəsinin başa çatmasının birinci ildönümündə Fransanın xarici işlər naziri Jan-İv le Drian Bayramov və Mirzoyanla görüşüb. Öncə fransalı nazir həmkarlarını ayrı-ayrılıqda qəbul edib. Daha sonra görüş üç nazir arasında baş tutub.

 

Görüş zamanı Fransa diplomatiyasının rəhbəri ölkəsinin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəyini bir daha vurğulayıb. Nazir həmkarları ilə siyasi səviyyədə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Nazirlər telefon danışıqlar aparır...

 

Görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa telefon danışıqları baş tutub. 11 və 25 aprel 2022-ci ildə Ceyhun Bayramov Mirzoyanla iki dəfə danışıqlar aparıb.

 

Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

4 oktyabr 2022-ci il tarixində Amerika Birləşmiş Ştatları dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə xarici işlər nazirləri arasında telefon danışığı aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

 

İlk ikitərəfli görüş

 

Gürcüstanın paytaxtı Tbilisidə 2022-ci iyulun 16-da  xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

 

Nyu York və Cenevrə görüşləri

 

Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib. 2022-ci il oktyabrın 2-də isə Cenevrədə nazirlərin görüşü baş tutub. Nazirlər Azərbaycan və Ermənistan arasında sülh razılaşması üzrə fikir mübadiləsi ediblər və regional kommunikasiyaların açılması məsələsi haqda danışıblar.

 

Bunlar həmin ilin sentyabrında baş verən qanlı toqquşmadan sonra baş tutan görüşlər idi.

 

Yenidən Rusiyanın vasitəçiliyi...

 

14 oktyabr 2022-ci ildə Astana şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Mirzoyan və Ceyhun Bayramov arasında üçtərəfli görüş keçirilib. Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. 

 

Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

ABŞ görüşlər

 

Ceyhun Bayramov və Mirzoyan 2022-ci ilin noyabr ayında və ötən ilin may ayında ABŞ-də iki görüş keçirib. 7 noyabr 2022-ci ildə keçirilən görüşdə nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib.

 

May ayında baş turan dörgünlük görüşlər Arlinqtonda keçirilib, görüşdə XİN başçıları tərəfindən Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinə dair müzakirələr aparılıb. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

 

27-29 iyun 2023-cü il tarixində Arlinqtonda keçirilən növbəti görüşdə nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Bir neçə gün sonra Moskvada

 

Mirzoyan və Bayramov mayın 19-da Moskvada yenidən bir araya gəliblər. Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər.

 

Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

 

25 iyul tarixində isə Ceyhun Bayramov Lavrov ilə ikitərəfli, daha sonra isə Mirzoyanla üçtərəfli görüşlər keçirib. Görüşlərdə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.

 

İlk dəfə Tehranda...

 

Ötəni ilin oktyabr ayında Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıq olub. Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında məlumat verib.

 

Abdullahian bildirib ki, Tehranda "3+3" formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır. O qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb. Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.

 

Beləliklə, Berlin Ceyhun Bayramov və Mirzoyan arasında görüş üçün növbəti məkan olaraq seçilib. Bu, XİN başçıları arasında antiterror tədbirlərindən sonra birbaşa keçirilən ilk görüş olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik