Modern.az

“Bir kəndin məşhurları” - Bakının Əmircan kəndindən olan tanınmışlar - RUBRİKA

“Bir kəndin məşhurları” - Bakının Əmircan kəndindən olan tanınmışlar - RUBRİKA

10 Avqust 2015, 16:10


Tarixi

Əmircan Bakının qədim kəndlərindən sayılır. Sahəsi 2,6 min kvadrat kilometr, əhalisi 30 min olan bu kənd Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşir. Kəndin ən qədim adı Xilə olub, sonradan dəyişdirib Əmircan qoyublar. Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə tayfaları deyilir), kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Tarixçi Sara Aşurbəyli  “Şirvanşahlar dövləti” kitabında Xilənin qədim adının yaranması haqqında belə bir məlumat verir: “On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyə malik olduqları Hillədən buraya köçüb gəlmiş rəbiə tayfaları kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salıblar. Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyildilər. Abşerondakı Xilənin qədim əhalisi haqqında burada skiflərin yaşadıqlarını təsdiq edən arxeoloji tapıntılar xəbər verir”. 

Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, stadion, Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və “Neftçilər” kitabxanaları var. 

Kəndin məşhur yetirmələri

Abbasqulu ağa Bakıxanov - Əmircan kəndinin yetirmələrindən danışarkən təbii ki, ilk olaraq adı çəkiləsi şəxs böyük maarifçi, elm, ədəbiyyat və dövlət xadimi Abbasqulu ağa Bakıxanovdur. XIX əsr Azərbaycan maarifçilik məktəbinin banilərindən olan Abbasqulu ağa 1794-cü ildə bu kənddə anadan olub. “Gülüstani-İrəm” adlı əsəri ilə Azərbaycan elmi tarixçiliyinin əsasını qoyub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu onun adını daşıyır.

Axund Məhəmməd Hənifə: Bakının Əmircan kəndində anadan olan Axund Hənifə dövrünün böyük ilahiyyatçı alimlərindən olub. Atası kəndin tanınmış, mötəbər şəxslərindən olduğu üçün onun ziyalı dostlarının əhatəsində böyüyən Hənifə ilahi elmlərlə yanaşı, həm də dünyəvi elmlərin də mahir bilicisi olub.
Bu kəndin başqa məşhur yetirməsi, Bakı milyonçularından biri Murtuza Muxtarov XIX əsrdə Bakıda qoşa minarəli məscidi tikdirən zaman alim oranın axundu olur.

Elə Murtuza Muxtarovu da Əmircanın  Azərbaycana hədiyyələrindən biri kimi qeyd etməliyik.1857-ci ildə bu kənddə anadan olan milyonçu Bakı realnı məktəbinin, qızlar gimnaziyasının, bir çox maarif  cəmiyyətlərinin himayədarı olub. Tədris müəssisələri üçün 40 adda təqaüd kəsdirib.

Şəmsi Əsədullayev: 1840-cı ildə Əmircanda anadan olan milyonçunun adı uzun müddət məşhur Nobel qardaşları ilə birgə çəkilib. Neft maqnatlarından olan Əsədullayev ilk dəfə nefti dənizdə buxar gəmiləri vasitəsilə başqa yerlərə daşıtdırıb. Milyonçunun oğlu Mirzə Əsədullayevi də Əmircanın yetirməsi saymaq olar. O, atasının bütün idarə işlərinə rəhbərlik edib və başqa bir milyonçu Musa Nağıyevin qızı ilə ailə həyatı qurub. Mirzə Əsədullayevin qızı məşhur yazıçı Ümmül Banu isə Parisdə yaşayıb və orada vəfat edib.

Mədəniyyət xadimləri  

Səməd Mənsur: Azərbaycan ədəbiyyatında bəlkə də iki şeirlə yadda qalan yeganə şəxs olan Səməd Mənsur 1879-cu ildə Əmircanda anadan olub. Həyatı faciələrlə dolu olan maarifçi-şairin “Ey həkim” və “Rəngidir” poetik nümunələri bu gün romantizm cərəyanının ən yaxşı nümunələrindən  hesab olunur.  

O, Əmircan kəndinin başqa bir təmsilçisi rejissor Tofiq Kazımovun da atasıdır. 1923-cü ildə burada anadan olan xalq artisti T.Kazımov Azərbaycanda lirik-psixoloji teatr məktəbinin banisi sayılır.

Səttar Bəhlulzadə: Mədəniyyət sahəsindən danışarkən Əmircanda anadan olan və ömrünün sonuna qədər doğma kəndinə sadiq qalan böyük rəssam Səttar Bəhlulzadənin adı mütləq çəkilməlidir. Tam fərqli bir həyat yolu keçən rəssam Azərbaycan mədəniyyətində əsl hadisə sayılır və onun kənddə yaşadığı ev bu gün ev-muzey kimi fəaliyyət göstərir .

Əhməd Bakıxanov: Əmircan kəndinin Azərbaycan mədəniyyətinə çox böyük töhfə verən daha bir yetirməsi isə tarzən, musiqi xadimi və sənətşünaslıq üzrə pedaqoq Əhməd Bakıxanovdur. Əhməd bəy soyadından da məlum olduğu kimi məşhur Bakıxanovlar nəslindəndir. Abbasqulu ağanın nəvəsidir.

Bu nəslin mədəniyyətə xidmət edən başqa nümayəndələri də Əmircan torpağında böyüyüb. Bunlardan biri Əhməd Bakıxanovun qardaşı oğlu, kamança ustası Tələt Bakıxanovdur. O, uzun müddət ölkənin nadir kaman ustalarından olub.

Tofiq Bakıxanov: Bu isə Əhməd bəyin öz oğlu olan və bu gün də Azərbaycan mədəniyyətinə xidmət edən Tofiq Bakıxanovdur. Abbasqulu ağanın nəticəsi olan Tofiq Bakıxanov bir çox opera və simfonik musiqilərin müəllifidir.

Eldar Mikayılov: Əmircan kəndini təmsil edən başqa bir mədəniyyət xadimi xalçaçı rəssam, Azərbaycan manatının ilk eskizlərini cızan Eldar Mikayılovdur. Mikayılovun bu gün də dünyanın bir çox yerlərində sərgiləri keçirilir.

Ağaxan Abdullayev: Xalq artisti, xanəndə Ağaxan Abdullayev də Əmircanın yetirmələrindəndir. O 1950-ci ildə bu kənddə anadan olub və hazırda orada da yaşayır.

Ələkbər Muradov: İki il bundan əvvəl dünyasını dəyişən aktyor-rejissor Ələkbər Muradov da əmircanlıdır. Mərhum daha çox kinooperator kimi fəaliyyət göstərib və ömrünün sonunda bir neçə telekanalda çalışıb.

Elm və ədəbiyyat xadimləri, idmançılar...

Əlisöhbət Sumbatzadə: Akademik Əlisöhbət Sumbatzadəni tərəddüd etmədən bu kəndin fəxrlərinin siyahısında ilk yerlərdən birində göstərmək olar. Sumbatzadə 1958-ci ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. İqtisadiyyat və tarix sahələrində bir sıra yeniliklərə imza atıb. Hazırda Əmircan kəndində alimin adına küçə var.

Məmmədpaşa Quluzadə: SSRİ-nin əməkdar neftçisi və əməkdar elm xadimi olan M.Quluzadə 1914-cü ildə Əmircanda anadan olub. Neft emalı sahəsində bir çox yeniliklərə imza atıb və buna görə də dövlət mükafatına layiq görülüb.

Malik Ramazanzadə: Azərbaycanın tanınmış alimi, təhsil təşkilatçısı Malik Heydər oğlu Ramazanzadə 1912-ci il martın 21-də Əmircan kəndində anadan olub. Ömrünün böyük hissəsini indiki Dövlət Neft Akademiyasında müəllim işləyib.

Oqtay Eldəgəz: Orta əsr Azərbaycan tarixşünaslığı ilə bağlı bir çox dəyərli işlərə imza atan Oqtay Rəfili (Oqtay Eldəgəz) də Əmircanın alim kadrlarındandır. Tarix fakültəsini bitirməsə də, yazıçı kimi bütün ömrünü Atəbəylər (Eldəgəzlər) dövlətinin araşdırılmasına həsr edib.

Danil Quliyev: 1970-ci ildə Azərbaycanın təhsil naziri  olan Danil Quliyev də əmircanlıdır. O 1923-cü ildə bu kənddə anadan olub, tarix elmləri doktoru, professor elmi dərəcələri alıb, bir çox dövlət işlərində çalışıb.

Ramiz Rövşən: Əslən Qubadlıdan olsa da, bu gün Azərbaycanın ən sevilən şairlərindən sayılan Ramiz Rövşən də 1946-cı ildə Əmircanda dünyaya gəlib və bu kənddə orta məktəbi bitirib. Təqdimata o qədər də ehtiyacı olmayan şairin ata evi bu gün də Əmircan kəndindədir.

Ramiz Rövşənin adını çəkmişkən qardaşı, yazıçı Yaşar Əliyevi də kəndin yetirmələri sırasında göstərməliyik. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin aparat rəhbəri olan Yaşar Əliyev Əmircandakı 226 saylı orta məktəbi bitirib.

Tofiq Bayram: Əmircan kəndi bu gün də şair Tofiq Bayramı yaxşı xatırlayır. Şairin evi bu gün kənddə onun adını daşıyan küçədə yerləşir.

SSRİ-nin yüngül atletika yığmasının üzvü və Bakını uzun müddət ittifaq miqyasında layiqincə təmsil edən atlet Ziba Ələsgərova da Əmircanda anadan olub və bu kənddə böyüyüb.

Başqa bir idman xadimi, Azərbaycan güləşini dünyada təmsil edən hakim Hicran Şərifov 1965-ci ildə Əmircanda anadan olub. Bir çox tanınmış güləşçilər onun tələbələridir. Onlara misal olaraq Rövşən Bayramov və Elnur Muxtarov kimi dünya və Avropa çempionlarını misal göstərmək olar.

Bundan başqa, əfsanəvi mühəndis Dadaş Ağayev də Əmircandandır.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var