Modern.az

Azərbaycana Vicdan proqramı lazımdır - Fazil Mustafa

 Azərbaycana Vicdan proqramı lazımdır - Fazil Mustafa

Təhsil

9 Yanvar 2016, 20:58

 

“Devalvasiya, iqtisadi böhran, çarəsizlik, ümidsizlik fonunda bir maraqlı tendensiyanı da vurğulamaq vacibdir. Cəmiyyətin müxtəlif kəsimlərindən olan insanlar çıxış yolları ilə bağlı düşünməyə, axtarışa, layihələr hazırlamağa və təqdim etməyə başlayıblar. Unutmayaq ki, Allah insanları və millətləri həm zənginliklə, həm də yoxsulluqla sınağa çəkər”. Modern.az saytı xəbər verir ki, bunu Millət vəkili Fazil Məmmədov bildirib.  

Millət vəkilinin sözlərinə görə, biz ayrı-ayrılıqda insanlar olaraq və bütövlükdə bir milli-siyasi orqanizm olaraq zənginlik sınağından uğurla çıxmadıq: “Fərdi olaraq da, hökumət olaraq da israfçılıq yönümüz xeyli artıq oldu. Bu illərin bir müsbət faktı o oldu ki, ölkəmizin xaos və müharibə girdabı içinə sürüklənməsi baş vermədi. Qanunsuzluqlar, özbaşınalıqlar, ədalətsizliklər oldu, ancaq bütövlükdə dövlətimizin hüdudları içində etnik, dini, siyasi və sosial qarşıdurmalar baş vermədi. İndi də bizlər ayrı-ayrı fərdlər və bütöv cəmiyyət olaraq yoxsulluqla, qıtlıqla, qeyri-sabit büdcə ilə sınağa çəkilirik. İndi ümid edək ki, şöhrət duyğusu ilə bahalı avtomobil sürmək üçün bu qədər kredit məbləğinin altına ağlı başında olanlar daha girməyəcək, mütəvazi toy və yas məclislərini keçirəcəklər, bahalı istirahətləri məhdudlaşdıracaqlar, özlərinə lazım olan kvadratda ev tikəcəklər, gündəlik həyatda sərt qənaət rejimi tətbiq edəcəklər”.

Millət vəkili daha sonra vurğulayır ki, indi hər kəs bir böhran proqramı, təkliflər paketi ilə hökumətin qarşısına çıxır: “Xüsusilə də bu istiqamətdə dəyərli fikirlərini paylaşan müstəqil iqtisadçıların səylərini qiymətləndirmək vacibdir. Bu həm də o deməkdir ki, nəhayət ki, hakimiyyət rıçaqları əlində olanların göyün uca qatlarından aşağı enib "ağıl ağıldan üstündür" anlayışı ilə problemlərə baxışına fürsət yaranıb. Eyni zamanda siyasi fürsətçilərin də məsuliyyətsiz çağırışlarının genişlənməsinə imkan vermədən soyuqqanlı şəkildə acınacaqlı durumdan çıxmaq üçün təcili tədbirlər görülməlidir. İndi Azərbaycana Antiböhran proqramı deyil, Vicdan proqramı lazımdır. Hökumət təmsilçilərindən tutmuş sıradan vətəndaşa qədər öz üzərinə düşən məsuliyyəti anlayaraq çevrəmizdə olan ölkələrdəki xaosun addım-addım bizə də yaxınlaşmasına rəvac verməməlidirlər. Hakimiyyətin iqtisadçıları içində az sayda da olsa müasir prosesləri sağlam təhlil edən və çıxış yolları barədə dəqiq təsəvvürləri olan savadlı və vicdanlı insanlar var. Bu insanlar məhz həmin Vicdan proqramı ilə hərəkət ederək siyasi iradənin məntiqli qərarlar verməsini təmin etməlidirlər”.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et