Azərbaycanın bir qrup tanınmış ictimai xadimi Prezident İlham Əliyevə müraciət ünvanlayaraq ölkə başçısından Bakıda türk bayrağına hörməti bərpa etməyi xahiş ediblər. Modern.az xəbər verir ki, müraciəti Elçin Şıxlı, Qulu Məhərrəmli, Zeynal Məmmədli, Sabit Bağırov, Samir İsayev, Rəşid Hacılı, Elxan Mehdiyev, Ruhəngiz Hüseynova, Fuad Süleymanov, Arif Əliyev, Fuad Həsənov, Mehriban Vəzir, İlqar İbrahimoğlu, Məlahət Mürşüdlü, Nəsib Nəsibli, Qubad İbadoğlu, Əhməd Abbasbəyli, Rəşad Hüseynli, İlqar Həsənli, Leyla Əliyeva, Hikmət Hacızadə, Əvəz Həsənov, İlqar Məmmədov, Əliməmməd Nuriyev, Vahid Qazi imzalayıb.
Müraciətdə bildirilib: “Azərbaycan ziyalıları və bütövlükdə Azərbaycan xalqı son günlər çox biabırçı hadisələrin şahidi oldu. Şəhidlər xiyabanında – türk əsgərinə xatirə abidəsi önündə dalğalanan Türkiyə bayrağı endirildi. Bu həmin əsgər idi ki, öz qanı bahasına 1918-ci ildə daşnak qüvvələri əlindən qan ağlayan Bakını və Azərbaycanı xilas edib”.
Prezident İlham Əliyevdən türk bayrağına hörməti bərpa etməyi xahiş edən ictimai xadimlər bundan sonra belə əməllərə bir daha yol verilməyəcəyinə əminliklərini ifadə ediblər.