Modern.az

Türk dünyası liderlərinin Şuşa toplantısı kimlərə MESAJDIR...

Türk dünyası liderlərinin Şuşa toplantısı kimlərə MESAJDIR...

Ölkə

26 Fevral 2024, 12:48

Prezident İlham Əliyevin fevralın 19-da qardaş Türkiyədə həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbuat konfransı zamanı Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısının keçiriləcəyini açıqlayıb. İclas iyul ayında Şuşada keçiriləcək.

 

"Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm", - Prezident İlham Əliyev bildirib.

 

Türk dünyası liderlərinin Şuşa toplantısı olduqca önəmlidir. Prezident İlham Əliyev andiçmə mərasimində yeni dövr barədə fikirlərini bölüşərkən Türk Dövlətləri Təşkilatının prioritet məsələ olduğunu bildirib.

 

"Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır", - dövlət başçısı qeyd edib.

 

Ermənistana və onun havadarlarına mesaj...

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, Azərbaycan və Türkiyə üçüncü tərəfləri prosesi zəhərləməkdənsə, konstruktiv töhfələr verməyə dəvət edir:

 

"Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatında birliyimizi daha da institusionallaşdırmaq və gücləndirmək üçün çalışmalarımızı davam etdiririk. Bildirmək istərdim ki, təşkilatımızın fövqəladə zirvə toplantısının iyul ayında türk dünyasının mədəniyyət paytaxtlarından biri olan Şuşada keçirilməsi məni xüsusilə sevindirir. Qarşıdakı dövrdə də biz Azərbaycanla qardaşlıq qanunumuz və Şuşa bəyannaməsi ruhu ilə yeriməyə davam edəcəyik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin regionda sülhün, sabitliyin və əməkdaşlığın təminatçısı olduğunu vurğulayaraq, Türkiyənin İkinci Qarabağ müharibəsində hər zaman Azərbaycanın yanında olduğunu xatırladıb. “Biz sülh yolu ilə həll edə bilmədiyimiz tarixi məsələmizi döyüş meydanında həll etdik”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan xalqı Türkiyənin dəstəyini unutmayacaq".

 

İmbat Muğlu söyləyib ki, iyulda keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Toplantısı Ermənistana və onun havadarlarına mesaj olacaq:

 

"Azərbaycan prezidenti İlham Əliyev bildirdi ki, türk dünyasının birləşməsi, xalqların ortaq mədəniyyətlərə malik olması Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan hər bir dövlətin gücünü gücləndirəcək. Prezident, həmçinin bu ilin iyul ayında TDT-nin Qeyri-rəsmi Zirvə Toplantısının keçiriləcəyini xatırladıb. Azərbaycan prezidenti Əliyev "TDT ölkələrinin qeyri-rəsmi səfəri Şuşada keçiriləcək. Mənim dəvətimlə Şimalı Kipr Türk Respublikasının prezidenti də sammitdə iştirak edəcək. Bu, türk xalqlarının birliyini sürətləndirəcək", dedi. İyulda keçiriləcək Qeyri-rəsmi Zirvə Toplantısı Ermənistana və onun havadarlarına, sonra isə bütün dünyaya mesajdır... Mesajın mahiyyəti belədir:“Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağdır”. Dünya xalqları bilməlidir ki, qardaşlıqdan söz düşəndə ​​250 milyon türk bir ürək olur... 250 milyonun kədəri, sevinci birdir... Biz bir millət, çox dövlətik".

 

Azərbaycan dövlətçiliyinin yeni mərhələsi...

 

Politoloq Zaur Məmmədov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan xarici siyasətinin ən prioritet istiqamətidir:

 

"Prezident İlham Əliyevin parlamentdəki inaqurasiya mərasimində çıxışı zamanı TDT-ni xüsusilə vurğulaması, əlbəttə ki, təsadüfi deyildi. Azərbaycan dövlətçiliyinin yeni mərhələsi başlayır. 44 günlük müharibədəki qələbədən sonra Cənubi Qafqazda, Mərkəzi Asiyada və ətraf bölgələrin geosiyasi konfiqurasiyasında ciddi dəyişikliklər var. Hazırda ətrafımızda çox ciddi kataklizmlər, böyük müharibələr davam etməkdədir. Qərbin ayrı-ayrı mərkəzlərinin, qruplarının, dövlətlərinin, Rusiya və Çinin iştirakı ilə hər bir coğrafiya uğrunda çox qızğın mübarizə gedir. Bütün xarici çağırışlar və baş verən hadisələr göstərir ki, problemlər fonunda daha sıx inteqrasiya olmaq və birləşmək türk dövlətlərinin hər birinin maraqlarına cavab verir. Zamanında bu vardı. Ancaq biz bilirik ki, türk dövlətləri arasına nifaq toxumu saldılar. Bİr neçə əsr bundan əvvəl türk kimliyinin unudulması üçün əllərindən gələni edirdilər. Uzun illər idi ki, harada yaşamasından asılı olmayaraq hər bir türkün inamı vardı ki, nə zamansa, Turan birliyi dirçələcək və öz gücünü, qüvvətini bərpa edəcək. Əlbəttə ki, indi söhbət heç də bu birliyin keçmişdə olduğu kimi, gələcək addımlarını atmasından getmir. Söhbət türk dövlətlərinin xalqlarının bir-birinə mədəni,iqtisadi, humanitar sahədə inteqrasiyasından gedir. Söhbət türk dövlətlərinin təhlükəsizliklə əlaqədar olaraq, birgə addımlamaqdan gedir. Bu türk dövlətlərindəki sabitlik əslində ətrafdakıları və digərlərini də rahat etməlidir. Çünki Mərkəzi Asiya, Cənubi Qafqaz çox vacib xətdir. Çünki Qərblə Şərqi birləşdirir. Bu xəttin sabit olması, müharibələrin olmaması, sülhün olması əslində Türk Dövlətlərinin özü üçün prioritetdir".

 

Politoloq təhlükəsizlik məsələlərində birgə hərəkət etmənin vacibliyindən söz açıb:

 

"Son illər baş verən hadisələrə nəzərə alsaq, görərik ki, doğrudan da, əgər 15 il əvvəl tam olaraq suverenliklərini göstərə bilmirdilərsə, 44 günlük Vətən müharibəsindən sonra vəziyyət tam olaraq dəyişdi. Sözsüz ki, Azərbaycan Türk dünyası üçün çox vacib ölkədir. Ərazi  baxımından ola bilsin ki, bir çox türk dövlətindən kiçikdir. Amma onun gördüyü işlər onu göstərir ki, məhz öndər rolunda Bakı-Ankara birliyi dayanır. Mərkəzi Asiyaya körpü rolunu oynaması, Azərbaycan prezidenti İlham Əliyevin hadisələri çox yaxşı duyması, rasional qərarlar verməsinin biz bu illər ərzində bu və ya digər ölkələrin tarixi mərhələlərində də kifayət qədər ciddi şəkildə təzahürünü gördük. Artıq yeni tarixi bir şərait yaranır. Bu tarixi mərhələdə birlik olaraq hərbi təhlükəsizlik şəraitində çağırışları birgə dəf etmək üçün planlaşdırılmış xətt üzrə hərəkətimizi davam etdirməliyik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək