Modern.az

Keçmiş deputata yüksək vəzifə verildi

Keçmiş deputata yüksək vəzifə verildi

Ölkə

14 İyun 2024, 14:04

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına direktor təyinatı olub.


Bu barədə Modern.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Tədris Terapevtik Klinikasına direktor vəzifəsinə universitetin ATU-nun I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.
 

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Xatırladaq ki, Vəsadət Əzizov əvvəllər Milli Məclisin deputatı olub. O, 2000-2005-ci illərdə 78 saylı Masallı kənd-Lənkəran seçki dairəsini İkinci çağırış Milli Məclisdə təmsil edib.


Vəsadət Əli oğlu Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olub.

1972-ci ildə Qızılavar kənd orta məktəbini bitirib və həmin il Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra, 1978-79-cu illərdə Bakı şəhər 1 saylı Klinik xəstəxanasının bazasında 1 illik internatura kursu keçib və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilib. V.Əzizov Naxçıvan şəhər xəstəxanasında əvvəlcə Qəbul şöbəsinin müdiri, sonralar Terapiya və Kardiologiya şöbələrində həkim-ordinator işləyib.

1983-cü ildə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər ixtisası üzrə aspiranturasına daxil olub. O, 1985-ci ildə Moskva şəhərindəki Ümumittifaq Kardioloji Elmi Mərkəzdə namizədlik və 1993-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib.

V.Əzizov 1994-1998-ci illərdə akademik C.Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institutunun direktoru vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilib və bu günə qədər həmin kafedraya rəhbərlik edir. 

Vəsadət Əzizov uzun illərdi nüfuzlu ürək həkimi kimi tanınır. 

Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan V.Əzizovun fəaliyyəti zamanında mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Məhz bu baxımdan onun parlament seçkilərinə qatılması təsadüfi olmayıb və deputatlığa namizədliyi YAP-dan verilməsə də, partiya sonra onu dəstəkləyib...

Sabiq deputatın həyat yoldaşı da həkimdir. Xanımı Səidə Hacıyeva tibb üzrə elmlər doktorudur, Akademik Zərifə Əliyeva adına Elmi-tədqiqat Oftalmologiya Mərkəzində aparıcı elmi işçidir.

V.Əzizovun hər iki oğlu hüquqşünasdır. Onlar hazırda ABŞ-da yaşayır və ixtisasları üzrə özəl sahədə çalışırlar.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var