Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ATƏT-in Bakı Ofisinin nümayəndələri Monika Martinez, Harald Çiarlo və Britaniya Səfirliyinin Siyasi məsələlər üzrə ikinci katibi Katrin Klev ilə görüşüb.
Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə vətəndaş cəmiyyəti institutlarının inkişaf perspektivləri və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ölkə QHT-lərinə dəstəyi haqda ətraflı fikir mübadiləsi aparılıb.
A.Quliyev Şuranın QHT-lərə göstərdiyi məlumat, konsultativ, təşkilati-texniki və digər yardımlar haqqında məlumat verərək qeyd edib ki, bütün bu məsələlərlə bağlı təşkil edilən təlimlər mütəmadi olaraq davam etdirilir.
Qonaqlar ölkə QHT-lərinin maddi-texniki durumu ilə yanaşı, həm də QHT-lərin dövlət qeydiyyatı məsələləri ilə bağlı müəyyən dəqiqləşdirmələrin aparılmasının vacibliyini vurğulayıblar. Şura sədri bildirib ki, bu ilin mart ayından QHT-lərin qeydiyyatına növbəti sadələşdirmə prosedurları tətbiq edilib, Ədliyyə Nazirliyi tərəfindən tələb olunan sənədlərin sayı azaldılıb. Son illər QHT-lərin qeydiyyatında irəliləyişlərin olduğunu diqqətə çatdıran A.Quliyev bu sahədə bəzi çətinliklərin də mövcudluğunu qeyd edərək, onların aradan qaldırılmasına yardım etmək üçün Şuranın səylə çalışdığını deyib.