Modern.az

Ermənilər görüşdən qaçır - Bakının cavabı ağır olacaq

Ermənilər görüşdən qaçır - Bakının cavabı ağır olacaq

30 Mart 2023, 10:36

Bu yaxınlarda Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsinə dair təklif irəli sürüb.

 

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - rəsmi məlumatda bildirilib.

 

Bundan əvvəl oxşar təklif martın 13-də irəli sürülmüşdü. Lakin erməni tərəfinin təxribatçı mövqe sərgiləməsi səbəbindən görüş baş tutmamışdı. Bu dəfə də Qarabağdakı separatçı qrup Bakının görüş təklifinə cavab olaraq, destruktiv mövqe ortaya qoyub.

 

Belə ki, Ermənistanın "Hraparak" nəşrinin yaydığı məlumata görə, erməni separatçıları görüşün Bakıda keçirilməsinə razılaşmayıb. Onlar belə bir görüşün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında keçirilməsinin mümkün olduğunu deyiblər və Bakıya getməkdən boyun qaçırıblar. Bundan başqa, separatçılar bildiriblər ki, Azərbaycan təmsilçiləri ilə görüşün keçirilməsi üçün Laçın-Xankəndi yolundakı aksiya dayandırılmalıdır.

 

Göründüyü kimi, ermənilər Bakıya gəlməkdən imtina edirlər. Bəs, Azərbaycan buna cavab olaraq, hansı addımı atacaq?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Cümşüd Nuriyev hesab edir ki, Azərbaycan üçüncü dəfə ermənilərə müraciət edə bilər. 


"Çünki sülh prosesi uzun çəkir. Bizim təklifimizə etnik ermənilər yox, separatçılar təxribatyönlü cavab verib. Azərbaycan təkliflərdən geri çəkilməməlidir. Ordumuzun həyata keçirdiyi Fərrux və Sarıbaba əməliyyatı göstərdi ki, istənilən təxribata qarşı adekvat tədbirlər görülür. İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan Ordusu hər bir duruma hazır olduğunu sübut edib", - deyə o bildirib. 

 

C.Nuriyev vurğulayıb ki, bundan sonrakı mərhələdə qısamüddətli əməliyyatlar keçirilə bilər: "Azərbaycan qanunvericiliyinə əsasən, Daxili Qoşunların xüsusi təyinatlı dəstələri vasitəsilə antiterror əməliyyatı keçirə bilər. Vətən müharibəsində də onlar çox böyük işlər görüb. Ölkəmiz istədiyi vaxt əməliyyata başlayacaq və bunun üçün heç kimdən icazə almayacaq. Yəqin ki, Azərbaycan payıza qədər antiterror əməliyyatını həyata keçirəcək. Bu, Xocalı,Xankəndi, Xocavənd şəhərlərindən birinin ərazisində başlayacaq. Separatçıların başçısı Arayik Arutyunyan Azərbaycanın tələblərinə boyun əymək istəyir. Çünki o yaxşı başa düşür ki, xüsusi təyinatlılarımız onu yatdığı yerdən götürə bilər".

 


Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, separatçıların Bakının təklifinə hansı cavabı verəcəyi gözlənilən idi: 

 

"Rusların müvəqqət yerləşdiyi Qarabağ ərazisində yaşayan ermənilərin Azərbaycanın təklifinə təxribat xarakterli cavab verməsi gözləniləndir. Çünki keçən dəfəki təklifi də qəbul etməmişdilər. Bu, artıq onu göstərir ki, təxribatçı addım atan separatçılar ermənilərin inteqrasiyasına mane olmaq üçün əlindən gələni edir. Buna görə də Azərbaycan tərəfinin həmin separatçı rejimin rəhbərliyinin verdiyi təxribatyönlü bəyanatları dinləmək əvəzinə onların alnında dəlik açması daha doğru olardı".

 

Ə.Verdiyev qeyd edib ki, Qarabağdakı separatçılar Azərbaycana qarşı səsləndirilən bəyanatlarla ordumuz üçün legitim hədəfə çevirilib:


"Biz terrorçu dəstələrin Azərbaycan dövlətinə təslim olmaları üçün vaxt verməliyik. Verilən vaxt bitdikdən sonra onların zərərsizləşdirilməsi üçün məhdud miqyaslı xüsusi əməliyyatlar keçirə bilərik. Biz ərazidə "Qisas" əməliyyatının başladığını elan etmişik. Bu proses Fərrux, Qırxqız, Buzdux və Xankəndi-Xəlfəli-Turşsu yolunun üzərində olan yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə nəticələnib. Hesab edirəm ki, ilk növbədə mülki ermənilərin daha seyrək və ya heç yaşamadığı ərazilərdə "Qisas 2" əməliyyatını həyata keçirməliyik. Burada üstünlüyü yaşayış məntəqələrinə deyil, dağ aşırımlarına, mədənlərə, su anbarlarına və strateji yüksəkliklərə yönəltməliyik. Belə olan halda separatçı rejim ətrafında olan halqa getdikcə daralacaq və rus sülhməramlıları da 10 noyabr bəyanatının şərtlərinə yaxın fəaliyyət həyata keçirməyə məcbur olacaq. Əks halda sülhməramlıların Qarabağda fəaliyyət müddəti başa çatmamış ərazimizdən çıxması məsələsini müzakirə edə bilərik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?