Modern.az

Ömər aşırımında memorial abidə qoyulsun! - TƏKLİF

Ömər aşırımında memorial abidə qoyulsun! - TƏKLİF

Qarabağ

Bu gün, 15:16

Ömər aşırımı Qarabağ müharibəsinin ən ağır və həlledici döyüşlərinin baş verdiyi strateji yüksəkliklərdən biri kimi tanınır. Kəlbəcər istiqamətində aparılan əməliyyatlar zamanı bu ərazidə çox sayda hərbçimiz şəhid olub. Bu gün həmin ərazidən keçənləri "Ömər aşırımı" yazılmış yol lövhəsi qarşılayır. Amma ərazidə şəhidlərin xatirəsini əks etdirən hər hansı memorial abidə mövcud deyil. Halbuki orada belə bir abidənin ucaldılmasının zəruriliyi, onun şəhid ailələri üçün mənəvi əhəmiyyəti mühüm səciyyə daşıyır. 

Ömər aşırımında memorial abidənin yaradılması ilə bağlı Modern.az-a danışan Milli Məclisin 118 saylı Ağdam - Xocalı seçki dairəsini təmsil edən deputatı Elman Məmmədov bildirib ki, həmin ərazi həm tarixi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır və burada memorial abidənin ucaldılması məqsədəuyğundur.

“Ömər aşırımı Kəlbəcər rayonu ərazisində yerləşir və uzun illər mühüm keçid yolu olub. Mən 1990-cı ildə, eləcə də 1991-ci ilin avqust ayında dəfələrlə həmin aşırımdan keçmişəm. Çox yüksək və əhəmiyyətli, tarixi bir yerdir”.

Deputat bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə Ömər aşırımı mülki əhali üçün xilas yolu rolunu oynayıb:

“O dövrdə ermənilərin hücumuna məruz qalan əhali üçün Ömər aşırımı bir növ xilas yolu idi. Eyni zamanda, Kəlbəcərin əsas yolları bağlı olduğu müddətdə, rayon işğal olunana qədər yerli əhali məhz Ömər aşırımından istifadə edirdi”.

E.Məmmədov hesab edir ki, Ömər aşırımında memorial abidənin ucaldılması doğru addım olardı:

“Mən hesab edirəm ki, təkcə Ömər aşırımında yox, ümumiyyətlə, belə tarixi əhəmiyyət daşıyan bütün məkanlarda memorial abidələr olmalıdır. Ömər aşırımı da həmin yerlərdən biridir. Ora tarixi bir məkandır və hesab edirəm ki, abidənin ucaldılmasına heç kim etiraz etməz”.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova da qeyd edib ki, Ömər aşırımı və Murovdağ istiqamətində şəhid olan qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi üçün memorial abidənin yaradılması vacibdir.

Onun sözlərinə görə, Ömər aşırımı Azərbaycan hərb tarixinin ən ağrılı, eyni zamanda ən şərəfli məkanlarından biridir:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. İllər öncə Ömər aşırımında çoxlu sayda qəhrəman övladımız şəhid oldu. 2020-ci ildə isə qəhrəman Ordumuzun rəşadəti sayəsində həmin yüksəkliklər, həmin zirvələr düşmən tapdağından azad edildi. Bu gün artıq biz o ərazilərdən, şəhidlərimizin can verdiyi yollardan keçə, həmin məkanları ziyarət edə bilirik”.

S.Orucova xatırladıb ki, Murovdağ istiqaməti də Vətən müharibəsinin ən ağır döyüşlərinin getdiyi ərazilərdən biri olub:

“Murov zirvəsi çox ağır döyüş şəraiti olan ərazidir. 2020-ci il sentyabrın 27-dən 28-nə keçən gecə də orada çox ağır döyüşlər gedib və qəhrəman Ordumuz həmin zirvələri azad edərkən şəhidlər verib. Mən düşünürəm ki, təkcə Ömər aşırımında deyil, Murovdağ zirvəsində də həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə memorial abidə, xatirə guşəsi yaradılmalıdır”.

İctimai Birliyin sədri hesab edir ki, bu, gec-tez həyata keçiriləcək:

“Düşünürəm ki, bu, zamanla həll olunacaq məsələlərdəndir. Artıq Xocalıda soyqırımı memorial kompleksi yaradılıb. İnanıram ki, Ömər aşırımı və Murovdağ istiqamətində də belə bir memorial abidə olacaq. Bu, övladı və ya yaxını həmin ərazilərdə şəhid olan ailələr üçün həm qürurverici, həm də təsəlli olacaq”.

S.Orucovanın sözlərinə görə, memorial abidələr yalnız şəhid ailələri üçün deyil, bütövlükdə cəmiyyət və gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır:

“Belə bir abidənin olması təkcə şəhid ailələri üçün önəm daşımır. Bu, xalqımız və gələcək nəsillər üçün də böyük əhəmiyyət kəsb edir. Çünki hər bir daş kitabə tarixin əbədiləşdirilməsi, gələcək nəsillərə genetik yaddaşın ötürülməsi deməkdir”.

O həmçinin vurğulayıb ki, Azərbaycanın qəhrəmanlıq tarixi unudulmamalıdır:

“Biz bu hadisələri yaşamışıq, qəhrəmanlarımızı tanıyırıq, qələbəmizin hansı qanlar bahasına əldə olunduğunu bilirik. Amma gələcək nəsil də bunu bilməli, görməli və həmin qəhrəmanlıq ruhunu hiss etməlidir. Bu yaddaşın yaşadılması bizim borcumuzdur”.

Sevinc Orucova Türkiyədəki Çanaqqala memorialını nümunə göstərərək bildirib ki, Azərbaycanda da döyüşlərin getdiyi bütün ərazilərdə şəhidlərin xatirəsi əbədiləşdirilməlidir:

“Necə ki, Çanaqqala abidəsi bu gün də Türkiyədə gənclər üçün vətənpərvərlik məktəbidir, eləcə də Azərbaycanda döyüşlərin getdiyi hər bir ərazidə, şəhidlərimizin can verdiyi torpaqlarda memorial abidələr və daş kitabələr olmalıdır. Bu abidələr hər zaman ehtiramla ziyarət edilməli, gənc nəsillərə qəhrəmanlıq tariximizi yaşatmalıdır”.

Əməkdar memar Ədalət Məmmədov deyib ki, həmin ərazidə şəhidlərin xatirəsini əbədiləşdirəcək möhtəşəm bir memorial kompleksin yaradılması zəruridir.

Onun sözlərinə görə, Ömər aşırımı İkinci Qarabağ müharibəsində ən ağır döyüşlərin getdiyi və ən çox şəhid verilən məkanlardan biridir:

“Doğrudan da bu, çox mühüm və əhəmiyyətli abidələrimizdən biri olardı. Mən təklifi tam dəstəkləyirəm. Çünki ora İkinci Qarabağ müharibəsində ən çox şəhid verdiyimiz döyüş nöqtələrindən biridir. Eyni zamanda, taktiki baxımdan da hücumun başladığı mühüm istiqamətlərdən sayılır".

Ə.Məmmədov bildirib ki, bu mövzu üzərində düşünərkən Ömər aşırımı üçün xüsusi memarlıq konsepsiyası formalaşdırıb:

“Bu gün yolda gələndə də bu barədə düşünürdüm. Məncə, orada çox gözəl bir kompozisiya yaratmaq olar. Həqiqətən də çox gözəl”.

Əməkdar memarın fikrincə, memorialın əsas ideyası “Vətən” anlayışı üzərində qurulmalıdır:

""Vətən" sözünün mənası çox dərindir. Bu mövzuda orada çox gözəl bir kompozisiya yaratmaq olar. Dağ silsiləsini süni şəkildə yaratmağa ehtiyac yoxdur. Çünki həmin ərazi özü dağ silsiləsidir”.

O hesab edir ki, memorial ilin bütün fəsillərində öz əzəmətini qoruyub saxlamalıdır:

“Orada elə bir kompozisiya yaradılmalıdır ki, həm yayda, həm qışda, xüsusilə də qarlı havalarda öz əzəmətini saxlasın. Qarın altından da görünsün, seçilsin. İndi həmin ərazilər əvvəlki kimi deyil, abadlaşdırılır. Amma yenə də o şaxtanın, o sərt təbiətin içində ürək istiliyini ifadə edən bir kompozisiya özünü göstərməlidir. Çox gözəl alınmalıdır”.

Ə.Məmmədov əlavə edib ki, Ömər aşırımında yaradılacaq memorial həm ideyası, həm də memarlıq həlli ilə fərqlənməlidir:

“Mənə elə gəlir ki, orada möhtəşəm bir abidə olmalıdır və onun mənası da Vətən sevgisi üzərində qurulmalıdır. Bu barədə düşünəndə Məmməd Arazın misraları yadıma düşdü:

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim...

Məncə, həmin sözlərin ruhuna uyğun çox gözəl bir kompozisiya yaratmaq olar. Belə bir layihə üzərində işləməyə hazıram. Biz bunu yaratmalıyıq. Mən bir memar kimi bu təşəbbüsü dəstəkləyirəm və belə bir layihə üzərində işləməyə hazıram. Şəhidlərimizin xatirinə, Vətənimizin xatirinə, qazilərimizin xatirinə”.



 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Yeni müharibə anonsu - İran daha bir cəbhə açdı