Son illər Qarabağ Universiteti abituriyentlərin ən çox maraq göstərdiyi ali təhsil müəssisələrindən birinə çevrilib. Qəbul prosesi zamanı yüksək bal toplayan abituriyentlərin belə bu universiteti seçməsi ali təhsil ocağının qısa müddətdə qazandığı etimadın və formalaşan akademik nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Eyni zamanda, xarici ölkələrdən olan tələbələrin universitetə artan marağı Qarabağ Universitetinin beynəlxalq akademik mühitdə də diqqət çəkməyə başlanmasının bariz nümunəsidir.
Çiçəklənən Qarabağda fəaliyyət göstərən universitet hazırda inkişafının yeni mərhələsini yaşayır. Belə ki, hazırda Qarabağ Universitetində 2250-yə yaxın tələbə təhsil alır və əməkdaşların sayı isə 400-ü ötüb. Ali təhsil ocağının infrastrukturu ardıcıl şəkildə genişləndirilir, Türkiyənin nüfuzlu İstanbul Texniki Universiteti ilə ikili diplom proqramına start verilib, yeni Mühəndislik fakültəsinin binasının tikintisi isə sürətlə davam edir. Bütün bunlar Qarabağ Universitetinin gələcək inkişaf perspektivləri, beynəlxalq akademik nüfuzunun daha da möhkəmlənməsi və Türk dünyasının aparıcı ali təhsil mərkəzlərindən birinə çevrilmək potensialı ilə bağlı zəmin formalaşdıırır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Qarabağ Universitetinin yaradılması Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin mühüm nəticələrindən biridir.
Onun sözlərinə görə, Qarabağ Universiteti bütün Azərbaycan xalqının uğurudur:
“44 günlük Vətən müharibəsindən bizə Zəfər mirası kimi qalan ən böyük uğurlardan biri də Qarabağ Universitetinin yaradılması oldu. Bu, Ali Baş Komandanın, Qarabağ fatehinin Azərbaycan xalqına təqdim etdiyi ən mühüm töhfələrdən biridir. Belə bir ali təhsil müəssisəsinin yaradılması şərəfli və qalib tariximizi gələcək nəsillərə daşıyacaq mühüm addımdır”.
Komitə sədri qeyd edib ki, Qarabağ Universiteti fəaliyyətə başladığı gündən cəmiyyətin diqqət mərkəzindədir:
“Qarabağ Universiteti yarandığı gündən öz uğurları ilə hamının diqqətini cəlb edir. Ona görə də qalib Azərbaycanın qalib abituriyentləri üçün bu universitetdə təhsil almaq böyük qürur və fəxr mənbəyidir. Onlar bu universiteti seçirlər və burada təhsil alırlar”.
A.İsgəndərov onu da nəzərə çatdırıb ki, gələcəkdə Qarabağ Universiteti təkcə Azərbaycanı təmsil edən deyil, bütövlükdə bütün Türk dünyasını birləşdirən elm mərkəzlərindən birinə çevriləcək:

“Mən əminəm ki, bu universitet gələcəkdə yalnız Azərbaycanı təmsil edən ali məktəb olmayacaq. Qarabağ Universiteti Türk dünyasını birləşdirə biləcək nüfuzlu elm ocaqlarından biri kimi tanınacaq. Yaxın illərdə xarici tələbələrin və əcnəbi vətəndaşların Qarabağ Universitetinə üz tutması da təəccüblü olmayacaq. İlk addımların Türk Dövlətləri Birliyinə üzv ölkələrdən gələcəyinə inanıram. Azərbaycan da, Qarabağ Universiteti də həmin tələbələri qəbul etməyə hazırdır”.
Deputat həmçinin vurğulayıb ki, Qarabağın tarixi həqiqətlərinin gələcək nəsillərə çatdırılmasında universitetin xüsusi rolu olacaq:
“Qarabağın şərəfli tarixi bu gün hamıya gün kimi aydındır. Erməni iddiaları, erməni böhtanları və erməni məğlubiyyəti fonunda Azərbaycanın həqiqətləri bütün dünyaya məlumdur. Bu həqiqətlərin başında isə Qarabağın tarixi Azərbaycan torpağı olması dayanır. Qarabağ Universitetinə gələn tələbələri bu tarixlə tanış etmək, onları məlumatlandırmaq Azərbaycan gənclərinin və tələbələrinin ən mühüm vəzifələrindən biri olacaq”.
A.İsgəndərov onu da əlavə edib ki, Milli Məclisin Elm və təhsil komitəsinin Qarabağ Universiteti ilə sıx əməkdaşlığı mövcuddur:
“Elm və təhsil komitəsinin sədri olaraq Qarabağ Universiteti ilə çox yüksək və səmimi münasibətlərimiz var. Universitetin rektoru Şahin müəllimlə vaxtaşırı görüşlərimiz, telefon danışıqlarımız olur. Bütün bunlar bir məqsədə xidmət edir - Qarabağda qazandığımız qələbələrin əks-sədası bütün dünyaya çatsın və Qarabağ Universiteti də bu uğurların təbliğində ön sırada yer alsın”, - deyə o fikrini tamamlayıb.