Modern.az

Hansı universitet rüşvətxor müəllimini işdən qovub? - SİYAHI

Hansı universitet rüşvətxor müəllimini işdən qovub? - SİYAHI

Güncel

30 Dekabr 2012, 11:12

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev Modern.az-a müsahibəsində rəhbərlik etdiyi ali təhsil ocağından sentyabrdan bəri rüşvətxorluğa görə 12 müəllimin qovulduğunu bildirib. Maraqlıdır ki, bu istiqamətdə digər universitetlərdə vəziyyət nə yerdədir? Bu il ərzində universitetlərdən rüşvət faktına görə neçə müəllim qovulub?
Suala cavab tapmaq üçün Modern.az bir neçə universitetlər arasında sorğu aparıb.

Bakı Dövlət Universitetinin tədris şöbəsinin müdiri İbad İbadov bildirib ki, BDU-da rüşvət faktı ilə bağlı işdən azad olunan olmayıb: “Bir neçə nəfər öz istəyi ilə işdən çıxıb, amma hər hansı bir qanun pozuntusu, yaxud rüşvət almaya görə deyil. Universitetdə belə hal baş verməyib. Sadəcə tədrislə bağlı səhvlər olub, buna görə də tənbeh olunan müəllimlərimiz olub”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirib ki, il ərzində rüşvətxorluq faktı ilə bağlı adıçəkilən ali təhsil ocağından işdən xaric olunan müəllim olmayıb:

“Bizim universitetdə rüşvət faktı ilə bağlı işdən azad olunan müəllim yoxdur, ümumiyyətlə, Azərbaycan Dillər Universitetində korrupsiya yoxdur. Sadəcə bizdə iş müqaviləsi bitmiş müəllimlər noyabrın 23-də və dekabrın 04-də atestasiyadan keçirilib. Burada 41 müəllim iştirak edib. Onlardan yalnız 1-i, ikinci xarici dil kafedrasının müəllimi dil zəifliyinə görə, attestasiyadan keçə bilməyib və işdən azad olunub”.

Azərbaycan Dövlət Neft Akademiyasının mətbuat xidmətindən verilən məlumata görə, adıçəkilən təhsil ocağında belə faktlar qeydə alınmayıb: “Rüşvətxorluğa görə qovulan müəllim olmayıb. Qalan hallarla bağlı neçə müəllimin işdən çıxarılmasını isə demək iqtidarında deyilik”.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev qeyd edib ki, universitetdə belə bir fakt qeydə alınmayıb: “Bizim universitetdə rüşvətdən söz gedə bilməz, buna görə də bu  faktla bağlı qovulan müəllim də yoxdur. Sadəcə olaraq, pensiya yaşı ilə bağlı işdən azad olunanlar olub, onların da sayını dəqiq deyə bilmərəm”. 

Azərbaycan Tibb Universitetinin tədris hissə müdiri Nəsimi Qasımov: “Nə rüşvət faktı, nə də ki, digər qanun pozuntuları ilə bağlı işdən qovulan müəllim olub. Ümumiyyətlə, mən universitetdə belə bir faktlarla qarşılaşmamışam”.

Azərbaycan Dövlət Pedaqoji Universitetin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov qeyd edib ki, universitetdə son illər və o cümlədən də bu il müəllimlərin hər hansı bir qanun pozuntusu üzündən işdən azad olunma halları qeydə alınmayıb.
“Universitetdə tələbələrin əməyini, şəffaflığı, obyektivliyi təmin etmək məqsədilə səmərəli əməli proqram gerçəkləşdirilir. ADPU-nun rektoru, əməkdar elm xadimi, professor Yusif Məmmədov universitetdə təhsilin obyektivliyinə və şəffaflığına xüsusi önəm verir”.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı