Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
Modern.az xəbər verir ki, martın 7-də Rusiya sülhməramlılarına məxsus təminat-təchizat, tibbi maşın, minik və hərbi təyinatlı avtomobilinin də olduğu 75 nəqliyyat vasitəsi yoldan hər iki istiqamətdə maneəsiz hərəkət edib.
Bundan əlavə, BQXK-ya məxsus 6 minik və 2 yük avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 6 minik və 1 yük avtomobili geri qayıdıb. Beləliklə, gün ərzində 90 avtomobil Laçın-Xankəndi yolundan keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.