Modern.az

Astara sərhəd keçid məntəqəsindən İrana gediş-gəliş niyə məhdudlaşıb?

Astara sərhəd keçid məntəqəsindən İrana gediş-gəliş niyə məhdudlaşıb?

Ölkə

23 Avqust 2010, 17:02


Bu il fevralın 1-dən İrana getmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejiminin birtərəfli qaydada ləğv edilməsi Azərbaycandan cənub ölkəsinə axının güclənməsinə səbəb olub. Fevraldan bu yana Astaradakı sərhəd keçid məntəqənin qarşısına hər gün İrana getmək istəyən yüzlərlə adam toplaşır. Onlar təkcə cənub bölgəsinin sakinləri deyillər, aralarında Azərbaycanın paytaxtından və digər rayonlardan olanlar da çoxdur.
Modern.az-a daxil olan məlumata görə, son bir neçə gündə Astaradakı sərhəd keçid məntəqəsində İrana vizasız gediş-gəliş məhdudlaşdırılıb.

Astaradakı mənbələrin saytımıza verdiyi məlumata görə, Azərbaycan sərhədçiləri əvəllər hər gün İrana 250-300 adam buraxırdılarsa, indi gün ərzində bu göstərici 15-20 nəfər təşkil edir. Mənbənin verdiyi məlumata görə, bunun səbəbi sərhəd məntəqəsində yaşanmış bir insidentlə bağlıdır. Belə ki, ötən həftə İrana keçmək istəyən yerli sakinlərlə sərhədçi əsgərlər arasında insidentin baş verdiyi bildirilir. Verilən məlumata görə, qalmaqal dava-dalaşa çevrilib. Bu zaman 7 sərhədçi əsgər xəsarət alıb. Bundan sonra İran-Azərbaycan sərhəddindəki Astara keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.
Bir müddət sonra fəaliyyətini bərpa edən sərhəd buraxılış məntəqəsi indi gün ərzində məhdud sayda vətəndaşı İrana buraxır. Əsas olaraq İrana müalicəyə gedən Azərbaycan vətəndaşlarına imkan yaradılır. Üç gün əvvəl sərhədçilər cəmi 10 nəfəri o taya buraxıblar.

Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti ilə əlaqə saxlayıb, amma münasibət öyrənə bilməyib.

Gedənlərin böyük əksəriyyətini ticarətlə məşğul olanların təşkil etdiyi bildirlir. İranda ərzaq, geyim və digəır malların Azərbaycandan ucuz olması ticarətçilərin bu ölkəyə axınını gücləndirib. Sərhəd keçid məntəqəsinin qarşısında əməkdaşımıza İrana gedənlər arasında müalicə məqsədilə səfər edənlərin də çox olduğu bildirilib.

Sərhəd keçid məntəqəsindən deyiblər ki, hamı İrana eyni vaxtda keçmək istədiyindən sıxlıq yaranır, bu axına isə Astara sərhəd buraxılış məntəqəsinin texniki gücü çatmır.
Əməkdaşımızın Astara sərhəd keçid məntəqəsinin qarşısından hazırlayacağı yazını yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün İranda vizasız qalma müddəti 15 gün müəyyən edilib, qonşu ölkədə bundan artıq müddətə qalmaq istəyən soydaşlarımız İran Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə müraciət etməklə bu müddəti 3 aya qədər uzada bilərlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı