Modern.az

Səlim Müslümov pensiyalar haqqında hər şeyi danışıb

Səlim Müslümov pensiyalar haqqında hər şeyi danışıb

Country

29 Oktyabr 2010, 17:16

Oktyabrın 29-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu ilin 9 ayının yekunları ilə bağlı Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, S.Müslümov vurğulayıb ki, 2010-cu ilin yanvar-sentyabr aylarında ölkəmizdə əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 11,3faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 6,6 faiz, əmək pensiyasının orta aylıq məbləği isə 11,1 faiz artıb. Azərbaycanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb.

S.Müslümov bildirib ki, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 nəfər pensiyaçıya şamil olunub. Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur. Belə ki, Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 ABŞ dolları, Ukraynada 91,4 dollar, Rusiyada 90,2 dollar, Belarusda 81,1 dollar, Gürcüstanda 44,3 dollar, Ermənistanda 21,6 dollar və s. təşkil edir.

Göstərilənlərlə yanaşı, prezidentin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilib.

”Xüsusi vurğulamaq yerinə düşər ki, əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxarmaqdadır. Belə ki, cari ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olub. Bu qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu və əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi. Artıq bütün bu çatışmazlıqlar tam aradan qaldırılıb, sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) hesablanmasına keçilib”- deyə DSMF-nin sədri nəzərə çatdırıb.

S.Müslümov əlavə edib ki, cari ilin yanvar-sentyabr ayları ərzində kəndlərdə plastik kartla pensiya alanların sayı 7803 nəfər artıb. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 97,6 faizinin pensiyaları plastik kartlarla ödənilir. 
Cari ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 min nəfərə yüksəlib. Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 287 min nəfər pensiyaçı və 1 milyon 760 min nəfərdən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Operativ məlumatlara əsasən Azərbaycanda 1 oktyabr 2010-cu il tarixə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 287 min nəfər təşkil edir. Onlardan 512 min nəfəri kişi, 775 min nəfəri qadındır. Əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 10,3 min nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 133 min nəfəri işləyən pensiyaçılardır. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 318 min nəfər, yaşa görə əmək pensiyası alanların sayı 832 min nəfər təşkil edir.  Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137 min nəfərdir.

S.Müslümov vurğulayıb ki, ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2010-ci ilin yanvar-sentyabr aylarında uğurla davam etdirilib. Dövlət Sosial Müdafiə Fondunun 2010-cu ilin yanvar-sentyabr aylarında gəlirləri 1275,1 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 127,9 mln. manat və ya 11,1 faiz çoxdur. 2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz və ya 27,7 mln. manat artaraq 776,7 mln. manat təşkil edir. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları 317,4 mln. manat olub.

2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,1 faizi və ya 459,3 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Həmin  təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz və ya 33,5 mln. manat çoxdur. 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 8,0 faiz  artaraq 18,2 mln. manat təşkil edir.

Torpaq pay mülkiyyətçilərinin sosial sığorta haqları üzrə  ödənişlərində artım 46,5 faiz olub.

2010-cu ilin yanvar-sentyabr aylarında Fondun xərcləri 1267,2 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,8 mln. manat və ya 4,8 faiz çoxdur. Bu vəsaitin 1226,8 mln. manatı pensiya və müavinətlərə yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 57,2 mln. manat və ya 4,9 faiz çoxdur.  Əhaliyə ödənişlər üzrə xərclərin 97,2 faizini və ya 1192,4 mln. manatını pensiya xərcləri təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi layihəsi növbəti il üçün ölkənin iqtisadi və sosial inkişafı proqnozlarının, demoqrafik proqnozların və sosial sahənin aidiyyəti istiqamətləri üzrə mövcud olan dövlət proqramlarında nəzərdə tutulan islahat tədbirlərinin qiymətləndirilməsi əsasında hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisində qəbul edilib. Fondun büdcəsinin gəlir və xərcləri 2011-ci ilə 1 milyard 970,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 213 milyon manat və ya 12,1% çoxdur. Bu isə növbəti ildə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin diqqət mərkəzində olacağını bir daha təsdiqləyir.

DSMF-nin sədri nəzərə çatdırıb ki, hazırkı mərhələdə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilib "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun davam etdirilir. Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə aparılır. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması üzrə proqram təminatı hazırlanaraq testdən keçirilib və pilot rayonlarda tətbiqinə başlanılıb. Dünya Bankı ilə birgə layihə çərçivəsində sığorta-pensiya sisteminin aktual təhlilinə əsaslanmaqla sistemin orta və uzunmüddətli inkişafı üzrə tədqiqatların aparılması işi təşkil olunur. Bu sahədə ABŞ TİA ilə birgə layihə  uğurla icra edilir.


Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı