ABŞ-ın dövlət katibi Hilari Klinton Konqresdə qondarma erməni genosidi qətnamə layihəsinin qəbuluna etirazını bildirib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Klinton hesab edir ki, qətnamənin qəbulu Türkiyə - Ermənistan yaxınlaşmasına mane olacaq. “Amerika Konqresində “erməni genosidi” ilə bağlı hər hansı qətnamənin qəbulu arzuolunmazdır. Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasına çalışdığımız bir vaxtda belə bir qətnamə bu prosesin xeyrinə ola bilməz”,-deyə dövlət katibi bildirib. Onun sözlərinə görə, bütün səylər bir məqsədə – Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına xidmət etməlidir. O, qeyd edib ki, ABŞ bu prosesin tezləşdirilməsi tərəfdarıdır və hər iki tərəflə daima əlaqə saxlayır.