Modern.az

MİT-ə qəbul olan ilk azərbaycanlı qız: “Bu, mənim üçün əlçatmaz idi”

MİT-ə qəbul olan ilk azərbaycanlı qız: “Bu, mənim üçün əlçatmaz idi”

15 Mart 2023, 15:44

Xəbər verdiyimiz kimi, iki azərbaycanlı məktəbli qız Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb. Onlar Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlıdır. 

 

Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olublar.

 

Ölkəmizdə bir ilkə imza atan Dəniz Səttarlı təəssüratlarını Modern.az-la bölüşüb. O, hər zaman Amerikada təhsil almağı arzuladığını söyləyib.

 

“Mən 6-cı sinifdən bəri Amerikada oxumaq istəyirdim, amma həmişə deyirdilər ki, orada oxumağım üçün maddi imkanımın daha yüksək olması lazımdır. Bu, bizə əlçatmaz gəlirdi, həm də mənə təsir etmişdi, ona görə hədəflərimi Türkiyə və reallaşması mümkün ola biləcək digər ölkələr üzərində qurmuşdum.

 

Keçən il olimpiadada iştirak edərkən, orada bəzi tanışlarım MİT (Massaçusets Texnologiya İnstitutu) və bir çox dünyanın nüfuzlu universitetlərinə qəbul aldılar. Bu, mənim özümə inamımı artırdı. Bu il mən də müraciət etdim və şükürlər olsun ki, müsbət cavab aldım. Əslində hədəfim sırf bura deyildi, digər orta səviyyəli universitetlərə də müraciət etmişdim, sadəcə, ən yüksək arzum MİT idi və buna nail oldum”.

 

Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna qəbul olması barədə xəbərə necə reaksiya verməsindən də danışıb:

 

“Qəbul olunduğumu eşidəndə çox sevincli və qarışıq hislər keçirdim. Həm arzularımın ən yüksək pilləsinə çatmışdım, həm də illərdən bəri olub-olmayacağını bilmədiyim yerdən qəbul almışdım. Dünən cavablar çox gec açıqlandı. Ailəm sevinc dolu anlar yaşadı. Nəticələr çıxandan sonra gecə yata bilmədik, çox mükəmməl xəbər idi. Arzuma çatdım".

 

"Kimya mühəndisliyi üzrə bakalavr təhsili aldıqdan sonra, həmin institutda magistr və doktorantura təhsili almaq niyyətindəyəm", - deyə məktəbli qız gələcək planlarından söz açıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu