Modern.az

Deputat yerli ixracatçıların vergilərdən azad olunması məsələsini qaldırdı

Deputat yerli ixracatçıların vergilərdən azad olunması məsələsini qaldırdı

Təhsil

12 Fevral 2016, 17:38

««Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» qanun layihəsi

vacib sənəddir, cənab Prezidentin həyata keçirdiyi islahatlar paketinə xidmət göstərəcək. Qanun eyni zamanda, yerli istehsalı təşviq eədəcək və rəqabətqabiliyyətli məhsulların ölkəmizə daxil olunmasını təmin edəcək qanundur».

Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında  «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» qanun layihəsinin müzakirəsi zamanı deyib. Hikmət Babaoğlu bildirib ki, bu, yeni qanun layihəsi olduğuna görə həssas yanaşmaq lazımdır. Çünki elə məsələlər var ki, ifadələri, fikirləri dəqiq qəbul etməsək qanun yerli istehsalçıların hüququnu qoruyan deyil, yerli inhisarçıların maraqlarını qoruyan qanuna çevriləcək.  

Onun sözlərinə görə, manatın devalvasiyasından sonra xaricdən idxal olunan məhsullarla yerli istehsal məhsulların davranışlarını müqayisə etsək görəcəyik ki, bəzi hallarda bazarda yerli məhsul bir neçə dəfə artdı, amma idxal məhsulları bir neçə faizlə kifayətlənə bildi.

«Hesab edirəm ki, dempinqli idxal məsələsində diqqətli olmalıyıq. Layihədə «malın normal dəyəri» ifadəsində «normal» sözü çıxarılmalıdır.

Çünki malın dəyəri var və bu, çox konkret ifadədəir. Hüquqda “normal”, “qeyri-normal”, “hardasa” sözləri doğru deyil» deyən millət vəkili təklif edib ki, yerli ixracatçıların vergilərdən azad olunması məsələsi də sənəddə əksini tapmalıdır:   «Belə fikir səslənə bilər ki, əgər məhsul ixrac edən yerli istehsalçı vergi verməsə dövlət büdcəsi çox şey itirə bilər.  Fikrimcə, belə olmayacaq.

Əgər yerli istehsalçı ixracata təşviq olunarsa, bu, yeni iş yerləri deməkdir, ikincisi ölkəmizə valyutanın cəlb olunması və iqtisadi dövriyyənin qarşılıqlı şəkildə tamamlanması deməkdir». Hikmət Babaoğlu dempiqli idxal mallarının qiymətlərinin müəyyənləşdirilməsinə tətbiq olunan kriteriyalar haqqında da fikirlərini bildirib:  

«Qanunun 7-ci maddəsinin 2-ci bəndində yazılır ki, «vergitutma, satış şərtləri, kəmiyyət göstəriciləri və sairə».. Axırda da qeyd olunur ki, «qiymətlərin müqayisəsinə təsir edən digər əsaslandırılmış sübutlar..».

Hesab edirəm ki, «sair», «ilaxır» və  bu kimi digər sözlər müstəqil leksik vahid deyillər və semantik məzmun kəsb etmirlər. Əgər belə olacaqsa, burda vergi xidmətində qiymətlə bağlı manipulyasiya etmək üçün imkanlar yaranacaq. Ona görə də, «digər əsaslandırılmış sübutlar» ifadəsi sənəddən çıxarılmalıdır ki, konkret məzmun kəsb etsin. Çünki hüquq məntiqi konkret olmalıdır».

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et