
Təhlil və araşdırmalar nəticəsində müəyyən edilib ki, bir sıra mərkəzi dövlət qurumlarında və onların yerli struktur bölmələrində, yaxud tabeli təşkilatlarında müraciətlərin təqdim edilməsi, sənədlərin alınması və qəbulu zamanı süründürməçilik halları və pozuntular davam etməkdədir.
Modern.az saytı xəbər verir ki, bu haqda Ombudsmanın illik hesabatında qeyd edilib. Şikayətlərin araşdırılması prosesində müvafiq dövlət qurumuna göndərilmiş sorğuya verilmiş cavabda məsələyə baxılacağı və nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilsə də, gözlənilən əlavə cavabın göndərilməməsi vətəndaşların təkrar şikayətlərinə, hüquqlarının pozulmasının davam etməsinə səbəb olur.
Müvafiq çoxsaylı dövlət qurumlarına, icra strukturlarına və yuxarı instansiyalara müraciətləri cavabsız qalan və ya qaneedici cavab almayan vətəndaşlar Müvəkkilə müraciət edib, hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş ediblər.
Şikayətlərdə vəzifəli şəxslərin qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verməsi ilə bağlı məlumatlarla yanaşı, qanunçuluğu, hüquq qaydalarını, vətəndaşların hüquq və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanlarının və təşkilatlarının fəaliyyətlərində də narazılıq halları öz əksini tapıb.
Müvəkkil şikayətlərdə məmurlar tərəfindən korrupsiyaya yol verilməsi ilə bağlı öz əksini tapmış məlumatların yoxlanılması və təsdiq edildiyi təqdirdə, günahkar şəxslərin qanunvericiliyin tələblərinə müvafiq cəzalandırılması məqsədilə prokurorluq orqanlarına, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri ilə bağlı olduqda bilavasitə həmin qurumlara müraciətlər edib, bu məsələləri diqqətdə saxlayıb və müvafiq tədbirlər görülüb.
Cəzasızlıq məmur özbaşınalığına, bununla yanaşı, yeni pozuntulara və vətəndaşların narazılığına səbəb olub.
Gülşən RAUFQIZI