Modern.az

”Xocalıda ağlasığmaz vəhşiliklər törədilib” - Alman professor

”Xocalıda  ağlasığmaz vəhşiliklər törədilib” - Alman professor

Təhsil

27 Fevral 2016, 21:51

 

Berlinin Humboldt Universitetində  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair elmi müzakirələr keçirilib. Modern.az saytı xəbər verir ki, tədbir 1992-ci ildə baş verən Xocalı faciəsi  qurbanlarının əziz xatirəsinə həsr olunub.

İctimai – Siyasi xadimlər, millət vəkilləri, diplomatlar, mətbuat nümayəndələri,  Azərbaycan diasporasının fəalları, müəllim və tələbə heyəti də daxil olmaqla 200 nəfərlik auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin direktoru Şahin Namati-Nasab deyib: “ TEAS Heydər Əliyev Fonduun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbiri təşkil etdiyi üçün qürur hissi duyur. 8 may 2008-ci il tarixində başlayan “Xocalıya Ədalət !” kampaniyasının tez bir zamanda geniş vüsət alması  regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstək tədbiridir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub. Xocalı faciəsinin 24 illiyi ilə bağlı TEAS “Xocalıya Ədalət !” kampaniyası çərçivəsində, Strasburq, Stokholm, Vilnyus, Afina, London, Brüssel, Paris, İstanbul, və Florensiya, şəhərlərində tədbirlər təşkil etmişdir”.

Namati-Nasab sözünü davam edərək bildirib ki, tədbirdə əsas məruzəçi kimi çıxış edə professor Yohannes Rau post-Sovet ölkələri üzrə tanınmış ekspertdir: “Moskvada mühüm elmi vəzifələrdə çalışan professor Rau bu gün bizi öz dərin mülahizələri ilə maarifləndirəcəkdir. Bu gün biz Xocalı faciəsinin 24-cü ildönümünü anırıq. Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarının Ermənistanın silahlı birləşmələri tərəfindən davam edən işğalına göz yumur və bir miyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətinə biganə yanaşır.”

Azərbaycan səfiri Pərviz Şahbazov Xocalı qətliamı, Dağlıq Qarabağ və yeddi ətraf rayonun davam edən işğalı  barəsində  söz açaraq qeyd edib ki, Azərbaycan bu münaqişənin həllində konstruktiv mövqe sərgiləyir.  Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli və işğal olunmuş Azərbaycan ərazilərini tərk etməlidır.

Parlament üzvü  Florian Hahn Azərbaycanın Almaniya üçün strateji tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək qeyd edib ki, Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməli, xüsusilə, ATƏT-in Minsk qrupu çərçıvəsində aparılan danışıqlar prosesində öz fəallığını artırmalıdır.

Professor Yohannes Rau soyqırımı dəhşətini təsirli sözlərlə ifadə edib. Rau vurğulayıb ki, Xocalıda  ağlasığmaz vəhşiliklər törədilib. Bunun nəticəsibdə çoxlu sayda ölən və yaralanan olmuş, insan hüquqlarının pozulması faktı baş verib. Xocalıdakı kütləvi insan qırğını faktları xarici hüquq müdafiəçilərinin hesabatlarında da öz əksini tapib. Professorun sözlərinə görə, Dağlıq Qarabağda törədilən hərbi cinayətlərin araşdırılması və onları törədənləri məsuliyyətə cəlb etməyin artıq vaxtı çatıb.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et