İmişli rayonu Hacıalmuradlı kənd sakini Kamran Həşimov “Azad Azərbaycan” Televiziyasında (ATV) yayımlanan bir verilişdə aldadıldığını əsas gətirərək, tanınmış teleaparıcı Zaur Baxşəliyevlə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib.
“Aldadılmaya görə Zaurun məhkəməyə verilməsi barədə KİV-lərdə yazılan xəbərin nə ATV-yə, nə də Zaur Baxşəliyevə aidiyyatı var”.
Bu sözləri Modern.az-a açıqlamasında ATV-nin sözçüsü Vaqif Aydınoğlu deyib. O qeyd edib ki, bu mobil şirkətinin özünün qeyd etdiyi müsabiqələrdən biri olub ki, Zaur da qonarar qarşılığında həmin müsabiqənin aparıcısı olub.
“Bunun ATV və ya Zaura nə aidiyyatı var, başa düşmürəm. Mobil şirkət kiməsə ev verir və ya yox, bunun ATV və ya Zaura nə dəxli var. Zaur hansısa qonarar əsasında həmin müsabiqənin aprıcısı olub. Orada aparıcı başqası da olardı. Jurnalsitlər isə araşdırmadan ATV və Zaurun adını hallandırmağa başalyıblar. Bunu bir araşdırmaq lazımdır. Biz də jurnalistik, hardansa başqa yerdən gəlməmişik. Məsələni birtərəfli vermək düzgün deyil”.
Qeyd edək ki, İmişli rayon, Hacıalmuradlı kənd sakini Kamran Həşimov aparıcı Zaur Baxşəliyevə qarşı mənəvi təzminat iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məlumata görə, K.Həşimovun onu məhkəməyə verməsinə səbəb özünün Z.Baxşəliyevin aparıcısı olduğu verilişlərdən birində aldadılmasıdır. Z.Baxşəliyev açarı ona təqdim etsə də, sonradan mənzilin verilməsindən imtina edilib. Belə olduğu halda K.Həşimov məhkəməyə üz tutub.
Aytən ZƏHRA