Modern.az

Komitə sədrindən TƏKLİF: “Tikintidə xarici investorlar iştirak etməlidir”

Komitə sədrindən TƏKLİF: “Tikintidə xarici investorlar iştirak etməlidir”

Təhsil

4 Mart 2016, 14:23

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

Modern.az xəbər verir ki, iclasda "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.  

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, qanun layihəsinin qəbulu böyük əhəmiyyət kəsb edir:  

“Təhlükəsizlik, hərbi və strateji məsələlərdən başqa, digər sadalanan məsələlər də layihədəki siyahıya daxil olunmalıdır. Siyahıya nəzər salanda məlum olur ki, sahələrin bir hissəsi daxil olunub, digəri hissəsi isə daxil olunmayıb. Əgər investisiya cəlb etmək istəyiriksə, orada bütün sahələri qeyd etməliyik. Kim istəyir zavod, fabrik tikə, park sala bilsin və digər məsələlərlə məşğul olsun. Bununla bağlı cənab Prezidentin tapşırığına əsasən, Nazirlər Kabinetinin 26 fevral 2016-ci ildə 86 saylı qərarı var.  

Bakı şəhərinin 9 rayonunda qəzalı vəziyyətdə olan, yaşayış və qeyri-yaşayış, o cümlədən boş torpaq sahələrində yeni evlərin, mənzillərin tikilməsi ilə əlaqədar qərar qəbul edilib. Bu qərarın dərhal həyata keçirilməsi üçün yerli icra strukturlarına tapşırıqlar verilib”.  

Deputatın sözlərinə görə, qanun elə qəbul olunmalıdır ki, Bakı şəhərinin həmin 9 rayonunda tikinti proseslərində hər hansı xarici investorunda iştirakı da mümkün olsun:

“Onlar istər otel, istər yaşayış evləri, istərsə də qeyri-yaşayış obyektləri tikə bilməlidirlər. Bu, eyni zamanda yeni iş yerlərinin açılmasına da kömək edər. Hesab edirəm ki, bu qanunun hər 3 oxunuşunu sürətləndirməliyik. Mart ayının 15-də hökumətin hesabatına qulaq asacağıq.

Ondan sonra bayramlarla əlaqədar Milli Məclisin iclasları dayanacaq. İnvestisiyanın cəlb olunması, yeni iş yerlərinin açılması, Bakıda və digər rayonlarda tikinti, quruculuq və abadlıq işləriin aparılması, həmçinin istehsal müəssisələrinin inşası ilə əlaqədar qanunun qəbulunun sürətləndirilməsinin tərəfdarıyam”.  

Aytən Zəhra

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et