İyul ayı üzrə toksiki zəhərlənmələrin statistikası açıqlanıb. Bu haqda Modern.az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
O qeyd edib ki, iyul ayında baş verən sancmalarla zəhərlənmədə bir ölüm qeydə alınıb:
“İyul ayında 7 nəfərdə əqrəb, 4 nəfər qaraqurd sancması (hörümçək növü) qeydə alınıb. 10 nəfərdə isə allergik reaksiya baş verib.
Şamaxıdan gətirilən 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlova bizə daxil olanda ağır vəziyyətdə idi. Həkimlərin müdaxiləsinə baxmayaraq onu sağaltmaq mümkün olmadı. Xəstəxanaya səhər saatlarında daxil oldu, axşam isə onu itirdik. Ümumiyyətlə, 7 ildə birinci dəfədir ki, həşərat sancmasından ölüm hadisəsi qeydə alınır”.
Toksikoloq bildirib ki, xəstələrdən yalnız biri azyaşlı olub:
“Onu əqrəb sancmışdı. Qalanları isə ortayaşlı insanlar idi”.
Xatırladaq ki, Şamaxının Quşçu kənd sakini olan 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlovanı avqustun 1-də yaşadığı evdə qara qurd sancıb. Yaxınları onu əvvəlcə Şamaxı rayon Xəstəxanasına aparsalar da, vəziyyəti pisləşdiyindən Bakıdakı 1 saylı şəhər klinik xəstəxanasına gətiriblər. 14 yaşlı Ruqiyyə güclü zəhərlənmənin yaratdığı ürək və tənəffüs çatışmazlığından vəfat edib.
Gülşən RAUFQIZI