Modern.az

Azərbaycanlı akademik ali mükafata layiq görülüb

Azərbaycanlı akademik ali mükafata layiq görülüb

Aktual

31 Dekabr 2021, 09:40

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi üzvü Əhəd Canəhmədov RTEA-nın İdarə Heyətinin qərarı ilə elmin, təhsilin, mədəniyyətin inkişafına və təbiət elmlərinin kütləviləşdirilməsinə verdiyi töhfələrə görə “Xidmətlərinə görə” Georgi qızıl nişanı ilə təltif edilib. Alimə diplom və döş nişanı təqdim olunub.

 

Modern.az xəbər verir ki, RTEA-nın nizamnaməsinə əsasın “Xidmətlərinə görə” Georgi qızıl nişanı ilə yüksək elmi nailiyyətlər göstərən, elmi məktəb yaradan, akademik hərəkatın inkişafına, RTEA-nın möhkəmlənməsinə və çiçəklənməsinə, xüsusən təbiət elmləri sahəsində töhfə verən xarici və  Rusiya alimləri təltif olunur. Əhəd Canəhmədov bir sıra xarici ölkə akademiyalarının həqiqi üzvüdür və bir çox ölkələrdə nəşr olunmuş 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 450-dən çox elmi məqalə və patentin müəllifi və həmmüəllifidir. O, istedadlı alim və nümunəvi müəllim kimi geniş auditoriya ilə ünsiyyət qurmaqla nüfuz qazanmış elm adamlarımızdan biridir. Tələbələrin təbirincə desək Əhəd Canəhmədov özünəməxsus mühazirə oxumaqda unikal tərzi olan müəllimdir. Onun dərsləri dinləyicilərin gözü qarşısında həqiqətin doğulduğu əyani laboratoriyadır. Alim tələbələrinə özünü  də narahat edən sualları verir və onlarla birgə anlaşmazlıqdan, şübhədən təsdiqə və əminliyə keçir. Onun tətbiqi mexanika və tribologiya üzrə mühazirələrini qavramaq çətin deyil.

 

 

Alimə ən çox populyarlıq qazandıran onun məkan, zaman və dünyanın dərki haqqında “Mühəndislik fəlsəfəsi” elmi-fəlsəfi traktatı olub. “Kainatın dərki” tanınmış alim və elm təbliğatçısı Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” seriyasından olan növbəti kitabıdır. Müəllif yaşadığımız dünyanın fiziki quruluşu haqqında fikirlərini ortaya qoyaraq, ətraf aləmin anlaşıqlı və əyani şəkildə mühəndislik fəlsəfəsi nöqteyi-nəzərindən dərki sahəsində son tədqiqatların nəticələrini oxucuya təqdim edir. Bu kitab təbiət elmləri sahəsindəki biliklərin gündəlik həyatımızda necə tətbiq olunmasından bəhs edir və ecazkar planetimizdəki həyatın mənşəyi və inkişaf tarixi, həmçinin mineralların əmələgəlmə tarixini bir-birinə bağlayır. Bu sanballı traktın müəllifi mineralların təkamülü nəzəriyyəsinə və digər son tədqiqatlara əsaslanaraq Yer üzündəki həyatda baş verə biləcək dəyişiklikləri proqnozlaşdıraraq gələcəyə baxmağa çalışır. Məhz bu və digər çoxsaylı nailiyyətlərinə görə görkəmli alim Əhəd Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyasının “Xidmətlərinə görə” Georgi qızıl nişanı ilə təltif edilib. Öz növbəmizdə azərbaycanlı elm xadimimizi aldığı yüksək mükafta görə təbrik edir, uğurlar arzu edirik.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı