Modern.az

Seçki tarixinə düşən tarixçi

Seçki tarixinə düşən tarixçi

Güncel

24 Avqust 2013, 14:15


2013-cü ilin siyasi baxımdan gərgin il olacağını xarakterizə etmək çətin deyil. O səbəbdən ki, ölkədə prezident seçkilərinə hazırlıq hadisələrin axarını bir qədər də aktiv edir. Aylardır gündəmdə qərar tutan Milli Şuradır. Fiaskoya uğramaq təhlükəsi ilə üz-üzə qalan Milli Şura nəhayət ki, vahid namizəd məsələsində ortaq mövqe nümayiş etdirdi. Dünən keçirilən iclasda  Cəmil Həsənli Milli Şuranın vahid namizədi seçildi.

Puç olan ümidlər…

Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxa bilməməyi proseslərin gedişatına uğurlu töhfələr verə bilmədi. İlin əvvəlində daha iddialı görünən tərəflər vaxt daraldıqca Rüstəm İbrahimbəyova olan ümidlərini itirməyə başladılar. Hərçənd Milli Şura ideyasını ortaya atan Rüstəm İbrahimbəyovun özü idi. İdeya müəllifinin Azərbaycana səfər edəcəyi tarixlərin əslində dezinformasiya olması müxalif partiyaların özündə də çaşqınlıq yaradırdı. Son vaxtlar mətbuata qapalı keçirilən görüşlərin arxasında daha ciddi problemlərin olması qaçılmaz faktları ortaya qoydu.

İbrahimbəyovun Putindən gözləntiləri nə idi?

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana qəfil edilən səfəri müxalifət cəbhəsində qaynar siyasi prosesləri dondurdu. Putinin Bakı səfərinin Milli Şura xeyrinə reallaşmamağı, İbrahimbəyovun düşüncəsində abstrakt təxəyyülün  məhsulu idi. Görünür, Rüstəm İbrahimbəyovun siyasətçi olmamağı, siyasətdə cərəyan edən hadisələrdən dolayı xəbərsizlik sindromuna yoluxması özünü göstərdi. Əks halda, Putinin reallaşan rəsmi Bakı səfərinə bu qədər təəccüblənməzdi. Çünki siyasi cəbhədə qütbləşən tərəflərin, hadisələrin içində bərqərar olması  mövcud əngəlliklərin yaranmasına bir növ hazırlıq nümayiş etdirməsidir. Rüstəm İbrahimbəyov isə siyasi əngəlliklərin qarşısında acizlik göstərməklə kifayətləndi.

Cəmil Həsənliyə nə deyəcəklər?!

Seçkilərin vaxtı yaxınlaşdıqca, Rüstəm İbrahimbəyovun Bakı səfəri qüvvədən düşürdü. Ehtiyat namizəd məsələsində isə mövqelər toqquşur, maraqlar bir-birini üstələyirdi. İsa Qəmbər, Əli Kərimli, Gültəkin Hacıbəyli, Eldar Namazov və Cəmil Həsənlinin adı vahid namizəd  siyahısında 0-la 100 arası dəyişirdi. Amma yenə də son sözü ideya müəllifi, prezident seçkilərinə namizəd olan Rüstəm İbrahimbəyov deməliydi. İdeya müəllifi müsahibələrində tez-tez  vahid namizədinin olacağını deyirdi. Hanısa səbəblərə görə ad çəkmirdi. Ehtimallar arasında Cəmil Həsənli də vardı. Maraqlıdır ki, Cəmil Həsənlini vahid namizəd kimi görmək bir çoxları üçün  gülməli idi. Bütün olanlara, səslənən ittihamlara baxmayaraq, Milli Şuranın dünənki iclasında Cəmil Həsənli vahid namizəd seçildi. Liberal Partiyanın (LP) sədri Əvəz Temirxan vahid namizəd kimi Cəmil Həsənlini görmürdü. Son qərarı Rüstəm İbrahimbəyov verdiyi üçün Əvəz Temirxan susmaq məcburiyyətində qaldı. Həmişə olduğu kimi hadisələrə yazılı surətdə münasibət bildirən Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev də  Cəmil Həsənlinin vahid namizəd seçilməsinə etirazını bildirdi.

Bu seçimlə hələ çoxları razılaşmayacaq. Yenə də birinin sözü digərinin boğazından keçməyəcək. Maraqlıdır, müxalif düşərgədə bitməyən söz savaşı ildırım sürəti ilə Cəmil Həsənlinin xarizmatik liderliyinə xələl gətiməyəcək ki?!

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı