Modern.az

Şahmar Ələkbərovun nəvəsi məşhur festivalda SƏS-KÜY YARADIB

Şahmar Ələkbərovun nəvəsi məşhur festivalda SƏS-KÜY YARADIB

Mədəniyyət

Bu gün, 18:18

Mərhum Xalq artisti, aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi Eldar İsgəndərov beynəlxalq uğura imza atıb.

Gənc aktyor Eldar İsgəndərov məşhur Kann Festivalında nümayiş olunan və festivalın ən çox müzakirə edilən filmlərindən sayılan “Club Kid” filmində rol alıb.

Eldar İsgəndərov filmdə Niki obrazını canlandırıb. Onun aktyor oyunu xarici medianın diqqətini xüsusi olaraq çəkib və haqqında geniş bəhs olunub. Eldarı “maraqlı və qeyri-adi obraz yaradan aktyor” kimi təqdim ediblər. Onun yaratdığı obraz ekranın ən yadda qalan personajlarından biri kimi qiymətləndirilib. 

Eldar İsgəndərov ABŞ-nin Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunudur.

O, ötən il məşhur rejissor Qrant Singerin “Reenactment” adlı bədii filminin aktyor heyətinə daxil edilib.

Modern.az-ın məlumatına görə, Eldar İsgəndərov Belçikada böyüyüb. Çünki ailəsi 2012-ci ildən orada yaşayır.

Eldarın anası İzulət Ələkbərova mərhum aktyor, Xalq artisti Şahmar Ələkbərovun əkiz qızlarından biridir. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov 2012-ci ildən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri vəzifəsində çalışır. İsgəndərovlar ailəsinin bir oğlu, bir qızı var.

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Onun atası əslən Cəbrayıl rayonundan olan Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanım olub. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. 
Şahmar Ələkbərov indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. O, universitetdə aktyor sənətindən dərs deyib. Bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olub, bir çox maraqlı obrazlar yaradıb. 

Görkəmli aktyor kinoya 1967-ci ildən çəkilib, 30-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. Kinoda ilk rolu “Dağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Bundan sonra gənc aktyor bir-birinin ardınca “Mən ki gözəl deyildim”, “İntizar”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. 

Şahmar Ələkbərov bacarıq və istedadını rejissorluq sahəsində də sınayıb. O, rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib. Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir.

Şahmar Ələkbərov 1992-ci ildə 49 yaşında xərçəng xəstəliyindən vəfat edib. 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı