Modern.az

Xarkovdakı Azərbaycan diasporunun sədri: “Ukraynada böyük oyun gedir” - MÜSAHİBƏ

Xarkovdakı Azərbaycan diasporunun sədri: “Ukraynada böyük oyun gedir” - MÜSAHİBƏ

14 Dekabr 2016, 16:02

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Modern.az saytına müsahibə verib.

-Murad müəllim, öncə sizi daha yaxından tanıyaq. Necə oldu ki, Ukraynanın Xarkov şəhərində  məskunlaşmaq qərarına gəldiniz?

-1963-cü ildə Kürdəmir rayonunda doğulmuşam. 1980-ci ildə Kürdəmirin ən qocaman Köhnəbazar orta məktəbini bitirmişəm. O zamanlar Azərbaycan  SSRİ-də birinci katib Heydər Əliyev idi. Onun apardığı siyasət nəticəsində bir çox uğurlar əldə edilib. Həmin illərdə azərbaycanlılar Azərbaycan instutlarında imtahan verir və 4 imtahanın ilk ikisində minimum 9 bal toplayardısa, keçmiş SSRİ-nin gabagcıl instutlarına təhsil almaga göndərilirdi. İnstitutu bitirdikdən sonra isə mütləq şəkildə Azərbaycana qayıdırdılar. 
Mən də orta məktəbi bitirəndən sonra AZİ-də (indiki Neft və Sənaye Universiteti) imtahan verdim və  Xarkov Radioelektronika İnstitutunun elektron cihazları fakültəsinə daxil oldum. İnstitutu bitirəndən sonra  təyinatım AMEA-nın Tətbiqi Fizika İnstitutuna oldu. İnstitutda yaxşı oxuduğuma görə mənə həmin elmi müəssisənin Aspirantura şöbəsində təhsilimi davam etdirmək təklif olundu. O gündən etibarən mənim həyatım məzun olduğum instituta  bağlandı və 1991-ci ildə texnika elmləri  namizədliyi, 2003-cü ildə isə texnika elmləri doktorluğu disertasiyalarını müdafiə etdim.
Ukraynada bütün uğurlara baxmayaraq, arzum həmişə Azərbaycana, doğma vətənə qayıtmaq olub.

-Amma qayıtmadınız. Bəs ailə həyatınızı necə qurdunuz?


-1992-ci ildə öz rayonumuzdan olan bir xanımla ailə həyatı qurdum. Onu da Xarkova apardım. Orada yaşamağımıza baxmayaraq, həmişə Azərbaycana gəlmək arzusu ilə yaşamışıq. Sanki  Xarkov şəhərini biz  müvəqqəti bir yer kimi görürdük. Lakin illər keçdi, övladlarımız oldu və biz orda qalmalı olduq. Bu gün Ukrayna vətəndaşı olaraq bir azərbaycanlı kimi, bir alim, bir ziyalı kimi, Xarkov vilayəti Azərbaycan-Ukrayna "Dostluq" cəmiyyətinin sədri kimi azərbaycanlıların pozitiv imicini qaldırmaq, Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı və genişlənməsi, Azərbaycan-Ukrayna xalqlarının dostluğunun daha da möhkəmlənməsi  üçün əlimdən gələni edirəm.

-Siz həm də “Dostluq” cəmiyyətinin sədri kimi fəaliyyət göstərirsiniz. Necə oldu ki, bu cəmiyyəti yaratdınız?

-1990-çu ilin 20 yanvar faciəsi bizləri keçmiş Xarkov vilayəti kommunist partiyasının binası qarşısında toplaşmağı və SSRİ hökümətindən sovet qoşunlarının Bakı şəhərindən çıxarılmasını tələb etməyə vadar etdi. Qanlı yanvar faciəsi biz azərbaycanlıları bir toplum şəklində birləşmək məcburiyətində qoydu, baxmayaraq ki, sovetlər dövründə içtimai cəmiyyət yaratmaq qadağan idi. Ukraynada ilk dəfə Xarkov şəhərində 1990-ci ildə  fizika-riyaziyyat elmləri doktoru Eldar Vəliyevin sədrliyi ilə“Xətai” cəmiyyəti quruldu. Mən də həmin cəmiyyətin heyət üzvü seçildim. Müxtəlif səbəblər üzündən 1998-ci ildə o cəmiyyət dağıldı. 1999-cu ildə isə “Dostluq” cəmiyyəti yaradıldı. 2000-ci ildə isə həmin cəmiyyətə sədr seçildim. O zamandan Xarkov vilayəti  Azərbaycan-Ukrayna "Dostluq" cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətimizin heyət üzvlərinin əsasını Ukraynada tanınmış alimlər, heykəltaraşlar və ziyalılar təşkil edir. 

-Ukraynada Azərbaycan diasporunun aktiv fəaliyyət göstərdiyini söyləmək olar. Amma son iki ilə diqqət çəkmək istərdim. Ukraynada yaşayan azərbaycanlılara qarşı sanki bir laqeyd münasibət var. Gah azərbaycanlıları oğurlayırlar, gah da onlara qarşı təzyiqlər edilir.  Bu cür halların kökündə nə dayanır?

- Tam razı deyiləm ki, azərbaycanlılara qarşı vəziyyət olduqca pisdir, yaxud da, vəziyyət dəyişib. Əgər nəzərə alsaq ki, bu qün Ukrayna müharibə şəraitində yaşayır və ölkədə çox böyük islahatlar gedir, o cümlədən,  hüquq mühafizə orqanlarında, təbiidir ki, bu proseslərdə hər şey istənilən kimi deyil. İslahatlar prosesində kadr qıtlığı yarandı, xüsüsən yeni yaradılmış polis struktularında. Bu isə bəzi xoşagəlməz hadisələrin baş verməsinə qətirib çıxarır. Ancaq bunların heç biri Ukrayna-Azərbaycan əlaqələrinə xələl qətirə bilməz. Mən demirəm ki, buna nail olmağa çalışan qüvvələr yoxdur. Yalnız onlar bizim dostluğumuzu poza bilməzlər.

-Bu cür qarmaqarışıq hadisələrin səbəbini Ukraynanın daxili işlər naziri Arsen Avakovla bağlayırlar. Erməni əsilli olduğu əsas gətirilərək deyilir ki, o,  hakimiyyətə gələndən sonra vəziyyət öz məcrasından çıxıb. Ukraynada yaşayan azərbaycanlılar arasında ayrı-seçkilik salır. Siz bunu necə izah edərsiniz?

- Ukraynanın bugünkü daxili işlər naziri olan Arsen Avakov Bakıda doğulub. Xarkovda vaxtilə qubernator vəzifəsində çalışıb. Məsələ  burasındadır ki, meydan proseslərindən sonra və  bayaq söylədiyim kimi, keçirilən islahatlar nəticəsində bəzi qeyri-peşəkar insanlar hakimiyyətə gəldilər. Nəticə olaraq belə hallar ölkə daxilində sabitliyin pozulmasına və bəzi hərc-mərçliyə gətirib çıxarır. Təbii ki, bu cür hallar biz azərbaycanlıları narahat edir. Daxili işlər nazirinin azərbaycanlılara olan münasibətinə gəldikdə isə, demək istəmirəm ki, Arsen Avakov xüsusi olaraq azərbaycanlılar arasında ayrı-seçkilik salır. Bəlkə də ola bilər. Amma mən belə fikirləşmirəm.

-Bir diaspor rəhbəri olaraq erməni nazirdən hansısa formada ayrı-seçkilik hiss edirsinimi?

- Bizim səviyyəmizdə hiss etmirəm.


-Son vaxtlar Ukraynada təhsil alan azərbaycanlı tələbələr barəsində də xoşagəlməyən situasiyalar
yaşanır. Xüsusilə, avaraçılıqla məşğul olmaları və dərsdən yayınmaları qabardılır. Həmçinin, illərdir ki,  Ukrayna diplomlarının Azərbaycanda tanınmaması məsələsi də var.

-1974-cü ildən 1989-cü ilə qədər Ukraynada təhsil alanlar mənim kimi tələbələr olub və onlar Azərbaycanda müxtəlif sahələrdə böyük uğurla çalışırlar.
Bu gün isə Ukraynaya təhsil almağa gələn tələbələr imtahan vermədən, müsabiqə yolu ilə müxtəlif ali məktəblərə pul ödəmə şərti ilə qəbul olurlar. Gələn tələbələrin bir hissəsi orta məktəb bazası zəif olan və rus dilini lazımı səviyyədə bilməyən azərbaycanlılardır. Əslində belə tələbələrin təhsilə 1-ci kursdan deyil, hazırlıq fakültəsindən başlaması daha məqsədəuyğundur. Belə olmadığı halda, bu cür tələbələr oxumaq çətinliyi ,oxuduğu ukraynalı tələbələrlə ayaqlaşmamaq prosesləri ilə üzləşirlər. Bu çür hallar tələbələrdə universitetə getmək marağını azaldır və təbii ki, bu da həmin tələbələrin avaraçıqla məşğul olmalarına, dərsdən yayınmalarına şərait yaradır.

Ukrayna universitetlərinin əsas qazanc yeri xarici tələbələr olduğundan, universitet rəhbərlikləri tərəfindən xarici tələbələrə loyal münasibət var. Nəticədə həmin tələbələr lazımı səviyyədə təhsil almamaqlarına baxmayaraq  bir yol tapıb universiteti bitirib, diplom alıb vətənə qayıdırlar. Azərbaycanın Təhsil Nazirliyinin Ukraynada təhsil almış tələbələrin diplomunun tanımamasına gələndə isə mən bəzi vacib nöqtələrə toxunmaq istərdim. 1992-ci ildən etibarən Ukrayna və  Azərbaycan Nazirlər kabinetləri, Təhsil  nazirlikləri səviyyəsində bir neçə müqavilə bağlanıb, çox vacib sənədlərə imzalar atılıb. İmzalanmış sənədlərə əsasən  iki ölkənin verdiyi orta məktəb attestatları, kollec, bakalavr və magistr diplomları, elmi dərəcə və elmi rütbələr qarşılıqlı tanınır. Məncə bu gün diplomların tanınması halları qarşılıqlı imzalanmış müqavilələrə ziddir. Bir də nəzərə alsaq ki, bu gün Azərbaycanın dövlət müəssələrində işə girməkdən ötrü, hansı universiteti  və harda bitirdiyindən asılı olmayaraq testlərdən keçmək vacibliyi var.

-Ukrayna cəmiyyətinin Azərbaycana, azərbaycanlılara qarşı münasibətləri necədir?

-Həqiqətən Ukraynada Azərbaycana və azərbaycanlılara olan münasibət çox yaxşıdı. Bunu da ilk növbədə Azərbaycan dövlətinin siyasi və diplomatik səviyyədə Ukraynanın ərazi bütövlüyünü müdafiyə etməsinin nəticəsi kimi qiymətləndirmək olar. Bundan əlavə, burada fəal ictimai-siyasi işlərdə iştirak edən həmvətənlərimizin həm Azərbaycanın, həm də  Ukaynanın vətənpərvərləri kimi fəaliyyət göstərmələri də böyük əhəmiyyət daşıyır. Ukrayna-Azərbaycan arasında çox böyük dostluq var. Bu tarixi dostluqdur. Azərbaycanlıların ukraynalılara xüsusi hörməti olduğu kimi onların da bizim xalqa böyük sevgisi var. Əgər yazıçı  Murad Acının   kitablarının birində ukraynalıların da kökünün qədim  türklərdir deməsini əsas tutsaq, o zaman  ukraynalılarla azərbaycanlıların tarixən dost olmaqları bir daha isbatlanır.

-Gürcüstanın keçmiş prezidenti olan Mixail Sakaşvili Ukraynada fərqli ab-hava yaratmağa çalışır. Belə deyək də, Ukrayna qapılarını Saakaşvilinin üzünə açsa da, görünür, bu səmimiyyətdən istifadə edir. Xalqı meydanlara çağırmaqla,  hakimiyətə qarşı çıxmağa səsləyir. Sizcə, belə bir addım atmaqda Sakaşvilinin məqsədi nədir?


-Mən belə zənn edirəm ki, Saakaşvili prezident Poroşenkoya qarşı mübarizə aparmır. Bu bir seçki texnologiyası ola bilir. Gördünüzmü  ki, Saakaşvili yeni partiya yaratdığı haqda elan verən kimi keçmiş baş nazir Timoşenkonun fraksiyasından olan Savçenko demək olar ki, eyni adlı partiya yaratdığını söylədi. Bir şeyə əminəm ki, Ukraynada böyük bir oyun gedir və bu oyunda müxtəlif ölkələr müxtəlif qüvvələri dəstəkləyirlər. Bunların hansısı ölkənin və xalqın qələcəyi üçün daha sərfəli olduğunu qələcək qöstərər.

-Bir məqama da toxunacam. Ukrayna Ali Radasında deputat olaraq təmsil olunan azərbaycanlı yoxdur. Həm Rusiyada, həm də Ukraynada azərbaycanlıların sayı kifayət qədərdir. O zaman niyə azərbaycanlılar deputat ola bilmir?

 -Qeyri-rəsmi informasiya mənbələrinə əsaslansaq, Ukraynada 500 min ətrafında azərbaycanlı yaşayır. Bunların böyük bir hissəsi Azərbaycanda anadan olub və bəlli bir yaş dövründən sonra Ukraynaya gəlib.  Biz vətənə, doğulduğumuz torpağa, adət-ənənəyə, milli köklərimizə çox bağlı olan millət olmağımızı nəzərə alsaq, yaşadığımız ölkələrdə inteqrasiya olmaq prosesləri ləng gedir. Bu isə yaşadığımız ölkələrin içtimai-siyasi həyatında fəal iştirakına mane olur. Artıq Ukraynada anadan olmuş gənc nəsil yetişir ki, onların Ukrayna cəmiyyətinə inteqrasiya olması daha rahatdır. Bizim diaspor olaraq üzərimizə düşən məsuliyyət bu gənclərin Ukrayna içtimai-siyasi həyatında daha fəal olmaqlarına, dövlət strukturlarında, seçkili orqanlarda çalışmaları üçün şərait yaratmaq və onlara bu istiqamətlərin həyata keçməsi üçün hərtərəfli dəstək verməkdir. Belə olduğu halda azərbaycanlıların Ukraynanın Ali Radasında deputat kimi təmsil olunması da asanlıqla öz həllini tapar.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər